Rəqəmsal texnologiyalar bu gün dünyanın bütün sahələrinə nüfuz edərək mühüm nailiyyətlər və geniş imkanlar yaradıb. Azərbaycan da bu qlobal trendlə ayaqlaşaraq müxtəlif sahələrdə, xüsusilə nəqliyyat sektorunda rəqəmsal transformasiya proseslərini genişləndirir. Bu istiqamətdə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) son illərdə mühüm addımlar atıb, idarəetmədə, logistikada və texniki xidmətlərdə köklü dəyişikliklərə start verib.
Strateji əhəmiyyətə malik dəmir yolu infrastrukturunun rəqəmsallaşdırılması təkcə logistik və sərnişindaşıma xidmətlərinin optimallaşdırılması baxımından deyil, həm də ölkənin iqtisadi dayanıqlığını gücləndirmək üçün mühüm vasitəyə çevrilir. ADY-nin həyata keçirdiyi rəqəmsal təşəbbüslər xidmət keyfiyyətinin yüksəldilməsi, idarəetmənin çevikliyi, istismar etibarlılığı və əməliyyat şəffaflığının artırılması məqsədi daşıyır. Bu yanaşma ADY-nin fəaliyyətinə yeni keyfiyyət gətirməklə yanaşı, Azərbaycanın regionda strateji nəqliyyat qovşağı kimi mövqeyinə də müsbət təsir göstərir.
Yük daşımalarında rəqəmsal logistika həlləri
Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəni Orta Dəhlizin əsas tranzit qovşaqlarından birinə çevirib. Bu dəhlizə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM), TRACECA, “Bir kəmər, bir yol” təşəbbüsü, Lapis Lazuli və digər istiqamətlər daxildir. Əlbəttə ki, ən perspektivli istiqamət Bakının Astana, Tbilisi və Ankara ilə tərəfdaşlıqda həyata keçirdiyi TBNM marşrutudur. Bu nəqliyyat marşrutuna modernləşdirilmiş Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə yükdaşımalar xüsusilə əhəmiyyət daşıyır.
Eyni zamanda “CASCA+” beynəlxalq multimodal marşrutu çərçivəsində Çin, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya uzanan inteqrasiya səyləri davam etdirilir. Bu istiqamətdə BTQ xəttinin buraxılış qabiliyyəti 1 milyon tondan 5 milyon tona, Ələtdəki Beynəlxalq Ticarət Limanının gücü isə 15 milyon tondan 25 milyon tona çatdırılır.
Bu cür genişlənən infrastrukturun səmərəli idarə olunması ADY-nin rəqəmsallaşma addımları ilə birbaşa bağlıdır. Şirkət logistika proseslərini sadələşdirən və beynəlxalq müştərilərlə əlaqələri gücləndirən rəqəmsal həllər tətbiq edir. Bu yanaşma Azərbaycanın regionda daha cəlbedici nəqliyyat mərkəzinə çevrilməsinə xidmət edir.
Məsələn, “Şimal-Cənub” nəqliyyat dəhlizində rəqəmsallaşma çərçivəsində ADY “Global DTC” şirkətinin yaratdığı beynəlxalq logistika platformasına inteqrasiya olunaraq yük məlumatlarının mübadiləsini və “Track&Trace” xidmətlərini təmin edir. QSC-nin qəbul etdiyi “Rəqəmsal strategiya” çərçivəsində “Yükdaşımaların idarə edilməsi”, “Yük-kommersiya işlərinin idarə edilməsi” və “Lokomotiv briqadalarının idarə edilməsi” üzrə konseptual çərçivə hazırlanıb. Bu sistemlər vasitəsilə daşımaların planlaşdırılması, heyətin idarə olunması və kadr potensialının gücləndirilməsi istiqamətində mühüm işlər həyata keçirir.
Bundan başqa, ADY beynəlxalq yükdaşıma əməliyyatlarını sürətləndirmək məqsədilə CIM/SMGS vahid yük qaiməsini tətbiq edir. Bu sənəd bir neçə fərqli sənədi əvəz edərək gömrük prosedurlarını sadələşdirir, sərhəd keçidləri zamanı riskləri minimuma endirir. Sistem sayəsində hesab-fakturalar elektron formatda qonşu ölkələrin informasiya sistemlərinə ötürülür, “vahid daxilolma” prinsipi əsasında avtomatlaşdırılmış məlumat mübadiləsi həyata keçirilir.
