Almaniyanın Osnabryuk şəhərində (Aşağı Saksoniya federal əyalətində) İkinci dünya müharibəsindən qalma partlamamış bombanın tapılması ilə əlaqədar 20 minə yaxın insan təxliyə ediləcək.
İndex.az xəbər verir ki, bu barədə yerli administrasiyanın saytında məlumat verilib.
Sakinlər ən geci çərşənbə axşamı yerli vaxtla saat 15:00-a (Bakı vaxtı ilə 17:00) evlərini tərk etməli olacaqlar. Dəmir yolu stansiyası, iki xəstəxana və məktəblər mühafizə zonasında yerləşir.
Tələbələr üçün dərslər saat 13:00-a qədər (Bakı vaxtı ilə 15:00) davam edəcək. İdman zallarından birində təxliyə məntəqəsi yaradılıb. Mərmi bazar ertəsi tikinti işləri zamanı aşkar edilib və bu gün onun zərərsizləşdirilməsi planlaşdırılır.
Bu, artıq son vaxtlar Osnabrückdə ikinci genişmiqyaslı evakuasiyadır. Təxminən iki həftə əvvəl 11 minə yaxın sakin İkinci dünya müharibəsindən qalma partlamamış bomba səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.