EN

Şirvanşah İbrahim və yeni rus çarı...

ain.az, Qaynarinfo portalına istinadən məlumat verir.

"Nəsimi” filmində Şirvan hökmdarı İbrahim deyir ki, mən öz təbəələrimin üstünə qoşun göndərmirəm! Əlbəttə, şəxsən mən bilmirəm,  nə qədər həqiqətdir bu: Şirvan hökmdarı İbrahim də Əmir Teymur kimi tarixi şəxsiyyət olub, amma onun belə söz deyib-demədiyini heç kim indi yüzə-yüz təsdiq edə bilməz. 

Əslində, heç lazım da deyil bu, əsas odur ki, filmin senari müəllifi rəhmətlik İsa Hüseynov o vaxt bu fikri səsləndirib, sovetin vaxtında İbrahimin dililə deyib ki, hətta qeyri-məhdud hakimiyyətə malik olan hökmdarların da siyasətində hansısa məhdudiyyətlər, hətta yasaqlar olub, xüsusən də öz təbəələrinə münasibətdə...

Bəli, hətta sovetin vaxtında bunu eşitdirməyə ehtiyac vardı, çünki sovetin özü belə rus imperiyasının və rus çarizminin bir modifikasiyası idi. 

Ona görə də heç nə təəccüblü deyil və bizi şəxsən nəsə qəti təəccübləndirmir: çarizm, sovet dövrləri bir tərəfə, son illərdə, xüsusən də keçmiş "keqebeşnik” Putin hakimiyyətə gələndən sonra elə hadisələr baş verib ki, təəccüblənməkçün yer qalmayıb, halbuki elə son olay da həqiqətən şox dəhşətlidir, çünki görmüşdük qoşun qoşun üstünə, silahlı dəstə də mütəşəkkil silahlı qruplaşma üstünə göndərilər. 

Dövlət adamları durub hansısa bir vətəndaşı, mülki şəxsi evində gülləbaran edərmi? Biz belə halları yalnız mafiyalardan bəhs edən xarici filmlərdə görmüşük.Yoxsa Rusiyanı mafiyalar və qanqsterlər idarə edir?

Lap tutaq, bu vətəndaşın, mülki insanın hansısa suçu var, amma bununçün müvafiq hüquq orqanları, hüquq prosedurları və məhkəmələr var axı! Yoxsa bunlar da irqçilyin və ya yeni faşizmin bir təzahürüdür? Yoxsa sivil hüquqi prosedurlardan, məhkəmələrdən keçmək də əhalinin yalnız bir hissəsi üçündür?

Bir neçə il bundan əvvəlin söhbətidir və hamı bilir bunu. Bir azərbaycanlı hansısa cinayət törətmişdi, səhv etmirəmsə, bu, xüsusi, fövqəladə cinayət deyildi, kriminal praktikada yetərincə təsadüf olunan hadisəydi. 

Amma daxili qoşunların dəstəsi nə etdi? Adamı nazirin qəbuluna gətirib diz çökdürdülər! 

Bilirsiniz, belə münasibəti keçmişlərdə bir padişah digərinə, məğlub etdiyi bir hökmdara qarşı göstərə bilərdi! Belədə isə rusların özləri hər gün bu azərbaycanlının törətdiyi cinayətdən də daha ağırını törədir, indi nə olsun, onların hamısı nazirin qarşısında diz çöksünmü? 

Bir də deyim ki, həmin azərbaycanlının cinayətini kiçiltmək-filan fikrində deyilik, amma hətta cinayət törətmiş insanla da rəftar qaydaları var. Bir azərbyacanlını nazirin qarşısında diz çökdürüb onu televiziya ilə yaymaq nə məqsəd güdürdü? Axı müasir ölkələrdə güc strukturları hətta məhbuslarla bağlı ən kiçik neqativ halları belə gizlətməyə çalışırlar, daha onu çəkib dünyaya mümayiş etdirmirlər. Hətta faşistlər müharibəni uduzanda bütün həbs düşərgələrini partlatmışdılar ki, izləri itirsinlər, öz cinayətlərini ört-basdır etsinlər. 

Bunlar tamamilə tərsinə edir və düşünürük ki, heç də təsadüfi də deyil bu: bir tərəfdən, zədəli psixologiyalarının "ehtiyaclarını” bu yolla təmin edir, digər tərəfdənsə, keçmiş sovet məkanına qorxu və təhdid göndərir, gələcək planlarının mesajını verirlər.     