Bu məqamda qeyd edək ki, ADY-nin rəqəmsallaşma təşəbbüsləri beynəlxalq tərəfdaşlar tərəfindən dəstəklənir. Ötən ilin oktyabrında Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın dəmir yolu sisteminin rəqəmsallaşdırılması üçün 47 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasını təsdiqləyib. Bu maliyyə dəstəyi yük əməliyyatlarının idarə edilməsi, texniki xidmət və təmir, aktivlərin monitorinqi və investisiya planlaşdırması kimi sahələrə yönəldiləcək. Layihə çərçivəsində həmçinin qiymətqoyma, vergi hesablamaları və məlumatların əldə olunması sistemlərinin yaradılması nəzərdə tutulur. Ümumilikdə, bu təşəbbüs Azərbaycanın dəmir yolu şəbəkələrinin təhlükəsizliyini, səmərəliliyini və etibarlılığını daha da artırmağa xidmət edəcək.
ADY rəqəmsal texnologiyaları sərnişin vərdişinə çevirir
Xidmət keyfiyyətini davamlı olaraq yüksəltməyi qarşısına məqsəd qoyan “Azərbaycan Dəmir Yolları” QSC rəqəmsal texnologiyaların sərnişindaşımalar sahəsində tətbiqini genişləndirir. Sərnişinlərin rahatlığı və operativliyi üçün müxtəlif rəqəmsal alətlər təqdim olunur. Onlayn bilet satış platforması və mobil tətbiq insanların vağzallara getmədən, istənilən məkandan bilet almasına şərait yaradır. Bu sistemlərdə yer seçimi, müxtəlif ödəniş üsulları və sürətli əməliyyat imkanları istifadəçilərin ehtiyaclarına cavab verir.
Vağzallarda quraşdırılmış rəqəmsal informasiya lövhələri isə marşrutlar və qatarların hərəkət qrafiki barədə real vaxt rejimində məlumat təqdim edir. Bu yeniliklər təkcə xidmətin əlçatanlığını artırmır, həm də sərnişin axınının daha effektiv idarə olunmasına şərait yaradır.
Son illər ADY tərəfindən sərnişindaşımaları sahəsində rəqəmsallaşma istiqamətində atdığı addımlar nəticəsində həm Abşeron dairəvi xətti, həm də rayonlararası marşrutlarda onlayn bilet satışlarında ciddi artım müşahidə olunur. Statistika göstərir ki, həm mobil tətbiq, həm də vebsayt üzərindən bilet alan sərnişinlərin sayı ilbəil artır və bu, rəqəmsal texnologiyaların artıq ictimai vərdişə çevrildiyini göstərir. 2023-cü ildə Abşeron dairəvi xətti üzrə mobil tətbiq vasitəsilə cəmi 19 min 946 bilet (ümumi satışda 0,29 % pay).satılıb. 2024-cü ildə bu göstərici kəskin artaraq 179 min 165-ə (2,21 % pay) yüksəlib. Daha da diqqətçəkəni isə 2025-ci ilin yanvar-may aylarında bu rəqəmin artıq 102 min 68-ə çatmasıdır. Bu isə mobil tətbiq üzərindən satışın 2,77 %-lik payla davam etdiyini göstərir.
Abşeron xəttində bank kartı vasitəsilə satışlar da sabit artım dinamikasını qoruyur. 2023-cü ildə bu xətt üzrə təxminən 1,4 milyon bilet satılıb. 2024-cü ildə bu göstərici 2,5 milyona çataraq 31,18 % artım göstərib, 2025-ci ilin ilk 5 ayında isə bilet satışı ilə 36,51 %-lik artım qeydə alınıb. Bu dinamika göstərir ki, sərnişinlərin mühüm hissəsi nağdsız ödənişə və POS-terminallarla alınan biletlərə üstünlük verir.
Qeyd edək ki, rayonlararası marşrutlarda da onlayn və mobil satış imkanları genişlənir. Xüsusilə mobil tətbiq vasitəsilə bilet alışında nəzərəçarpacaq artım müşahidə olunur. Əgər 2023-cü ildə mobil tətbiqlə cəmi 6 079 bilet satılmışdısa, 2024-cü ildə rəqəm 73 min 507-yə (təxminən 12 dəfə artım) yüksəlib. Bu tendensiya 2025-ci ilin yanvar-may aylarında 52 min 931 bilet satışı ilə davam edib.
Eyni dövrdə onlayn sayt vasitəsilə bilet satışları da davamlı artım göstərir. 2023-cü ildə bu kanal üzrə 149 min bilet satılıb, 2024-cü ildə satışlar 195 minə çatıb, 2025-ci ilin ilk 5 ayı ərzində isə artıq 85 min bilet satılıb.
