AZ

Gültac Əlili: Sənət yolumda hər zaman yolumu kəsənlər olub Müsahibə

Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

Müsahibim hər kəsin sevərək izlədiyi, gözəl və çox istedadlı aktrisamız Gültac Əlilidir.

Bu günə kimi film və seriallarda müxtəlif rollarda tanınsa da, “Qadınım” tamaşasındakı obrazı ilə daha çox səs-küy saldı. Həm sənətində, həm də evinin xanımı olmağı ilə iki yükün də öhtəsindən peşəkarlıqla gəlməyi bütün onu sevənlər kimi mənim də diqqətimdə idi. Bütün bu nüanslar, eyni zamanda mentalitetimizə zidd olan bir mövzunun öhtəsindən tamaşada layiqincə öhtəsindən gəlməyi əlverişli şərait yaratdı ki, ondan müsahibə alım. Elə isə müsahibəmi sizə təqdim edirəm:

-Bildiyimiz kimi, “Qadınım” tamaşası böyük tamaşaçı kütləsi qazandı. Bu uğuru aktyorların performansı, yoxsa ssenarinin yazılmağı ilə əlaqələndirirsiniz?

-Əlbəttə ki, siz hazır tamaşanı görmüsüz. Amma əsəri yazan Türkiyənin dahi məşhur dramaturqu Tuncay Cücənoğludur və təbii ki, buna görə mövzu çox gözəl, aktualdır. Dramaturqun işi də burada danılmazdır. Eyni zamanda bu əsər bir neçə ölkədə səhnələşdirilib və aktyorlar tərəfindən təqdim edilib. Mən isə düşünürəm ki, ən uğurlu versiya bizim ifamızda olandır. Hətta bunu tək mən yox, dramaturqun qızı Qamze Cücənoğlu da belə deyirdi. Ancaq bu da bir həqiqətdir ki, bizim ifamız əsəri tamaşaçılara daha gözəl və uğurlu versiyada təqdim edib.

– Bu tamaşanın hər yaş kateqoriyasından olan tamaşaçıları təsirləndirməsinin əsas səbəbini nədə görürsüz?

– Çünki o əsərdə hər kəsin həyatından bir parça var. İçi biz, mən, tərəf müqabillərim daxil. Yəqin ki, siz də bunu təsdiqləyərsiz dəfələrlə bu tamaşanı izləyən biri kimi. Orada hər kəs özünü görür. Hətta hər kəs özündən bir parçanı izləyir. Bu səbəbdən dolayı mən düşünürəm ki, bu əsər bu gün ilə ayaqlaşan bir əsərdir. Bu əsərin çox gözəl sosial bir mesajı var. Əsasən də xanımlara mesajı odur ki, aldanmayın. Öz evində həyat yoldaşı olan xanımlara isə belə bir mesaj ötürür ki, bəylərinizə qarşı nəvazişkar, daha diqqətli olun və ailənizə öz ailə üzvləriniz daxil- valideynləriniz qardaşlarınız və ya digərlərinin müdaxilə etməyinə icazə verməyin. Çünki ailə kiçik dövlətdir və bu dövlətin də qurucuları sizsiniz: ər-arvad. Aranızda olanlar sizin aranızda qalmalıdır, kənar müdaxilələr olmamalıdır. Hətta mən öz şəxsi həyatımdan da sizə misal gətirə bilərəm. On beş illik ailə həyatına sahib olan bir qadın kimi deyə bilərəm ki, mən nə, nə də ki həyat yoldaşım Hüseyn Əlili öz valideynləri daxil, kimsənin bizim ailə məsələlərimizə qarışmağına zəmin yaratmayıb, icazə verməyib. Düşünürəm ki, elə ona görə də on beş ilə gətirib çıxara bilmişik.

-“Qadınım” tamaşası o qədər uğur qazandı ki, siz hətta bu əsəri Türkiyədə də oynadınız. Sizin üçün orada, yoxsa öz ölkəmizdə bu tamaşanı oynamaq daha həyəcanlı idi?

– Əlbəttə ki, mən hər dəfə bu tamaşanı oynayanda eyni hiss-həyəcan və duyğularla bu tamaşanı yaşayıram. Bu tamaşa mənim sənət yolumda düşünürəm ki, çox gözəl tramplin oldu. Düzdü, buna qədər də mən “Bahar”, “Fatma” və digər obrazlarım ilə artıq özümü təsdiqləmişdim. Amma bütün bunlara baxmayaraq, bu əsəri Türkiyədə oynamaq daha həyəcanlı idi (türk dramaturqunun əsərini onun ölkəsində oynuyurduq). Və ölkəmiz adına bu uğuru qazanmaq “festivalın ən yaxşı tamaşası”adına layiq görülmək mənə elə gəlir ki, tək Akademik Musiqili Dram Teatrının yox, Azərbaycanın uğuru idi. Məncə, Türkiyədəki həyəcanımız bir fərqli idi.

