EN

Toqquşmadan yaşamaq Şahanə Müşfiq yazır

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

Şahanə MÜŞFİQ

Maşın sürməyi öyrəndiyim ilk günlər dünən kimi yadımdadır. Necə həyəcanla sükan arxasında oturmuşdum: əllərim tər içində, gözüm güzgülərdə, qulağım yolun səsində... Qarşıdan gələn maşınlar, yanımdan ötüb keçənlər, qəfil dönənlər, hətta yolun bir kənarında dayananlar belə - hamısı mənə potensial təhlükə kimi görünürdü. Qorxurdum. Düşünürdüm ki, bu qədər maşının içində toqquşmadan, kiməsə toxunmadan necə sürmək olar? Mən haradan getməli olduğumu, necə getməli olduğumu nədən biləcəyəm? Bir yolun üstündə bu qədər adam və bu qədər ehtimal varkən, necə olur ki, bu ehtimallar gerçəyə çevrilmir?

İlk baxışdan bu sual yalnız avtomobil idarə etməyə aid görünə bilər. Amma bir az dərindən düşünəndə fərq etdim ki, bu, əslində həyatın özünə aid bir sualdır. Biz insanlar səkkiz milyarda yaxın fərqli yolçuyuq bu dünyanın yol şəbəkəsində. Kimimiz sürətlə gedərkən kimimiz yavaş irəliləməyi üstün tuturuq. Kimisi öz istiqamətini əvvəlcədən müəyyənləşdirir, kimisi yolda ikən qərar verir haraya yol alacağına. Kimisi qaydalara riayət edir, kimisi qaydaları saymır, kimisi isə qaydalardan ümumiyyətlə xəbərsizdir. Bəs necə olur ki, bir-birimizə dəyib keçmirik? Necə olur ki, toqquşmuruq? Yaxud toqquşmamaq mümkündürmü?

Maşın sürmək məsuliyyətdir. Sürət, diqqət, məsafə - bu üçlük səni həm qoruyur, həm də başqasına zərər verməməyinə xidmət edir. Həyat da bu baxımdan fərqli deyil. Burada da məsuliyyət var, ehtiyatlılıq var, məsafə var, bəzən də yol vermək var. Hansı sükanın arxasında olmasından asılı olmayaraq, həm maşında, həm də həyatda hər kəs özünü düşünərsə, qəzalar qaçınılmaz olur. Təkəbbür, səbirsizlik, diqqətsizlik həyat yollarında da insanlarla toqquşmalara səbəb olur, iz buraxır, dağıdıcı nəticələr doğurur.

Ən maraqlı məqamlardan biri də budur ki, sükan arxasında olan hər kəs yolun bir hissəsinə cavabdehdir. Sən təkcə öz maşınını yox, yanındakı, arxandakı, qarşındakı insanları da nəzərə almalısan. Eynilə həyatda olduğu kimi. Sənin bir qərarın, bir söhbətin, bir cümlən bəzən kiminsə həyatına yön verə bilər. Bir laqeyd baxış bir insanın gününü zəhərləyə, bir diqqətli davranış isə onu xilas edə bilər.

Biz bəzən fərqinə varmadan kiminsə "yoluna çıxırıq". Onun planlarını pozur, düşüncələrini dağıdır, hətta həyatına mənasız "maneə" olub onu gedəcəyi yolda ya ləngidir, ya da ümumiyyətlə, yolundan döndürürük. Bəzən də bizə elə gəlir ki, bizə qarşı belə davranılıb. Həmişə qarşı tərəfi günahlandırmaq asandır. Amma toqquşmaların çoxu qarşılıqlı anlaşılmazlıqdan doğur, bunu da etiraf etməliyik. Hər iki tərəfin ehtiyat etmədiyi, yol vermədiyi, səbr etmədiyi anda baş verir qəzalar.

Halbuki yolda da, həyatda da bəzən sadəcə bir neçə saniyə gözləmək kifayətdir. Bir siqnal vermək, bir addım geridə durmaq, bir gülümsəmək kifayət edir ki, yol açılsın, maneə aradan qalxsın. Bəzən də öz yolundan azacıq yayınmaq, kiməsə şərait yaratmaq lazım gəlir. Bu, zəiflik deyil. Bu, insanlığın qaydasıdır - həm yollarda, həm ruhlarda.

Unutmayaq ki, toqquşmamaq üçün yalnız sükan başında diqqətli olmaq kifayət etmir. Həm də daxilən ayıq olmalıyıq. Yollar insanın xarici yönə hərəkətidirsə, həyat onun daxili istiqamətidir. Kiminsə yoluna hörmətlə yanaşmaq - onun duyğusuna, inancına, qərarına hörmətlə yanaşmaqdır. Həyatda da "sağa dönmək istəyənə" icazə verilməli, "geri gedənə" yol göstərilməlidir.

Bu yazını yazmaqda məqsədim maşın sürməyin fəlsəfəsinə varmaq deyil, əlbəttə. Sadəcə demək istəyirəm ki, toqquşmamaq mümkündür. Bəli, zaman-zaman bir-birimizlə yollarımız kəsişə bilər, bilərəkdən və ya bilməyərəkdən bir-birimizə maneə ola bilərik, bəzən yanlış dönə bilərik, bəzən sürətimizi artıra və ya azalda bilərik. Amma ümumi yolumuz varsa, həmin yolda bəzən yavaşlamalı, bəzən yol verməli, bəzən dayanmalı və yenidən başlamağı bacarmalıyıq.

Çünki bu həyatın yollarında hər kəs öz sükanında olsa da, yollar ortaqdır. Nə qədər ki, yollar ortaqdır, məsuliyyət də ortaqdır. Bəzən toqquşmamaq üçün yolumuzdan dönməliyik. Bəzən də öz yolumuzu yenidən çəkməliyik.

Beləcə, gün gəlir ki, maşın sürməyi öyrəndiyin kimi, yaşamağı da öyrənirsən. Qəzaların olmaması, toqquşmaların azalması, insanların bir-birinə yol verməyi sadəcə qaydalara əməl etməklə yox, ürəklə yaşayaraq mümkün olur.

Sükan arxasında öyrəndiklərimi həyat sükanına tətbiq etməyi bacardığım gündən bəri daha sakit, daha anlayışlı, daha məsafəli yaşadığımın fərqinə vardım o günlərdə. Və düşündüm: nə qədər ki, yollar var, yaşamağı da öyrənmək gərəkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
9
525.az

1Sources