EN

"Azərbaycan mətbuatı bu gün təkcə ölkə daxilində deyil,.." - ŞƏRH EDİLDİ

"Bildiyiniz kimi, bu il Azərbaycan milli mətbuatının 150 illik yubileyi qeyd olunacaq. Bu əlamətdar tarix yalnız mətbuat tariximizin deyil, həm də milli maarifçilik və ictimai fikir tariximizin mühüm mərhələsidir. 1875-ci ildə Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşr edilən “Əkinçi” qəzeti ilə əsasları qoyulan Azərbaycan milli mətbuatı o dövrdən bu günə qədər xalqımızın maariflənməsində, ictimai şüurun formalaşmasında, milli-mənəvi dəyərlərin qorunmasında və dövlətçilik ideyalarının yayılmasında mühüm rol oynayıb". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, Azərbaycan mətbuatı uzun və şərəfli bir yol keçərək müxtəlif tarixi dövrlərin çətin sınaqlarından çıxmış, zaman-zaman senzura və təzyiqlərlə üzləşsə də, öz prinsipial mövqeyini qorumağa çalışmışdır. Müstəqillik əldə etdikdən sonra isə ölkəmizdə söz və fikir azadlığının təmin olunması üçün hüquqi və institusional əsaslar formalaşdırılıb. Bu baxımdan, Azərbaycan dövləti tərəfindən mətbuatın inkişafına göstərilən diqqət və qayğı xüsusi qeyd olunmalıdır: "Dövlətimiz jurnalistikanın inkişafı, müstəqil medianın təşviqi və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü addımlar atıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə çıxışlarında bildirib ki, azad mətbuat cəmiyyətin inkişafı üçün vacib şərtlərdən biridir. Bu məqsədlə son illərdə bir sıra mühüm qərarlar qəbul olunub. Mətbuat nümayəndələrinin mənzil şəraitinin yaxşılaşdırılması, KİV-ə maliyyə dəstəyi, Medianın İnkişafı Agentliyinin yaradılması və jurnalistlərin peşəkarlığının artırılması istiqamətində həyata keçirilən layihələr bu siyasətin real təzahürüdür.

Əlavə olaraq qeyd edilməlidir ki, Azərbaycan mətbuatı bu gün təkcə ölkə daxilində deyil, həm də beynəlxalq mediada baş verən proseslərə çevik reaksiya verən, qlobal informasiya mübarizəsində aktiv iştirak edən bir aktora çevrilib. Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, Vətən müharibəsində informasiya cəbhəsində qazanılan uğurlarda da jurnalistlərimizin əvəzsiz xidmətləri olub. Bu da dövlətin mətbuata yaratdığı imkanların səmərəli şəkildə istifadə olunduğunun göstəricisidir. Yubiley ərəfəsində keçirilən tədbirlər, təşkil olunan konfranslar və təltif edilən media nümayəndələri də bir daha göstərir ki, dövlət mətbuata sadəcə informasiya vasitəsi kimi deyil, həm də ictimai şüurun və milli ideologiyanın formalaşmasında mühüm rol oynayan strateji institut kimi baxır. Bu yanaşma gələcəkdə də mətbuatın inkişafı üçün sağlam əsasların mövcudluğuna zəmanət verir. Milli mətbuatımızın 150 illik yubileyi yalnız keçmişə baxış deyil, eyni zamanda gələcəyə dair bir baxış, jurnalistikanın ictimai məsuliyyətini bir daha dərk etmək və yeni mərhələyə daha güclü qədəm qoymaq üçün bir fürsətdir. Dövlətin bu sahəyə göstərdiyi davamlı dəstək və diqqət isə milli mətbuatın gələcəyinə olan inamın ifadəsidir".

Müəllif: Ziya Hikmətoğlu
Chosen
10
1
sia.az

2Sources