EN

107 yaşlı Azərbaycan Polisi hər zaman üzərində düşən vəzifəni layiqincə yerinə yetirib

İyulun 2-də 107 yaşını qeyd edəcək Azərbaycan Polisi şərəfli və keşməkeşli yol keçib. Azərbaycan Xalq Cümhuriyyətinin dövründə dövlətin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynayan polis orqanları müstəqilliyin müdafiəsində ön sıralarda olub. 1920-ci il aprelin 27-də cümhuriyyətin süqutundan sonra da sovet ittifaqının tərkibində olan Azərbaycanda polis 70 il ərzində cinayətkarlığa qarşı qətiyyətli mübarizə aparıb, ictimai qaydanın və asayişin qorunmasında fəal iştirak edib. Ulu Öndər Heydər Əliyevin birinci dəfə ölkəmizə rəhbərlik etdiyi dövrdə – 1970-1980-ci illərdə Daxili İşlər Nazirliyi və ona bağlı orqanlar yüksək peşəkarlığı ilə fərqlənib.
Siyasi vəziyyətdən və faktorlardan asılı olmayaraq, Azərbaycan polisi hər zaman vətəndaşın, xalqın və dövlətin yanında olub, istənilən təhlükəyə qarşı sinəsini sipər edib. 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə qarşı ilk cavab verən də elə məhz milis qüvvələri və Daxili Qoşun hissələri oldu. İşğalçılarla döyüşlərdə 1700-ə yaxın polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucaldı, 1710 nəfər isə yaralandı. Göstərdikləri igidliyə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər orden və medallara layiq görüldü.
1994-cü ildə atəşkəs imzalanandan sonra bütün dövlət strukturlarında olduğu kimi, Daxili İşlər Nazirliyi sistemində də köklü islahatlar aparıldı, Daxili Qoşunların döyüş hazırlığı yüksəldildi, müasir silah və texnika ilə təminat, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi sahəsində bir çox mühüm qərarlar qəbul olundu.
Ulu Öndərin 1998-ci ildə imzaladığı Fərmana əsasən 2 iyul Azərbaycanda Polis günü kimi qeyd edildi.
Prezident cənab İlham Əliyevin hakimiyyəti dövründə Daxili İşlər Nazirliyinin bütün strukturlarının fəaliyyəti gücləndirildi, peşəkarlıq səviyyəsi artırıldı. Daxili Qoşunların peşəkar kadr özəyi formalaşdırıldı, Türkiyə Silahlı Qüvvələri, o cümlədən Jandarm Baş Komandanlığı ilə əməkdaşlıq gücləndirildi.
Ən müasir infrastruktura və maddi-texniki bazaya malik olan Azərbaycan polisi ictimai asayişin, qanunçuluğun qorunması üzrə peşəkar kadr korpusuna malikdir. Vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərinin etibarlı müdafiəsində, cinayətkarlığa, transmilli mütəşəkkil kriminal ünsürlərə qarşı mübarizədə barışmaz mövqe tutan daxili işlər orqanları hər zaman vəzifə borcuna sadiq qalıb.
Vətən müharibəsində Daxili İşlər Nazirliyi strukturlarının oynadığı rol bunun bariz nümunəsidir. Çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirən Daxili Qoşunların xüsusi təyinatlıları düşmənin yüzlərlə canlı qüvvəsini və döyüş texnikasını məhv edərək qəhrəmanlıq salnaməsi yaradıb. Bu müharibədə Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb. Doğma yurdumuzun işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşmüş Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər Prezident cənab İlham Əliyevin imzaladığı sərəncamlarla müxtəlif orden və medallara, o cümlədən 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. İstər Birinci Qarabağ döyüşlərində, istərsə də 44 günlük Vətən müharibəsində daxili qoşunların hərbi qulluqçuları və polis əməkdaşları işğalçılara qarşı mətinliklə vuruşublar. 2023-cü il sentyabrın 19-da Xankəndi şəhəri ətrafında öz vəzifə borcunu yerinə yetirərkən polislərimizin ermənilərin basdırdıqları minaya düşərək həlak olması dövlətimizin səbr kasasını tükəndirdi. Həmin gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz yüksək peşəkarlıq göstərərək işğal altındakı bütün əraziləri erməni separatçılarından təmizlədi. Antiterror əməliyyatı zamanı DİN-in 20 əməkdaşı şəhidlik zirvəsinə yüksəlib.
Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə yaradılan müvəqqəti komendantlıqların fəaliyyətinin təşkilinin DİN-ə həvalə edilməsi Azərbaycan polisinə olan etimaddan xəbər verir. Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Qarabağ və Şərqi Zəngəzurda polis gecə-gündüz xidmət həyata keçirir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərinə daxildir. Bu günə qədər 1000-dən çox Vətən müharibəsi iştirakçısı seçim turu mərhələlərindən uğurla keçərək polis orqanlarında xidmətə qəbul olunublar.
Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə DİN-in Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin yaradılması bu sahədəki neqativ halların aradan qaldırılmasında çox böyük əhəmiyyətə malik hadisə oldu. Azərbaycan Polisi mütəşəkkil cinayətkar qruplaşmalara, narkotiklərin qanunsuz dövriyyəsinə, eləcə də dövlətin konstitusion quruluşuna çıxanlara qarşı mübarizəsi xarici ölkə polislərinə nümunə kimi göstərilir. İnsan alverinə qarşı mübarizə sahəsində apardığı qətiyyətli mübarizə istər ölkə vətəndaşları, istərsə də beynəlxalq təşkilatlar tərəfindən təqdir olunur. Hazırda informasiya texnologiyalarından, sosial şəbəkələrdən istifadə edilməklə törədilən cinayətlərin sayında artım müşahidə edildiyi üçün polisin belə hüquqazidd əməllərə yol verən şəxsləri məsuliyyətə cəlb etməsi günümüzün əsas tələblərindən biridir.
Son dövrlər isə elektron xidmətlər, “E-Polis” mobil tətbiqi və digər informasiya resurslarının yaradılması ilə vətəndaş-polis münasibətlərində yeni mərhələnin başlanğıcı oldu.

