Bakı, 1 iyul, AZƏRTAC
Yekaterinburqda azərbaycanlılara qarşı qəddar rəftar və işgəncələr beynəlxalq hüquq prinsiplərinin ciddi şəkildə pozulmasıdır. Rusiya dövləti bu hadisəyə görə məsuliyyət daşıyır və bu məsələ beynəlxalq hüquq müstəvisində qiymətləndirilməlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında İnsan Hüquqlarının Təşviqi Mərkəzi İctimai Birliyinin İdarə Heyətinin sədri, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Əmir Əliyev bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyası da daxil olmaqla bütün dövlətlər beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməli, bu prinsiplər həm də onların konstitusiyalarında əks olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 10-cu maddəsində də açıq şəkildə göstərilir ki, dövlət öz xarici siyasətini beynəlxalq hüquq norma və prinsiplərinə uyğun qurur. Rusiya Konstitusiyasında da analoji müddəalar yer alır. Lakin praktikada bu müddəalara əməl olunub-olunmaması ciddi müzakirə mövzusudur.
Əmir Əliyev diqqətə çatdırıb ki, insan hüquqlarının pozulması halları yalnız daxili deyil, həm də beynəlxalq məsuliyyət doğurur: “Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 7-ci maddəsinə əsasən, bütün insanlar qanun qarşısında bərabərdir və heç bir ayrı-seçkiliyə məruz qalmadan bərabər müdafiə olunmaq hüququna malikdirlər. 5-ci maddədə isə heç kimin işgəncəyə, qeyri-insani və alçaldıcı rəftara məruz qala bilməyəcəyi açıq şəkildə qeyd olunub. Bu prinsiplər daha sonra 1966-cı il Mülki və Siyasi Hüquqlar haqqında Paktda, 1950-ci il Avropa İnsan Hüquqları Konvensiyasında və 1984-cü il İşgəncələrin Qadağan olunması haqqında BMT Konvensiyasında da təsbit edilib. Azərbaycan bu sənədlərə tam şəkildə əməl edir. Rusiya Federasiyasının bu prinsiplərə yanaşması isə getdikcə daha çox sual doğurur. Xüsusilə də insan hüquqları və məhkəmə prosedurlarına dair minimal beynəlxalq standartların pozulması müşahidə olunur. Bundan başqa, Azərbaycan və Rusiya hər iki tərəf olaraq 1984-cü il BMT Konvensiyası çərçivəsində işgəncəyə və qəddar rəftara qarşı mübarizəyə öhdəlik götürüb. İşgəncəyə məruz qalmamaq hüququ mütləq hüquqdur və istənilən halda təmin edilməlidir. Bu hüququn pozulması beynəlxalq məsuliyyət doğurur”, – deyə o bildirib.
Hüquqşünas qeyd edib ki, Yekaterinburqda məhkəmə qərarı olmadan azərbaycanlıların yaşadığı evə hücum edilməsi, onlara işgəncə verilməsi və nəticədə iki nəfərin həyatını itirməsi hüquqi baxımdan dövlətin və onun nümayəndələrinin bilavasitə məsuliyyətini doğurur. Beynəlxalq hüquqa əsasən, dövlət orqanları tərəfindən törədilən belə hərəkətlərə görə həmin dövlət birbaşa məsuliyyət daşıyır. Bu halda isə Rusiya dövlətinin məsuliyyəti yaranır. İşgəncəyə məruz qalan şəxslərdən ikisinin öldürülməsi bu hadisəni daha da ağırlaşdırır.
O, AZAL-a məxsus təyyarənin Rusiya ərazisində vurulmasını da xatırladaraq bildirib ki, bu hadisə ilə bağlı nə rəsmi üzr istənilməyib, nə də kompensasiya təqdim olunmayıb. Hadisəyə görə məsul şəxslər də cəzalandırılmayıb. Bu isə birbaşa beynəlxalq hüququn pozulmasıdır. Bundan əlavə, Rusiya Federasiyasının 1950-ci il Avropa İnsan Hüquqları Konvensiyasından çıxması, Avropa Şurasını tərk etməsi, ümumilikdə, insan hüquqları sistemindən uzaqlaşması ciddi siqnaldır. Bütün bunlar SSRİ dövrünün ritorikasına qayıdış, köhnə müstəmləkəçilik siyasətinin yenidən dirçəlişi kimi görünür.
Hüquqşünas beynəlxalq ictimaiyyəti bu məsələ ilə bağlı daha qətiyyətli mövqe nümayiş etdirməyə çağırıb: “Rusiya dövlət orqanlarının, xüsusilə Yekaterinburqdakı hüquq-mühafizə rəhbərlərinin bu hərəkətləri insanlıq əleyhinə cinayətlər çərçivəsində qiymətləndirilməli və cəzalandırılmalıdır. Beynəlxalq təşkilatlar Rusiya Federasiyasına qarşı həm hüquqi, həm siyasi, həm də iqtisadi sanksiyalar tətbiq etməlidir. Bu, beynəlxalq hüququn və insan ləyaqətinin müdafiəsi baxımından vacib məsələdir”.