–Günümüzdə belə bir münasibətlərlə qarşılaşmısınız? Yəni, evli insanla subay birinin münasibəti…

– O qədər. Ətrafımda saysız-hesabsız belə münasibət yaşayan insanlar var. Yəqin ki, siz də etiraf edərsiniz belə münasibətlərin şahidi olduğunuzun. Mən hətta bir çox yaxından tanıdığım insanların məşqlər vaxtı onların həyatını oynayırmış kimi hiss edirdim özümü. Və mənim oradakı göz yaşlarım, keçirdiyim iztirablarım şəxsən tanıdığım insanların hiss etdikləri acılarıdır, əslində. Mən də o rolu içdən oynayır, özümü o yerə qoyur və düşünürdüm ki, hər bir halda sən “məşuqə”sən. Hansı ali eşq, məhəbbət, duyğudan söhbət gedirsə getsin və hansı hisslər yaşanırsa yaşansın, bir zəngə görə həmin bəy əfəndi səni qoyub öz evinə gedirsə, demək ki sən onun məşuqəsisən, qadını yox.

-Bəs mentalitet baxımından siz belə bir münasibəti doğru qəbul edirsinizmi?

-Xeyr! Bu əsla doğru bir münasibət deyil. Boşanmış hansısa kişi və ya qadının bir-birinə qovuşması, evlənməsi kimi hallar normaldır. Ancaq hesab edirəm ki, evli kişi ilə subay qadının münasibəti heç doğru deyil. Çünki bütün qadınlar ana, hansısa ailəyə sahib olmalıdırlar. Başqasının əri olan bir kişi nə dərəcədə sənə övlad verə, sənin övladının atası ola bilər?! Hər şey məncə, qaydasında və ədəbi ilə olmalıdır.

-Sizcə, bu mövzu hal-hazırda nə dərəcədə aktualdır?

-Çox aktualdır. Hətta deyərdim ki, on nəfərdən doqquzu bu həyatı yaşayır. Elə ona görə də bu tamaşa bu qədər uğur qazandı. Çünki insanların marağı yarandı öz həyatlarını səhnədə görməyə.

-Bir sözlə, siz bu tamaşanın uğurunu mövzunun aktuallığına bağlayırsınız?

-Əlbəttə. Biz doğru yerdən silahımızı vurmuş,insanların mövqeyinə yaxınlaşmışıq. Lakin bütün qazandığımız

uğurları isə təkcə aktuallığa bağlamaq doğru olmaz. Bizim aktyor oyunumuz, tamaşaya verdiyimiz nəfəs, musiqilər səhnədən ötürdüyümüz enerji də bu tamaşanı aktual edən səbəblərdir.

– Bütün tamaşaçıları maraqlandıran bir sual da var ki, siz həmin tamaşadakı mahnıları canlı ifa edirsiniz?

– Təbii ki, canlı ifa edirik. O mahnılar hamısı mənim tərəf müqabilim Əmrah Dadaşovun seçimi ilə həm onun, həm də mənim ifamda canlı səslənir.

–Günümüzdə teatr insanlara nə üçün lazımdır?

– Bir ölkə dünyada mədəniyyəti, teatrı, musiqisi, kinosu ilə tanınır. Və mən düşünürəm ki, mədəniyyətin ən parlaq, ən gözəl, ən canlı nümunəsi teatrdır. Odur ki, teatr nəinki Azərbyacanda bütün dünyada cəmiyyət üçün gərəkli, faydalı bir məkan, məbədgahdır, bu gün Azərbaycanda teatr ona görə lazımdır ki, insanlar maariflənsin, mənəvi qidalansın və istirahət etsin. Ən önəmlisi isə həyatda edə bilmədiklərini, söyləyə bilmədiklərini teatrda aktyorların ifasında izləsinlər görsünlər. Mənə sual etsəniz ki, teatr sevgisi mədəniyyəti Azərbaycanda istədiyiniz yerdədirmi? Deyərdim ki, əvvəlki illərlə müqayisədə son dörd-beş ildir, məni qane edir. Bu bizim teatra gələn tamaşaçıların axınından, insanların məni teatr aktrisası kimi tanıyaraq dəyərləndirməklərindən, obrazlarım barədə danışmaqlarından görünür. Amma əlbəttə, mən hesab edirəm ki, teatr mədəniyyətini uşaqlarımıza evdə uşaq yaşlarından aşımalı, sosial platformalarda nümayiş olunan gərəksiz videolarla deyil, məhz teatr ilə dramaturq yazıçılarımızın yazdıqları səhnə əsərləri ilə övladlarımızı tanış etməli, fikirlərini belə faydalı istiqamətdə yönləndirmək lazımdır.

