Təbliğat maşının bütün gücünü Azərbaycana qarşı işə salan raşizm qorxu aşılamağa çalışır. Buna bənzər ritorikanı Ukraynaya qarşı cinayətkar müharibənin başladığı 24 fevral 2022-ci il ərəfəsində müşahidə etmişdik.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli qeyd edib.
O bildirib ki, raşizmin təbliğat maşının elementləri tərəfindən Azərbaycana qarşı daha sərt addımlara çağrışlar edilir:
““Jivov Z” Teleqram kanalının müəllifi hərbi bloger Aleksey Jivov yazır ki, Azərbaycanın boğulması xüsusi sinizmlə həyata keçirilməlidir. “Mardan” Teleqram kanalının müəllifi Sergey Mardan (Klyüçenkov) isə yazır ki, Bakı Odessa kimi həmişə rus şəhəri olub. Mardanın ardınca raşizmin təbliğat maşının digər elementləri də Kremldən gəldiyi şübhə doğurmayan bu tezisi təkrar etməyə başlayıblar.
Raşizmin təbliğat maşının digər bir elementi Roman Antonovski müəllifi olduğu “Sını Monarxii” Teleqram kanalında Azərbaycana qarşı həyasızcasına ərazi iddiaları irəli sürür: “Dağıstanlı qardaşlar Azərbaycan hakimiyyətinin rusofob davranışından qəzəblənərək yazırlar ki, Dağıstanın öz ata-baba torpaqlarını qaytarmaq şansımız var, bu, Azərbaycanın Balakən və Zaqatala rayonlarıdır”.
Bütün bunlar raşizmin təbliğat maşının son 48 saat ərzində Azərbaycana qarşı səsləndirdiyi təhdid və şantajın çox kiçik bir hissəsidir. Qafqazda apardığı işğalçılıq müharibəsi zamanı çoxsaylı soyqırım və qətliamlar törədən, yalnız Şimali Qafqazda azsaylı yerli xalqlardan 3 milyon insan öldürən Rusiyanın çərkəzləri bir millət kimi məhv etməsinə, çeçenlərə qarşı üç dəfə soyqırım törətməsinə hüquqi qiymət vermək lazımdır”.