İndi DİN-in sosial şəbəkə seqmentində olan hesabları dövlət orqanları arasında ən aktiv və əlçatan sosial hesablar olaraq tanınır. Vətəndaşlar günün istənilən vaxtı şikayət və müraciətlərini həmin hesablar vasitəsi ilə ünvanlaya bilirlər. Eyni zamanda nazirliyin sosial şəbəkə hesablarında mütamadi olaraq yayımlanan maarifləndirici video-çorxlar da izləyicilər tərəfindən müsbət qarşılanır. Bu da cinayətkarlığa qarşı proflaktik tədbirlərdən biri kimi qiymətləndirilməlidir ki, onu da yalnız demokratik ölkələrin peşəkar hüququ-mühafizə orqanları tətbiq edir.

Polisə qarşı qarayaxma kampaniyası apararaq hüquq-mühafizə orqanlarını gözdən salmaq, polisin legitim gücünü, ictimai nizamın dayaqlarını zəiflətmək istəyənlər öz layiqli cəzalarını almalıdır. Sirr deyil ki, ictimai təhlükəsizliyə cavabdeh olan polisə məqsədli informasiya hücumları daxili və xarici qüvvələr tərəfindən məqsədli şəkildə həyata keçirilir. Hər hansı video görüntüləri konteksdən çıxarıb təqdim etməklə sosial şəbəkələrdə manipulyasiyaya yol verən, emosional təsirlə vətəndaşları yanlış istiqamətlərə yönləndirən qruplar xaricdə anti-Azərbaycan şəbəkələri tərəfindən xüsusi təlim keçiblər.
Bütün bunlar Azərbaycan polisinin qətiyyətini, əzmini sındıra, onu dövlətçilik yolundan, qanuni fəaliyyətindən döndərə bilməz. Azərbaycanda polis-vətəndaş bağları o qədər güclüdür ki, kənar təsirlər onu qırmaq, zəiflətmək gücündə deyil. Çünki şanlı polisimizin arxasında Azərbaycan xalqı, dövlətimizin və Müzəffər Ali Baş Komandan durur.

Ramiz Alıyev
“İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı”nın sədri



Chosen
27
azia.az

1Sources