AZ

Rusiya Cənubi Qafqazdakı yeganə tərəfdaşını itirə bilər

İyunun 27-də Yekaterinburqda Rusiyanın hüquq-mühafizə orqanlarının azərbaycanlıların evlərinə soxularaq bəzi soydaşlarımızı qətlə yetirməsi, bəzilərini isə həbs edərək amansız işgəncələrə məruz qoyması Azərbaycanda haqlı narazılıq və qəzəbə səbəb olub. İnsanlarda etiraz doğuran amillərdən biri günahsız mülki insanların qətlidirsə, digər amil bu vəhşiliyin insanları qorumalı olan şəxslər - güc orqanlarının əməkdaşları tərəfindən törədilməsidir. Yekaterinburq olayları göstərdi ki, Rusiyada miqrant və etniklər üçün əsas təhlükə kriminogen ünsürlərdən daha çox hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.

Vəziyyəti mürəkkəbləşdirən amillərdən biri də, Rusiyanın soydaşlarımızı öldürən və işgəncəyə məruz qoyan şəxslərin cəzalandırılması istiqamətində gərəkli addımlar atmamasıdır. Hansı ki, proseslərin bu şəkildə davam etməsinin Azərbaycan-Rusiya münasibətləri çərçivəsində siyasi-diplomatik baxımdan da müəyyən gərginliklərə yol açması ehtimalı böyükdür.

Xatırladaq ki, Vətən müharibəsindən sonra Rusiyanın Cənubi Qafqazdakı yeganə real tərəfdaşı Azərbaycan və bu reallıq hələ ki, dəyişilməz olaraq qalır. Ermənistanın Rusiyadan illər boyu faydalandığına, KTMT-də passiv təmsilçiliyini davam etdirməsinə baxmayaraq, İrəvanın son 5 ildə Kremlin maraqlarına dəfələrlə xəyanət etdiyi hamıya məlumdur. Ermənistanın KTMT-nin təlimlərində nümayişkəranə şəkildə iştirak etməməsi, bu qurumun hərbi-siyasi əhəmiyyətini heçə sayan bəyanatlar səsləndirməsi, Avropa İttifaqının monitorinq missiyasını öz ərazisində yerləşdirməsi, birmənalı şəkildə Qərblə əməkdaşlığa köklənməsi və s. kimi addımlar Ermənistanın öz tarixi müttəfiqi olan Rusiyanı açıq şəkildə “xərclədiyini” göstərir. Belə olan halda, Rusiyanın Yekaterinburqdakı zorakılıqla Cənubi Qafqazdakı yeganə tərəfdaşı olan Azərbaycanda ciddi narazılıq yaratması, rəsmi Moskvanın bu regionda tamamilə təklənməsi, yeganə tərəfdaşını da itirməsi ilə nəticələnə bilər. Bunun isə Rusiya üçün sadəcə iqtisadi müstəvidə deyil, həm də siyasi-diplomatik, mənəvi-psixoloji baxımdan necə böyük itkilərlə nəticələnəcəyini izah etməyə lüzum yoxdur.

Bu baxımdan ümid edirik ki,  Kreml soydaşlarımıza qarşı xüsusi amansızlıq sərgiləyən şəxsləri cəzalandırmaqla Azərbaycanın etirazına həssaslıqla yanaşacaq, regiondakı yeganə tərəfdaşı ilə münasibətlərini sual altında qoymayacaq.

S. Əliyev

Seçilən
18
50
moderator.az

10Mənbələr