EN

Gəncəli gürcü balası Kukaraça Aydın Talıbzadə yazır

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Aydın TALIBZADƏ

İstərdim mövqeyimi öncədən konkret olaraq bildirim ki, sonradan ikibaşlı yozumlarla qarşılaşmayım. Həqiqətən, arzulardım ki, kaş "Kukaraça" kimi akvareldə, Pirosmani primitivizminə yaxın üslubda, personajları Rezo Qabriadzenin kuklaları tipajında işlənmiş, lakin ara-sıra içdən-içə sarı simə ustufca toxunan bir tamaşa Bakı teatrlarının repertuarında da olaydı. Yox, demirəm ki, gördüyüm tamaşa dahiyanə idi. Əsla. Amma hərdənbir öz sadəlövh, səmimi görüntülərilə zövq qapılarını döyəcləyirdi, ürkək-ürkək ruh dünyasının pəncərəsindən boylana bilirdi və sonucda, sən bu tamaşaya baxdığına görə vaxtına heyifsilənmirdin, baxtına kəc baxmırdın.

Gəncə Dövlət Milli Dram Teatrı ilə Gürcüstanın Huriya bölgəsinin Ozurgeti Milli Dram Teatrının birgə layihəsi çərçivəsində Nodar Dumbadzenin "Kukaraça" povestinin motivlərindən "pöhrələnmiş" eyniadlı tamaşa Azərbaycan teatrının gündəmində qəfil zühur elədi. Haradasa məni azacıq sevindirdi, azacıq şaşırtdı, hətta azacıq kefimi də durultdu. Nədən ki, teatr mədəniyyətimizin tarixində, əgər səhv eləmirəmsə, bir ilkə imza atıldı, bir qeyri-adi, unikal proyekt gerçəkləşdi, Azərbaycan və gürcü aktyorları bir səhnəni paylaşdılar, öz dillərində sərbəstcəsinə danışdılar, koloritləri qarışdırdılar, bir Qafqaz evi yaratdılar, səmimi ülfət bağlayıb anlaşdılar, anladıqlarını anlatdılar: gürcü gürcücə dedi, azərbaycanlı eşitdi; azərbaycanlı azərbaycanca dedi, gürcü eşitdi və birlikdə bir-birinə dəstək olub gürcülərin sovet keçmişindən bir xatirəni gürcü koloritilə aşılanmış ovqatlar mənzərəsində yaşatmağa çalışdılar.

"AMARKORD", YƏNİ MƏN XATIRLAYIRAM

Tiflis... Varazisxevi məhəlləsi... Yayın əvvəlidir... Uşaqlar sərçə sürbəsi kimi meyvə ağaclarına daraşıblar: özlərini elə aparırlar ki, sanki şəhər yalnız onlara məxsusdur. Hətta bu dəcəl, şuluq davranışda yüngülvari bir cinayət tərkibi də var. Hərçənd gənc milis sahə müvəkkili Kukaraça - Georgi Tuşuraşvili uşaqların bu dəcəlliyi qarşısında bir sipərdir, onların indisinə və gələcəyinə mehriban bir nəzarətdir.

N.Dumbadze öz "Kukaraça" adlı povestini təqribən belə bir pastoral ruhlu təhkiyə ilə başlayır və həməncə də bu ovqatı "ay camaat, Kukaraçanı öldürüblər" xəbərilə dağıdır, əhvalatı xatirə çətirinin altına yığır. Çünki povest bir bütövcə olaraq 1979-cu ildə ikinci infarkt ərəfəsində 50 yaşlı Tamazın xəyalən keçmişə səyahətidir, Varazisxevi məhəlləsinə geri dönüşüdür, yeniyetməliyinin əsas hadisə və epizodlarını öz varoluşunun böhran məqamında xatırlamasıdır.

Əslində, Tamaz heç nə xatırlamır: sadəcə, ötən günlər onun gözləri önündən bir film-yuxu-duman kimi, keçmişin kölgələri kimi ötüşüb keçir. Tamaz orada, o müdhiş yuxuda görür ki, özü oturuşmuş bir kişidir, Kukaraça isə hələ də 21-22 yaşlarında cavan bir oğlan... Amma buna rəğmən, Kukaraça yenə də yeniyetməlik çağlarında olduğu kimi, Tamazın qənşərində dayanıb ona öyüd-nəsihət verir. Ol səbəbdən Varazisxevi məhəlləsinə aid əhvalatların mərkəzi fiquru Tamazdır: təhkiyə kompozisiyası onun qavrayışına görə formatlaşdırılır.