– Gültac xanım, sosial şəbəkələrdə paylaşımlarınızdan görürük ki, siz sənətinizin peşəkarı olmaqla yanaşı, eyni zamanda çox yaxşı evdar xanımsınız və cəmiyyətə də faydalı övladlar yetişdirirsiniz. Həm sənət, həm ailənin yükünü eyni anda daşımağı necə bacarırsınız?

-İnanırsınız, bu mənə ən çox verilən suallardandır. Tək bir cavabım var: bir insan nəyisə həqiqətən istəyirsə, onu mütləq bacarır. Yetər ki, istəyək, istəyək yenə də istəyək. Mən sənətdə qalmaq da istəyirəm, gözəl övlad yetişdirməyi də istəyirəm, eyni zamanda gözəl həyat yoldaşı, nümunəvi ana və evimin xanımı, sevilən, arzuolunan və tələbatlı da olmaq istəyirəm. Ona görə də bunların hər birinin öhtəsindən “əla” deməzdim, ancaq məharətlə gəlirəm.

–Övladlarınız sizi izləyiblərmi tamaşaçı qismində?

– Əlbəttə ki, onlar məni tamaşaçı qismində də izləyiblər və eyni zamanda mənimlə birlikdə səhnəyə də çıxıblar. Hətta buna görə məvacib də alıblar. Yəni biz eyni səhnəni paylaşırıq övladlarımızla birlikdə. Çünki onlar demək olar ki, teatrda gözlərini dünyaya açıb, orada böyüyüblər.

– Bəs övladlarınızla eyni səhnəni paylaşmaq sizin üçün nəyi ifadə edir?

-Yalnız və yalnız qürur hissi… Düşünürəm ki, bundan gözəl nə hiss ola bilər? Sənin əziyyətini çəkdiyin, onların yolunda yuxusuz gecələr keçirdiyin, ömrünü fəda edəcək qədər sevdiyin yavruların bu gün səninlə eyni səhnəni bölüşürlər.  Hətta mən çox yaxşı xatırlayıram: ilk dəfə yoldaşım Hüseyn səhnə arxasında (zakulis deyirik biz ora) ağlayırdı. Sual verdim ki, sən niyə ağlayırsan? Cavabı belə oldu ki, mən özümü görürəm səhnədə və öz-özümə fikirləşirəm ki, övladlarımız nə zaman bu qədər böyüdülər?! O qədər həssas bir məqamdır ki… Arzu edirəm ki, bütün valideynlər öz övladlarının bəhrəsini görsünlər və bütün övladlar öz valideynlərinə layiq övlad olsunlar.

-Mən övladlarınızın birini səhnədə izləmişəm və çox da uğurlu oynayıb. Bu uğuru genetik faktorlara, yoxsa yetişdirmə üsulu ilə əlaqələndirirsiniz?

-Əlbəttə ki, genetik faktor da rol oynayır. Amma biz onlara daim güvəndiyimizi, onların arxasında olduğumuzu xatırladırıq hər məqamda. Genetik faktorlar isə zənnimcə, çox önəmlidir. Bir də valideynlər (hansıki bu mənim üçün yaralı mövzudur) hər zaman övladlarına dayanmadan güvəndiklərini və onları çox sevdiklərini deməlidirlər. Hər zaman valideynlər çalışmalıdırlar ki, övladları ilə isti münasibət qursunlar. Eyni zamanda övladlar bilməlidirlər ki, onları etdikləri səhvləri, günahları, uğursuzluqları, savabları ilə də qəbul edəcək yeganə varlıqlar ana-atalarıdır.

–Bizim çox görkəmli sənətkarlarımız var ki, özləri də incəsənət sahəsini seçdiklərinə görə peşman olduqlarını etiraf edirlər, ailələri ilə problemlər yaşayıblar. Sizdə də yaşanıbmı elə bir problem?

