EN

Rusiya nə tələb edib, Azərbaycan nədən imtina edib?

Yekaterinburq olayı – Rusiya vətəndaşı olan azərbaycanlıların evinə sübh tezdən basqın, qapıların qırılması, iki nəfərin döyülərək öldürülməsi, 3 nəfərin zədələrdən xəstəxanaya yerləşdirilməsi, onlarla şəxsin fiziki işgəncələr altında məhkəməyə çıxarılması olayının “əsaslandırılması” vacib məqamdır.

Nə baş verib?

Rusiya İstintaq Komitəsi rəsmən elan etdi ki, 2001-ci ildə baş verən qətl hadisəsinə görə bu hücum həyata keçirilib – məhkəmədə “2010 və 2011-ci il olaylarından” da bəhs edildi, ancaq həmin illərdə nələr olduğu açıqlanmadı. Bilinən yalnız 2001-ci ildəki qətl, bu qətlin istintaqının “arxivdən” qaldırılması və yenidən istintaqa cəlb edilməsidir.

2001-ci il cinayətinə görə sözügedən şəxslər şübhəlidirlərsə, onlara çağırış göndərilibmi? Məsələyə niyə OMON qarışıb? Evlərə hücum sanksiyalaşdırılıbmı?

Heç bir açıqlama yoxdur, çünki sanksiya olmayıb, evlərə hücum üçün məhkəmə qərarı yoxdur, çağırış da verilməyib, dəvət də.

Rusiyanın əlində azərbaycanlılara qarşı əməliyyat və zorakılıq üçün “daha inandırıcı” fakt yox idimi? “Daha inandırıcı bəhanə”ni tapmaq o qədər də çətin olmamalıdır. Bəs, bu kütləvi və açıq zorakılıq niyə olmalıdır?

Çünki Rusiya məhz 2001 cinayətini bəhanə kimi seçdiyinin bilinməsini istəyir; çünki Rusiya qəsdən heç bir əsası olmayan “faktdan” istifadə edir ki, bunun arxasında “cinayət təqibi” dayanmadığı hər kəsə aydın olsun; sanki əsl səbəbin başqa olduğunu bildirmək istəyir.

Bəs, əsl səbəb nədir?

Ehtimallar: Rusiya Azərbaycandan AZAL təyyarəsi ilə bağlı tələblərindən əl çəkməsini istəyə bilər; yaxud Xankəndidə bir müddət əvvəl elan etdikləri “konsulluq xidməti”ni (daha doğrusu, casus fəaliyyətini) reallaşdırmaq üçün şərait istəyə bilər; İşğal etdiyi əraziləri – heç olmasa Krımı – Rusiya ərazisi kimi tanımağı tələb edə bilər və s. və i.a.

Azərbaycanın beynəlxalq hüquqa və yaxud öz milli maraqlarına zidd olaraq, bu istəklərdən imtina etməsi mümkündür - əlaməti Azərbaycanın 9 May paradında yüksək səviyyədə təmsilçilikdən imtina etməsi.

Ola bilsin ki, Rusiya təsir vasitəsi olaraq bu akta əl atıb. Bəs, niyə Rusiya vətəndaşları? Axı, öldürülənlər və saxlanılanlar onillərdir Rusiyada yaşayanlar və Rusiya vətəndaşlarıdır? Rusiya Azərbaycana təzyiq üçün əslən azərbaycanlı olan vətəndaşlarından istifadə edir?

“Daha uyğun” bəhanə miqrantlara qarşı olmazdımı?

Bəs, miqrantlar niyə hədəfə çevrilsin?

Chosen
6
50
publika.az

10Sources