Həm də bütün bunların xeyli, yetərincə ciddi əsasları da var. Birincisi, rusların güclü ədəbiyyatı, az-çox, inkişaf etmiş elmi olsa da (halbuki buna görə də Qərbə minnətdar olmalıdırlar!) bunlar mədəni xalq deyil və ən əsası da, onun siyasət və diplomatiya adamları, ələlxüsus hərbçiləri göydən paraşütlə düşməyib, hamısı eyni mentalitetin, mədəniyyətin və düşüncənin, eyni etno-psixoloji kodların daşıyıclarıdırlar. 

İkincisi, bütün post-sovet məkanını, hətta dünyanı daim təhdid, qorxu altında saxlamaq və sanki hamını, əsasən də post-sovet insanlarını buna alışdırmaq istəyirlər. Bəli, sovetlər çökəndə, hamı Rusiyadan uzaq olmağa çalışanda matəm quran rus ideoloqlarına deyilirdi: çalışın, ölkənizi və dövlətinizi digər xalqlar, insanlarçün cəlbedici edin, özünüzü sevdirməyə cəhd edin. 

Amma onlar yenə də başqa, daha doğrusu, əvvəlki imperiya yolunu tutdu, çünki özlərini sevdirməkçün potensialları, mədəniyyətləri, hansısa təklifləri yox idi. 

Qərbdən bəzi-para şeylər oğurlamışdılar, amma tabeliklərində olan xalqlar bir gün anladılar ki, özləri bir çox şeyləri daha asan əldə edə bilərlər - bəli, Kremlə, Moskvaya yalvarmadan, minnətçi düşmədən, onların "vasitəçiliyi” olmadan.  

Rusların az-çox tanınan ziyalılarının özləri daim Qərb mədəniyyətinin təsiri altında olublar, hətta hərbçiləri də vaxtilə Prussiya ordusunun pərəstişkarları idi. Bu gün Rusiyayla vuruşan ukraynalılar, ona qarşı etiraz edənlər heç bilirsiniz, nəyi şüar kimi deyirlər? Böyük rus şairi Lermontovun "Əlvida, çırkli Rusiya, ağalar və qullar ölkəsi” misrasını! 

Bunu da deyim: Lermontovun özünə bəzən "rus Bayronu” deyirlər, üstəlik onun atası etnik ingilis olub, Puşkinin bir tərəfi ərəb olan kimi! 

Keçmişdəkilər bir tərəfə, bir ara çox məşhur olan rus sovet şairlərinin etnik mənşəyilə maraqlandım. Bilirsiniz, ağlıma gələn ilk sual nə oldu: əcaba, görəsən, kim-kimə mədəniyyət gətiribdir?.. 

Nə isə, oradan-buradan nəsə oğurlayıb bir "mədəniyyət” qurdular, amma bilirsiniz, bu, nəyə bənzəyir? Təhsilini yarımçıq qoymuş gəncin hərəkətlərinə! 

Odur, bu mədəniyyətin özülü yoxdur: heç bir sahədə! Dövlət mədəniyyəti, siyasi mədəniyyət, hüquq mədəniyyəti, ictmai mədəniyyət olmayanda başlayır hər şey kəlləmayallaq vurmağa! 

Şəxsən mən "Rusiyanın ombudsmanı, parlamenti, hətta prezidenti” sözlərini eşidəndə sadəcə gülmək istəyirəm, çünki əzizlərim, Qərbdən, mütərəqqi dünyadan bir-iki ad oğurlamaqla iş bitmir, bunların məzmununu da əxz etmək lazımdır: prezident sadəcə, dövləti idarə edən adam demək deyil, bu, ən ali seçkili orqandır. Parlament oturub yasaqlar yazan institut yox, millətin demokratik seçkilərdə seçdiyi şəxslərdir ki, onun adından qanunlar qəbul etsinlər. 

Mən səmimi adamam. Məsələn, ombudsman vəzifəsinə sovetlərdən sonra qəbul edilmiş ilk Rusiya konstitusiyasında (onda bu ölkə demokratiyaya, hətta Qərbə indiki kimi düşmən deyildi) rast gəlmişdim – bunu səmimi etiraf edirəm. 

Bundan sonra gedib oradan-buradan oxuduq, ombudsmanların hansı ölkələrdə, nə vaxtdan və necə fəaliyyət göstərdiyini öyrəndik. 

