"Tramp qanun layihəsini imzalayacaq, yoxsa Rusiya ilə "barış planı" adı altında yeni güzəştlərə gedəcək?.."
ABŞ prezidenti Donald Tramp üzərində artan təzyiqlərə baxmayaraq, Rusiyaya qarşı sərt mövqe sərgiləməkdə hələ də tərəddüd edir. NATO sammitində və Senatda gedən müzakirələr isə onu bu tərəddüdündən çıxarmağa çalışır.
Moderator.az xəbər verir ki, bu barədə "dw.com nəşri yazıb.
NATO sammitində Trampa təzyiq: "Artıq hərəkət vaxtıdır"
Çexiya prezidenti Petr Pavelin sözlərinə görə, NATO-nun qapalı şam yeməyi zamanı Avropa liderləri ABŞ prezidenti Donald Trampı Rusiyaya qarşı daha sərt mövqe tutmağa çağırıb. Söhbətdə Hollandiya kralı Villem-Aleksandr və NATO baş katibi Mark Rütte də iştirak edib.

Prezident Pavel deyib: "Biz onu inandırmağa çalışdıq ki, Rusiyaya qarşı iqtisadi təzyiqləri əhəmiyyətli dərəcədə gücləndirməyin zamanı çatıb. Məqsədimiz Rusiyanı iqtisadi çökdürmək deyil, onu danışıqlardan başqa yolun olmadığını anlamağa məcbur etməkdir".
Tramp isə cavabında Çinlə ticarət savaşında əldə etdiyi "uğuru" xatırladaraq bildirib ki, yüksək tariflər Pekini güzəştə getməyə məcbur edib. Çex lider isə bu misalın məhz indi Rusiyaya qarşı tətbiq edilməli olduğunu vurğulayıb: "Çin bir aya təslim oldu, Rusiya isə bir-iki həftəyə sarsıla bilər".
Tramp eyni zamanda Avropanın müdafiə xərclərini artırmamasına təəccübləndiyini bildirib və "Niyə Avropa gələn ildən etibarən ÜDM-in 5 faizini müdafiəyə sərf edə bilmir?" sualını ünvanlayıb. Avropalılar isə cavabında sənaye potensiallarının bu qədər silah istehsalına yetmədiyini bildirib.
500 faizlik tariflər: Senatdakı qanun layihəsi və Trampın mövqeyi
ABŞ Senatında Rusiyaya və onunla ticarət edən ölkələrə qarşı yeni sanksiya paketi hazırlanıb. Qanun layihəsinin əsas təşəbbüskarlarından biri olan senator Lindsi Qrem bildirib ki, Tramp bu qanun layihəsini dəstəkləyir və imzalamağa hazırdır.
Yeni qanun layihəsinə əsasən, Rusiya ilə ticarət edən, lakin Ukraynaya yardım etməyən ölkələrin mallarına ABŞ-da 500 faiz tarif tətbiq ediləcək. Bu, xüsusilə Hindistan və Çinə yönəlib, çünki bu ölkələr Rusiya neftinin 70 faizini alır və Kremlə pul axınını təmin edir. Qremin sözlərinə görə, 84 senator bu qanun layihəsini dəstəkləyir.
Senator deyib: "Biz Putini danışıqlar masasına oturtmağa çalışırıq. Bu qanun layihəsi Trampa hazırda malik olmadığı bir alət verəcək". İyunun 30-da Qrem bəyan edib ki, Tramp onunla golf oynayarkən ilk dəfə açıq şəkildə "qanun layihəsini irəli aparmaq vaxtıdır" deyib. Beləliklə, sənədin iyulun 7-də Konqresin işinə qayıdışı ilə gündəmə gəlməsi gözlənilir.
Gecikən sanksiyalar və ikili oyun
Qeyd edək ki, hələ may ayında Tramp Rusiya ilə bağlı yeni sanksiyaların tətbiqindən imtina edib. Hətta Vladimir Putinlə söhbətindən sonra barış prosesini təhlükəyə atmamaq üçün məhdudiyyətləri dayandırıb.
Bu, ABŞ daxilində də narahatlıq doğurub. Senatın daha əvvəl təqdim etdiyi sanksiya paketlərinə o cümlədən Rusiya bankları, enerji sektoru və üçüncü ölkələrə qarşı ikincili sanksiyalar da daxil olub. Lakin Yaxın Şərqdəki gərginlik səbəbindən Senat iyunun 19-da bu layihənin baxılmasını təxirə salıb.
Gözləmə rejimi davam edir
Trampın qətiyyətli addım atmaması nə Avropa liderlərini, nə də öz ölkəsindəki qanunvericiləri razı salır. NATO sammitində sərgilədiyi tərəddüd, Rusiya ilə sanksiya məsələsindəki yumşaqlığı və Çinə tətbiq etdiyi modellə paralel addım atmaması onun siyasətindəki qeyri-müəyyənliyi bir daha ortaya qoyur.
İndi gözlər 7 iyula - ABŞ Konqresinin işinə qayıtdığı günə dikilib. Tramp doğrudan da qanun layihəsini imzalayacaqmı? Yoxsa Rusiya ilə "barış planı" adı altında yeni güzəştlərə gedəcək? Qərar verilməlidir. Çünki vaxt heç vaxt olmadığı qədər qiymətlidir.