Bakı, 1 iyul, AZƏRTAC
Yekaterinburqda azərbaycanlı ailələrə qarşı zorakılıqla və qətliamla müşayiət olunan hücum Rusiya dövlətinin yuxarı eşalonu tərəfindən hazırlanmış sistemli kampaniyanın növbəti mərhələsidir. Buna qədər artıq Rusiya tərəfindən iki dövlət arasında müttəfiqlik münasibətlərinə xələl gətirən ardıcılı addımlar atılmışdı. Azərbaycan təyyarəsinin vurulmasından sonra Rusiyanın lazımi addımları atmaması münasibətləri məqsədli şəkildə gərginləşdirmək məqsədi daşıyırdı.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal söyləyib.
O bildirib ki, 3 il əvvəl prezident Vladimir Putinin də imza atdığı “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”də xüsusi bənd var ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər.
“Rusiyanın son dövrlərdə Azərbaycana yönəlik siyasəti həm ikitərəfli münasibətlərə, həm də müttəfiqlik anlaşmasına ziddir. Eyni zamanda, dinc, mülki insanlara qarşı zorakılıqlar beynəlxalq öhdəliklərin ayaq altına atılımasıdır. Bu gün Azərbaycan cəmiyyəti, eyni zamanda, qeyri-hökumət təşkilatları, Rusiyanın Yekaterinburqda azərbaycanlılara qarşı etnik zəmində həyata keçirdiyi vandalizm aktına qarşı öz hiddətini müxtəlif formalarda ifadə edir. Hesab edirəm ki, Rusiya tərəfindən bu qətliamın və zorakılıqların əmrini verənlər, onu icra edənlər cəzalandırılmayana, bu istiqamətdə lazımi addımlar atılmayana qədər bu təpkilər davam etdirilməlidir. Azərbaycan dövləti, hüquq-müdafiə təşkilatları baş vermiş bu zorakılıq aktını beynəlxalq hüquq müstəvisinə daşımalıdır. Rusiyada yaşayan soydaşlarımızın təkrar oxşar hallarla qarşılaşmaması üçün təsirli tədbirlərin davam etdirilməsi vacibdir”,-deyə QHT sədri vurğulayıb.