AZ

Əgər Rusiya bu müdafiə imkanlarını məhdudlaşdırırsa və ya konsulluq yardımına mane olursa... AÇIQLAMA

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Rusiyada yaşayan azərbaycanlılara qarşı son dövrlərdə müşahidə olunan təzyiqlər, ayrı-seçkilik halları və bəzən də zorakılıq elementləri, həm sosial narahatlıq, həm də beynəlxalq hüquq baxımından ciddi suallar doğurur. Bu hadisələr yalnız fərdi münaqişələr çərçivəsində qiymətləndirilə bilməz. Burada həmçinin etnik mənsubiyyətə görə ümumiləşdirici münasibətlərin formalaşması və Azərbaycan vətəndaşlarının hüquqlarının sistemli şəkildə pozulması ehtimalı ön plana çıxır. Belə şəraitdə Azərbaycan dövləti həm hüquqi, həm də diplomatik müstəvidə konkret və ardıcıl müdafiə mexanizmlərini işə salmalı olur". Bu sözləri Demokrat.az-a açıqlamasında Bakı Dövlət Universitetinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev deyib.O bildirib ki, Rusiyada azərbaycanlılara qarşı təzyiqlər və onların hüquqlarının pozulması fonunda Azərbaycan-Rusiya münasibətlərinin hüquqi baxımdan dəyərləndirilməsi, beynəlxalq hüququn bir neçə əsas norma və prinsipləri üzərindən həyata keçirilə bilər:"Burada dövlətlərarası münasibətlərdə hüquqi məsuliyyət, konsulluq hüququ, insan hüquqları sahəsində beynəlxalq öhdəliklər və qarşılıqlı müqavilə münasibətləri əsas hüquqi çərçivəni təşkil edir.Birinci hüquqi əsas dövlətin öz ərazisində yaşayan əcnəbilərə qarşı münasibətdə beynəlxalq öhdəliklərinə riayət etməsi ilə bağlıdır. Rusiya Federasiyası, BMT-nin İnsan Hüquqları üzrə Beynəlxalq Paktları (1966), İrqçiliyin bütün formalarının ləğv olunması haqqında Konvensiya (1965) və Avropa İnsan Hüquqları Konvensiyası (1950) kimi mühüm sənədləri ratifikasiya etmişdir. Bu sənədlər Rusiya dövlətinə öz yurisdiksiyası altında olan şəxslərə qarşı ayrı-seçkiliyə, zorakılığa və ədalətsiz rəftara yol verməmək öhdəliyi qoyur. Əgər azərbaycanlılar etnik mənsubiyyətə görə sistematik təqibə və ya diskriminasiyaya məruz qalırsa, bu, Rusiya dövlətinin beynəlxalq hüquq qarşısında məsuliyyətinə səbəb ola bilər.İkinci hüquqi aspekt konsulluq hüququ və diplomatik müdafiə hüququ ilə bağlıdır. Vyana Konvensiyasına (1963) əsasən, hər bir dövlətin diplomatik və konsulluq nümayəndəlikləri onun vətəndaşlarının hüquqlarını müdafiə etmək səlahiyyətinə malikdir".Hüquqşünas bildirib ki, Azərbaycan səfirliyi və konsulluqları Rusiyada yaşayan vətəndaşların saxlanması, hüquqi yardıma ehtiyacları, deportasiya halları və qeyri-insani rəftarla bağlı məlumatları araşdırmaq və Rusiya tərəfi qarşısında məsələ qaldırmaq hüququna malikdir:"Əgər Rusiya bu müdafiə imkanlarını məhdudlaşdırırsa və ya konsulluq yardımına mane olursa, bu, beynəlxalq hüququn pozuntusudur.Üçüncü hüquqi müstəvi dövlətlərarası münasibətlərdə bərabərlik və daxili işlərə qarışmamaq prinsipləridir. BMT Nizamnaməsinin 2-ci maddəsinə əsasən, hər bir dövlət digər dövlətin daxili işlərinə qarışmamaq öhdəliyinə malikdir. Əgər Rusiya tərəfi Azərbaycan vətəndaşlarına qarşı təzyiqləri bilavasitə etnik və ya siyasi səbəblərlə, xüsusilə bunu təzyiq aləti kimi həyata keçirirsə, bu, dövlətlərarası münasibətlərin pozulması kimi qiymətləndirilə bilər. Dördüncü aspekt mülki şəxslərin hüquqlarının müdafiəsi üzrə beynəlxalq hüquqi müdafiə mexanizmləridir. Azərbaycan vətəndaşları fərdi qaydada, xüsusilə də Rusiyada yaşamaq və işləmək hüququ pozulan, zorakılığa və ya hüquqi müdafiəsizliyə məruz qalan şəxslər, Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) şikayət verə bilərlər. AİHM təcrübəsində etnik ayrı-seçkilik, deportasiya zamanı qeyri-insani rəftar və vətəndaşların hüquqlarının effektiv müdafiə olunmaması halları üzrə çoxsaylı presedentlər mövcuddur.Nəhayət, bu məsələ iki dövlət arasında bağlanmış qarşılıqlı müqavilə öhdəlikləri kontekstində də qiymətləndirilə bilər. Azərbaycanla Rusiya arasında əmək miqrasiyası, hüquqi yardım, hüquqi münasibətlərin qarşılıqlı tənzimi və hüquqların qorunması ilə bağlı müxtəlif sazişlər mövcuddur. Bu sənədlərin pozulması və ya birtərəfli tətbiqi beynəlxalq müqavilə hüququ baxımından hüquqi məsuliyyət doğura bilər (Vyana Konvensiyası, 1969, Müqavilə hüququ haqqında).Beləliklə, hüquqi baxımdan qiymətləndirildikdə, Azərbaycan vətəndaşlarına qarşı ayrı-seçkilik, təzyiq və ya hüquq pozuntuları yalnız etik və siyasi deyil, beynəlxalq hüququn maddi və prosedur normalarının pozulması kimi də dəyərləndirilə bilər. Azərbaycan dövləti bu hallara qarşı həm diplomatik, həm də hüquqi müstəvidə reaksiya vermək hüququna və vəzifəsinə malikdir".Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
31
demokrat.az

10Mənbələr