Ermənistanda siyasi vəziyyət gərgin olaraq qalmaqdadır. Ölkədə daxili sabitliyə təhlükə yaradan, siyasi qüvvələr, iqtidarla müxalifət, hökumətlə kilsə arasında yaranan çəkişmələr ovuc boyda olan Ermənistana həlli müşkül problemlər yaradıb. Cənubi Qafqazda maraqları olan dairələrin ssenariləri əsasında idarə olunan hadisələr illərdən bəri başqa ölkələrdə hazırlanan məkrli planların təkrarı, dünya siyasətinə uyğunlaşdırılan, yeni tələblər əsasında yazılan şoulardır. Məqsəd Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh sazişinə əngəl olmaq, Zəngəzur dəhlizinin açılmasının qarşısını almaqdır. Bu məsələlərdə ən çox maraqlı olan tərəflər həmişə olduğu kimi, Rusiya və İrandır.
Qeyd edək ki, Rusiyanın Ermənistanda dövlət çevrilişlərinə cəhd hadisələrinə münasibət bildirməsi türklərin məşhur məsələinə bənzəyir: «Qətlin sifarişçisi cinayət yerinə sonda gəlir.» Rəsmi Kreml Ermənistanda qarşısı alınan dövlət çevrilişinə cəhdi bu ölkənin daxili məsələsi adlandırsa da həmin «daxildə» gərginliyi artıran barmağın Rusiyadan uzandığı bəllidir.
Bu reallığın subutuna heç ehtiyac da yoxdur. Dövlət çevrilişi cəhdinin təşkilatçılarına və iştirakçılarına diqqət yetirməklə bu aksiomanı asanlıqla araşdırmaq olar. Ölkə müxalifətini idarə edən Rusiyanın olması bəllidir. Hakimiyyət uğrunda açıq, gizli mübarizə aparan sabiq prezidentlər Serjik Sarkisyan da, Robert Koçaryan da Kremlin kadrlarıdırlar. Həmişə Ermənistanın keçmiş rəhbərlərinə sadiq qalan, aralarındakı işbirliyini hələ də davam etdirən kilsə də bu sıyahıya əlavə olunsa üçlük tamamlanır. Neçə müddətdir ki, guya Ermənistanın daxili siyasətinə təsir etdiyini guman edən «Vətən naminə Tavuş» hərəkatının lideri Baqrat Qalstanyanın din pərdəsi altında yaratdığı şoular, təşkil etdiyi küçə yürüşləri dövlət çevrilişinə hazırlığın proloqu imiş. Dövlət çevrilişində adı hallandığı üçün həbs edilmiş erməni əsilli rusiyalı milyarder Samvel Karapetyan, «Çiçəklənən Ermənistan» Partiyasının qurucusu Qaqik Tsarukyan arabanın yeddinci təkəri olsalar da adları sabiqlərlə bağlıdır. Ayrı-ayrı fərdlərlə yanaşı, «Qazprom Ermənistan» və «Cənubi Qafqaz Dəmir Yolu» şirkətlərinin də çevrilişdə iştirakları göstərir ki, sifariş Şimaldan gəlib. Bəllidir ki, Ermənistanın iqtisadiyyatının strateji obyektləri, sənaye müəssisələri, enerji və nəqliyyat infrastrukturu hələ də Rusiyaya bağlıdır. Kilsə nümayəndələrinin, bəzi məmurların kütləvi həbsi müxalifətlə iqtidar arasında gərginliyi artımaqla xarici dairələrin Cənubi Qafqazda sabitliyin pozulmasına yönələn daha bir təxribatıdır.
