Rusiyanın Yekaterenburq şəhərində azərbaycanlılara qarşı atılan addımlar, törədilən cinayətlər Azərbaycan ictimaiyyətində ciddi rezonans doğurub.
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov baş verənlərlə bağlı Bakıvaxtı.az-a müsahibə verib.
- Tofiq müəllim, Rusiyada azərbaycanlılara qarşı baş verən hadisələr nədən qaynaqlanır?
- Rusiyada baş verənlər sifarişli cinayətdir. Bunu hadisə adlandırmaq istəmirəm, çünki bəllidir ki, konkret sifariş olmasa, bu cür hal yaşanmazdı. Evlərə basqın edənlərin formasında "FSB" yazılıb. "FSB" əks-kəşfiyyat qurumudur. Bu baxımdan onların 24 il bundan qabaq baş vermiş cinayəti guya araşdırması təbii ki, adi məsələ deyil. Bu, hamıya bəllidir.
Digər yandan, belə addımlar başqa millətlərə qarşı da baş verir. Məsələ ondadır ki, bu cür addımlar Rusiya vətəndaşlarının bir hissəsini sevindirir, ancaq digər bir hissəsinə qarşı yönəlir. Qəribə bir mənzərədir. Elə bil Rusiya dövlətində müxtəlif "sort" vətəndaşlar əmələ gəlir. Yəni vətəndaşlığı olsa da, ruslarla qeyri-ruslara qarşı açıq ayrıseçkilik edilir. Düşünülür ki, qeyri-ruslara qarşı istənilən addım atıla bilər, hətta cinayət də törədilə bilər. Digərləri də buna baxıb sevinirlər. Fikirləşmirlər ki, sabah onlara qarşı da bu cür əməllər törədiləcək.
- Rusiya rəsmilərinin proseslərə dair açıqlamasını, Moskvanın yanaşmasını necə dəyərləndirirsiniz?
- Ümumiyyətlə, görürük ki, Rusiyada hakimiyyət iflic vəziyyətdədir. Açıq-aşkar görünür ki, müxtəlif qruplaşmalar bir-biri ilə rəqabət aparır. Aralarında ciddi konfrantasiya mövcuddur. Çevriliş cəhdləri də edilir. Ukrayna ilə aparılan müharibədə 3-4 ordu vuruşur. Hətta bizim təyyarəmizin vurulmasından sonra gördük ki, ayrı-ayrı qruplaşmaların hava hücumundan müdafiə silahları da var.
Rusiyada anormal hadisələr baş verir. Bu da gələcək böhranın göstəricisidir. Rusiyadan təkcə azərbaycanlılar yox, ruslar özləri qaçırlar. Ukraynada müharibə başlayandan sonra nə qədər adam Rusiyadan qaçıb, başqa yerdə özlərinə sığınacaq tapıblar. Hətta tanınmış ruslar belə Gürcüstana, Ermənistana, Qərb ölkələrinə üz tuturlar. Yəni siyasi və iqtisadi miqrasiya baş verir.
Rusiya böhran içindədir. Böhran vəziyyətində olan birdən-birə qərara gəlir ki, hansısa millətə qarşı addımlar atsın, münasibəti gərginləşdirsin. "Qaşınmayan yerdən qan çıxartmağa" çalışırlar. Bu vəziyyət mənə Sovet İttifaqının dağılmasından əvvəlki vəziyyəti xatırladır. O zaman məhz millətlərarası qarşıdurmalar yaratmağa başladılar, axırda da imperiya dağıldı. İndi həmin proseslər Rusiyada bilərəkdən, ya bilməyərəkdən yaşanır. Əks halda parlament sədri kimi yüksək ranqlı siyasilər məsələyə belə naşı yanaşmazdılar.
- Sanki Bakını nəyəsə təhrik etmək məqsədi güdürlər?
- Kimsə istəyir ki, bizi də baş verən hadisələrin iştirakçısına çevirsin. Azərbaycanı prosesə çəkmək istəyirlər. Amma biz prosesin tərkib hissəsi olmaq istəmirik. Əlbəttə, bu hadisə ailələr üçün böyük faciədir. Amma eyni zamanda insanlarımız prosesləri dərindən təhlil edir və başa düşürlər ki, vəziyyət nə yerdədir.
- Rusiyanın ölkəmizdəki Agentura şəbəkəsinin ifşa olunması prosesinə də başlanılıb. “Sputnik” informasiya agentliyində keçirilən əməliyyat buna əyani sübutdir...
- Bilirsiz ki, bizə qarşı informasiya müharibəsi elan olunub. Mediada, sosial şəbəkələrdə, rusdilli şəbəkələrdə Azərbaycana qarşı təbliğat cəhdləri var. Mən uzun müddət səfir vəzifəsində çalışmışam. Baltikyanı ölkələrində səfir olmuşam. O zaman da bizə qarşı təbliğatın şahidi olurdum. Müəyyən edirdik ki, Baltikyanı ölkələrdə Rusiya səfirlikləri trol şəbəkələri yaradır və onlar birbaşa digər mərkəzlərlə işləyirlər. O zaman vacib məsələdən biri Qarabağ münaqişəsi idi. Rusiya şəbəkələrinə işləyən trollar Azərbaycana qarşı güclü təbliğat aparırdılar. Bəllidir ki, sözügedən qurumlar müxtəlif dildə təbliğat aparırlar və çox fəaldırlar. ABŞ da iddia edirdi ki, rus şəbəkələri onların seçki prosesinə müdaxilə edir. Yəni, bu, praktikadır. Azərbaycan da bu informasiya müharibəsində hücumların qarşısını alarkən "Sputnik" Agentliyinin daxilində olan adamları neytrallaşdırır.
Bir müddət öncə də İrana xidmət edən şəbəkələrin ifşa olunması prosesini gördük. Belə praktikalar zaman-zaman tətbiq olunur.
Aydın Baxış