Bu dinamika onlayn sistemlərə olan ictimai etimadın və istifadə vərdişlərinin gücləndiyini sübut edir. Onlayn bilet sistemləri yalnız vağzal sıxlığını azaltmaqla kifayətlənmir, eyni zamanda şəffaf, təhlükəsiz və çevik bir xidmət təqdim edir.
Görülən tədbirlər rəqəmsal həllərin dayanıqlılığını təmin edir
Rəqəmsal xidmətlərin genişləndirilməsi fonunda ADY kibertəhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir. Bilet sistemləri və yükdaşıma platformalarında təhlükəsizlik protokolları gücləndirilib, məlumatların şifrələnməsi və server infrastrukturunun yenilənməsi təmin olunub.
ADY-nin informasiya texnologiyaları strategiyası yalnız sistemlərin qorunmasını deyil, həm də bulud texnologiyalarının tətbiqini və rəqəmsal transformasiya üzrə təlim proqramlarının həyata keçirilməsini əhatə edir. Bu yanaşma əməkdaşların rəqəmsal bacarıqlarının inkişafına və ümumilikdə rəqəmsal mədəniyyətin təşviqinə xidmət edir.
COP29 və “yaşıl dəmir yolu” vizyonu
2024-cü ildə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) qlobal iqlim çağırışlarının müzakirəsi, yeni qərarların qəbulu və Azərbaycanın ətraf mühitin qorunmasına dair strategiyasının təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır. COP29 eyni zamanda ölkənin “yaşıl inkişaf” vizyonunun beynəlxalq səviyyədə tanıdılması üçün unikal platformadır.
Bu kontekstdə “Azərbaycan Dəmir Yolları”nın həyata keçirdiyi və planlaşdırdığı layihələr xüsusi diqqət çəkir. Şirkət dəmir yolu nəqliyyatını daha ekoloji, dayanıqlı və rəqəmsallaşdırılmış bir sistemə çevirmək istiqamətində ardıcıl addımlar atır. Elektriklə işləyən lokomotivlər, enerji sərfiyyatını izləyən texnoloji sistemlər və rəqəmsal planlaşdırma alətləri bu strategiyanın əsas komponentləridir.
ADY-nin bu yanaşması nəqliyyatda rahatlıq və əlçatanlığı artırmaqla yanaşı, ətraf mühitə təsirin minimuma endirilməsinə də töhfə verir. COP29 çərçivəsində ADY-nin “sıfır emissiya” hədəfi və bu istiqamətdə təqdim etdiyi planlar daha əvvəl start verilmiş rəqəmsal strategiyanın əhatəli və uzunmüddətli xarakter daşıdığını açıq şəkildə nümayiş etdirir.
Rəqəmsal həllər ADY-ni regionun aparıcı logistik operatoruna çevirir
Azərbaycan Dəmir Yolları rəqəmsal transformasiya sayəsində nəqliyyat sektorunda yeni bir mərhələyə qədəm qoyub. Onlayn xidmətlərin tətbiqi, yük daşımalarında rəqəmsal izləmə sistemləri, əməliyyatların avtomatlaşdırılması və beynəlxalq informasiya platformalarına inteqrasiya ADY-ni regionda lider logistik operatorlardan birinə çevirir.
Bu texnoloji yeniliklər sayəsində Azərbaycan yalnız daxili nəqliyyat infrastrukturunu müasirləşdirmir, eyni zamanda beynəlxalq ticarət və logistika şəbəkəsindəki mövqeyini də möhkəmləndirir. ADY-nin rəqəmsallaşma strategiyası Orta Dəhliz, “Şimal-Cənub” və “Şərq-Qərb” kimi nəqliyyat marşrutlarında Azərbaycanın tranzit rolunu gücləndirir, dayanıqlı və çevik logistik modelin əsasını formalaşdırır.
Gələcək illərdə bu istiqamətdə həyata keçiriləcək layihələr təkcə ölkənin iqtisadi inkişafına deyil, həm də onun beynəlxalq mövqeyinin gücləndirilməsinə mühüm töhfə verəcək. Rəqəmsal həllər və ekoloji yanaşma sintezində formalaşan bu inkişaf modeli Azərbaycanın "yaşıl iqtisadiyyata" keçid strategiyasına tam uyğun gəlir.
Bu yazı “Azərbaycan Dəmir Yolları” QSC və Mətbuat Şurasının “Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.