-Əgər biz araşdırmağa başlasaq, bu gün də biz o problemi və səbəbi taparıq. Yenə qayıdıram əvvəlki fikrimə və vurğulamaq istəyirəm ki, mən “ailə” istəyirəm. Və problemin həllini problemdən daha çox istədiyimə görə, həll yolu axtarmağa çalışıram. Bütün gənc qızlara da tövsiyəm odur ki, ailə quracağınız kişi ilə öncə yaxşı dost olun. Bu, çox vacibdir. Şəhvəti qoyun kənara və öncəliklə dost olmağı bacarın. Əgər siz dost olmağı bacarmısınızsa, sizə dostunuzdan yaxşı heç kəs həyat yoldaşı, ömür-gün yoldaşı ola bilməz! Həyat və ömür bir səyahətdir. O səyahətə doğru insanla çıxmaq çox vacibdir. O insan səni yarıyolda da qoya bilər, səninlə birbaşa dünyanı fəth də edə bilər. Ona görə də dostluq çox vacibdir. Biz Hüseyn ilə ilk növbədə çox yaxşı dostuq. Bütün problemlərə də dost kimi yanaşırıq. Bir-birimizi sevən, bir-birinə hansısa hisslər bəsləyən insanlar kimi, yox dost kimi bir-birimizə yanaşırıq və oturub nəyisə müzakirə edirik. Hətta elə hal olub ki, biz boşanmağın da astanasından qayıtmışıq. Amma danışdıqdan sonra hər şeyi həll edib, yenidən öz evimizə qayıtmışıq. Və heç nə olmamış kimi də bir-birimizə davranmışıq. Çünki biz ailə istəmişik.

-Gültac Əlili istedadlı aktrisa olmasaydı, başqa hansı sənət-peşəyə yiyələnməyi düşünərdi?

-Restoran sektorunda özümü görərdim. Çünki siz də bilirsiniz, mənim aram bişirib-düşürmək ilə gözəldir. Özümü hansısa restoranın sahibəsi kimi görürəm ki, bu mənim gələcək planlarımda var. Sevənlərimi həmin məkana toplamaq, onlarla görüşlər keçirmək arzusundayam (təbii ki, xanımlardan gedir söhbət). Və mən özümü aktrisa olmağı kənaraq qoysaq, çox şanslı qadın hesab edirəm ki, məni sevənlər məhz öz həmcinslərimdi. Əlbəttə ki, mən gözəl və baxımlı qadınam. Mənə qarşı əks cins nümayəndələrinin də simpatiyası ola, ünvanıma xoş sözlər də deyə bilərlər. Onsuz da, bu normal haldır. Ancaq mənə qarşı xoş sözlər deyən, gözəl diləklər edənlərin böyük əskəriyyətinin qadın olması, tamamilə fərqli və möhtəşəm duyğudur. Mən bu hissləri nəinki həmkarlarıma, dünyadakı bütün qadınlara ürəkdən arzu edirəm. Çünki qadının özü çox güclü məfhumdur. Mən şanslıyam ki, həmcinslərim tərəfindən bu qədər sevilirəm.

-Kifayət qədər yaşı və sənəti olan aktrisalarımız var ki, sizin qədər sevilmir. Amma bu danılmazdır ki, uşaqdan böyüyə böyük bir kütlənin Gültac Əlili sevgisi var. Bu sevgi necə tez yaranıb?

-Məni yaxından tanıyanlar bilir ki, mən nə qədər səmimi insanam. Və hər kəs bu həyatda öz ürəyinə görə həyat yaşayır. Üzdə bizə çox yaxşı görünən insanlar ola bilər. Biz həmin insanları əvəzsiz, mərhəmətli, səxavətli hesab edə bilərik. Mən bu gün həyatdakı, sənətdəki mövqeyimdən çox razıyam. Həmd olsun bizi yaradana və bu işdə bizə yol açanlara. Doğru insanlarla qarşılaşmaq çox gözəl bir məqamdır. Mənim sənət yolumda hər zaman yolumu kəsənlər də olub, amma mənə yol açanlar yolumu kəsənlərdən daha çox olub. Buna görə də özümü çox şanslı hesab edirəm. Və təbii ki, mən sənətdə olduğuma görə bunu vurğulamalıyam-mən böyük ustadlardan, sənətkarlardan dəstək görmüşəm. Düzdür, yoluma daş qoyanlar da olub, amma daha çox sevgi, dəstək bu gün də görürəm. Hər birinə çox təşəkkür edirəm. Özləri də bilir. Allah da görür hər biri mənim dualarımdadır. Bacardığım qədər dəstək də olmağa çalışıram. Arzu edirəm ki, hər kəsin Allah yolunu doğru insanlarla qarşılaşdırsın, həmçinin sizin də.

Söhbətləşdi: Aynur Ədil

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
50
icma.az

10Mənbələr