Bir daha etiraf edirik ki, bunu da ilk dəfə ruslardan öyrəndik. Amma digər Qərb anlayışları və institutları kimi ruslar bunu nəyə çevirdilər! Bilmirəm, bəlkə də azərbaycanlıların qətli ilə bağlı Rusiya Duması və ya ombudsmanı nəsə deyib, amma, əzizlərim, bu cür hadisələr birinci dəfə baş vermir. Üstəlik, bunlar təkcə azərbaycanlılara qarşı törədilmir. 

Həqiqi prezident institutu, parlament, ombudsman olan ölkədə belə olaylar baş vermir, ya da nadir hallarda olur, çünki bütün bunlar cinayətdir, cinayət qarşısındasa demokratik ölkələrdə insanlar – siyasət adamları, deputatlar və jurmalistlər susmurlar, məsələnin detallarınadək  gedirlər.

Amma yenə də deyirəm ki, burada təəccüblü heç nə yoxdur: həmin Rusiyadır, bəli, özüdür ki var? Azərbaycan təyyarəsinin faktiki olaraq vurulmasına görə cinayətkarların bu vaxta qədər tapılmaması bir yana, hətta ciddi şəkildə üzr istənilməməsinə niyə görə təəccüblənməliyik? Axı digər "keqebeşnik” – Yuri Andropovun dövründə bundan da böyük, işində yüzlərlə sərnişin olan, səhv etmirəmsə, Cənubi Koreyadan uçan və guya sovet ərazisinə daxil olan mülki təyyarə də belə vurulmuşdu!.. 

O vaxt hərb müəllimlərimiz ağızları sulana-sulana bunun nə qədər böyük və müdrik qərar olduğundan danışırdılar, guya təyyarədəkilər bizim bütün sirlərimizi öyrənəcəkdi! Halbuki artıq biz tələbələr də bilirdik ki, məsələn, ABŞ astronavtları kosmosdan prezidentlərinin tennis oynadığı yerdə şəklini şəkib göndərmişdilər.  

Odur, bir daha deyirik: elə həmin Rusiyadır. Sadəcə, biz daim özümüz üçün yeni-yeni rusiyalar uydururuq. Başqa yolumuz da yoxdur. Durub Moskva ilə dava etməyəcəyik ki. 

Bəxtimiz onda gətirməyib ki, bu ölkə ilə qonşu olmuşuq. Amma addım-addım elə bu yerdə, bu coğrafiyada gücə çevrilməliyik. İnanın, bu, nə vaxtsa olacaq. 

Çox təəssüf ki, hər şey bizdən və Türkiyədən asılı deyil, Xəzərin o biri sahilindəki türklər, xüsusən də onların "yeni hökmdarları” taleyin onlara bəxş etdiyi həm qeyri-adi, həm də təsadüfi xoşbəxtliyin təsiri altında mürgiləyirlər. Hətta aralarında darıxdığından mahnı bəstələyən, oxuyanlar da var! Bir vaxt bir rus yazıçısı vardı – Aleksey Tolstoy. Onu "qırmızı qraf” çağırırdılar. Türk dünyasında da hələ daha çox "qırmızı xaqanlara” təsadüf olunur. 

Ona görə də Azərbaycan olaraq Rusiyanın bizə qarşı təhdidərinə zəruri  qədər sərt reaksiya verə bilmirik. 

Amma durub özümüzü tamam köməksiz xalq kimi də göstərməməliyik – siyasi, diplomatik etirazın variantlarından istifadə etməliyik, lazım gəlsə, ən sərt formada belə. 

Amma bir detalı unutmamalıyıq. Mənə elə gəlir, Putin və komandası bütün bunları bilərəkdən edir, çünki onlara Cənubi Qafqazda da daha bir "tutacaq” lazımdır ki, buraları da Ukraynaya çevirsinlər. 

Fəqət əminik ki, Kremlin bu azğınlığı bir gün hamını boğaza yığacaq, baxmayacaqlar ki, bunun nüvə oyuncağı-filanı var və ruslar özləri də başa düşəcək ki, bəs Rusiyasız da (əlbəttə, mən Putin Rusiyasını nəzərdə tuturam!) Dünya nəinki mümkündür, hətta hamı üçün, elə ruslar üçün də belə daha yaxşıdır – qoy rus əsgərləri çəkmələrini harada yumaq lazım olduğunu birdəfəlik bilsinlər...

Hüseynbala Səlimov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
7
50
qaynarinfo.az

10Sources