Dərin köklərə malik dövlət-kilsə münasibətlərini davam etdirən Erməni Apostol Kilsəsindən (EAK) hökumətə təzyiq vasitəsi kimi istifadə həmişə mövcud olub. Ermənistanda baş verən son hadislərdən aydın olur ki, hazırda bu stereotipə redəktələr edilir. Kilsənin hakimiyyətə , siyasi hadisələrə təsir imkanları məhddulaşdırılır. Ermənistanın baş nazirinin hazırkı tələbi, qarşıya qoyduğu vəzifə kilsənin dövlət dən ayrı fəaliyyət göstərməsi, bu sahədə kadr islahatlarının aparılmasıdır. Rusiyanın əlində alətə çevrilən müxalifətin, revanşist qüvvələrin kilsə ətrafında birləşməsi insanlar arasında parçalanma yaradır. Gələn il bu ölkədə keçiriləcək parlament seçkilərində üstünlük qazanmaq üçün din pərdəsi altında birləşən revanşistlərin məqsədi Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqdır. Xarici qüvvələrin dəstəyi ilə formalaşan, təlimatlandırılmış, aksiyalar keçirməklə hakimiyyət əleyhinə ciddi təhdidlər səsləndirən müxalif qüvvələr arasında belə fərqli düşüncə mənsublarının olması vəzyyəti daha da gərginləşdirir.
İkinci Qarabağ müharibəsində məğlubiyyətdən sonra bütün erməniləri Paşinyanın əleyhinə yürüşlərə səsləyən, baş nazirin istefasını tələb edən katolikos II Qareginin bumeranq effektli çağırışı özünə qənim oldu. Baş nazir Nikol Paşinyan kilsə rəhbərinin istefasını tələb etdi. Yaranan vəziyyət təbii ki, Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişini yubadır.
Ermənistanın baş naziri Nikol Paşinyanın iyunun 20-də Prezident Rəcəp Tayyip Ərdoğanın dəvəti ilə Türkiyəyə səfəri də İrəvanda birmənalı qarşılanmayıb. 1993-cü ildə Dağlıq Qarabağın işğalından sonra Ermənistanla diplomatik əlaqələrini kəsən Türkiyənin bu təşəbbüsü bölgədə sabitliyin yaranmasına önəmli töhfə olsa da İrəvanda bu səfərə başqa don geyindirilməsi ilə islamofob meyllər də artmaqdadır. Xatırladaq ki, Paşinyanın Türkiyədə 2023-cü ildə keçirilən prezident seçkilərində qələbə qazanan Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirakı da maraqlı qüvvələri qıcıqlandırmışdı. Paşinyanın Albaniyada keçirilən «Avropa Siyasi Birliyi»nin Zirvə görüşündə Ərdoğanla görüşü, Qurban bayramı münasibətilə Türkiyə Prezidenti ilə telefon danışığı bölgədə siyasi sabitliyə töhfə olsa da, Rusiyanı və Qərbi narahat edir. Bu cür görüşlərdən, Azərbaycanla Ermənistan arasında vəziyyətin normaşlaşacağından qorxan müxaliflər cəmiyyətdə fikir ayrılıqları formalaşdırır, anti-Azərbaycan, antitürk təbliğatı aparırlar. Halbuki, Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi, iqtisadi və ticarət əlaqələrinin, infrastrukturun bərpası iqtisadi, sosial böhranla üzləşən Ermənistana daha çox vacibdir. Türkiyənin və Azərbaycanın Orta Dəhliz, Zəngəzur dəhlizlərinin açılması ilə bağlı göstərdikləri qətiyyəti xarici ağalarının göstərişlərinə uyğun «təhlil edən» müxaliflərin, revanşist və din xadimləri ilə brgə təşkil etdikləri dövlət çevrilişinə cəhdin məqsədi Cənubi Qazfazda yeni müharibə şəraiti formalaşdırmaqdır. Amma Ermənistanda terror təhlükəsinin, hakimiyyətin ələ alınması cəhdinin qarşısı alındı. İştirakçılar haqqında tədbir görüldü. Arxiyepiskop Baqrat Qalstanyan həbs olundu. İrəvanda Daşnaksütyun Partiyasının gənclər qanadı və «Nikol Ağbalyan» tələbə birliyinin 10-dan çox nümayəndəsi saxlanıldı
Belə qarışıq məqamda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Qırğızıstanda keçiriləcək KTMT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcəyi ilə bağlı açıqlaması ölkədə birmənalı qarşılanmayıb. Nikol Paşinyanın Türkiyəyə səfərindən sonra Kreml ilə əlaqələrin soyuqluğunun daha bir təsdiqi olan bu seçim Rusiyameyilli qüvvələri daha da hiddətləndirib. Yaranan vəziyyətin açıqlaması belədir: «İtin dişi, donuzun dərisi.»
Xuraman İsmayılqızı, "İki sahil"