LERİK, 30 iyun. TELEQRAF
Lerik rayonunun Ərdəbilə kəndi tamamilə boşalma təhlükəsi ilə üz-üzədir.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, bir zamanlar 40-dək ailənin yaşadığı kənddə hazırda cəmi 3 evdə yaşayış var.
Yerli sakinlərin verdiyi məlumata görə, bu evlərdən biri də yaxın günlərdə köç etməyə hazırlaşır. Beləliklə, iki evin ümidinə qalan kəndin yaxın illərdə tamamilə tərk olunacağı aydın hiss olunur.
Sakinlər kəndin boşalmasının əsas səbəbi kimi yol infrastrukturunun olmamasını və işsizliyi göstərirlər.
Onların sözlərinə görə, nəqliyyat əlçatanlığı və məşğulluq imkanlarının yoxluğu kəndin demək olar ki, bütün əhalisinin buranı tərk etməsinə səbəb olub.
Qeyd edək ki, Ərdəbilə kəndi dəniz səviyyəsindən 863 metr yüksəklikdə yerləşir.