Beləliklə, bir tərəfdən povest zaman etibarı ilə infarkt öncəsi təsəvvürə gətirilən xəyal-yuxunun vaxtını özündə ehtiva edir, digər tərəfdən isə bu xəyal-yuxuda yaşanılan xatirənin süjeti düz 1 ilə sığışır: süjetin hadisə və faktlar zənciri 1940-cı ildə yay mövsümünün başladığı vaxtdan start götürür, 1941-ci ilin 21 iyununa, II Cahan savaşının mühüm bir səhifəsinin açıldığı günədək bədii təhkiyə kompozisiyasında davam etdirilir. Daha doğrusu, hadisə Murtalonun məhkəməsilə məhz bu tarixdə bitir, səhərisə ümumxalq fəlakəti ucbatından həməncə unudulur. Göründüyü kimi, N.Dumbadze öz əsərində zamanla plastilin kimi davranır, hadisə və yaşantıları zaman içinə maqqaşla düzür, təhkiyə burulğanında nəyisə böyüdüb iri planda göstərir, nəyisə kiçildib arxa plana yığışdırır, perspektivlə işləməyi əla bacarır, zamanı "duyğularla" kəsib-doğrayıb montaj eləyir.

Nəsr kino sənətinin materialına çevriləndə "xoşhallanır", "şadlanır", teatra gələndə isə  "qayğılanır": bilir ki, şərtiliklərlə buxovlanacaq. Odur ki, əgər teatrda müəllif təhkiyəsi səhnənin obrazlı dil sistemində adekvat ifadə olunmursa, nəsr öz təravətini, təsirləndirmə sehrini itirir. Bəs "Kukaraça" povestinin səhnə variantında bunu gerçəkləşdirmək mümkünləşibmi?

Səhnələşdirmə (Niniya Sadğhobeloşvili) bir qədər eskizvari olsa da, zatən, "Kukaraça" povestinin tamaşa variantından ötrü yetərlidir və əsasən bir sevgi hekayətində Kukaraça - Murtalo qarşıdurumunun brutallığını, amansızlığını qabartmağa, gürcü huşyarlığını, zarafatını, insanpərvərliyini vurğulamağa hesablanıb.

Tamaşanın quruluşçu rejissoru Vaso Çiqoqidze də səhnələşdirmənin arxasınca gedərək həm povestin başlanğıc epizodunun təcəssümündən, həm məyusedici qəmli xəbərdən, həm də süjeti birbaşa Tamazın xatirəsi qismində danışmaq iddiasından imtina edir, hadisəni "dördüncü divar" estetikasında oynamağı üstün tutur. O, quruluşçu rəssam Lomğuli Musiridze ilə birgə povest ekspozisiyasının səhnə obrazını kinorejissor Otar İoseliani filmləri üçün səciyyəvi bir ovqatda vizuallaşdırır, Varazisxevi məhəlləsinin gürcü koloritini yansıtmağa, binaların, evlərin ruhunu kətan üzərində asudə bir manerada cızılmış rəsmlərin köməyilə görükdürməyə çalışır, birinci planın sol küncündə, güman ki, çoxsakinli, arı pətəyinə bənzər həyətin metal konstruksiyalı, ağ rəngə boyanmış spiralvari pilləkənini ucaldır, ailə planında Anikonun mənzilini qurur, sağda isə effektli bir tərzdə işıqlandırılmış yamyaşıl, nurlu bir ağac "əkir". Bu anturaj içrə rejissor personaj-tipləri tünd rənglərin dominantlığı ilə tikilmiş gürcü geyimlərində (geyim rəssamı Ketevan Tsitişvili) Anikonun mənzilinin önünə toplayır, onları frontal mizan üzrə səhnə planşetinə düzüb fotoşəkildə olduğu kimi kadr-görüntünü bir anlığa dondurur, statikləşdirir. Fikir, məram birmənalıdır: Varazisxevi məhəlləsinin sakinlərini rejissor təkcə mehriban qonşular statusunda yox, ailə üzvləri statusunda təqdim edir seyrçilərə. Nədənsə mən bu mizana Niko Pirosmani tablolarının, köhnə Avlabarın, Şeytanbazarın ruhunun qonduğunu duydum. Bu mizanla rejissor həm də onu söylədi ki, biz bir teatr olaraq keçmişin kölgələrini oynayırıq.

Əlavə onu da vurğulayım ki, bu mizan-foto-görüntü səhnədə göstəriləcək epizodların emosional-psixoloji səciyyəsini işarələyir, tamaşa poetikasına açar olur: yəni teatr Varazisxevi məhəlləsi sakinlərinin 1940-cı illərdə çəkdirdikləri köhnə fotoşəklin atmosferinə, ovqatına köklənib "Kukaraça" tamaşasını retro üslubda səhnədə canlandıracaq, praktiki surətdə fləşbək yolu ilə Tamazın infarkt öncəsi xəyalən getdiyi keçmişə gedəcək, mizan-fotoda görünən fiqurları bir-bir "dirildəcək", onları yenidən Varazisxevi məhəlləsində futbol oynayıb, şuluq salıb hay-küy qoparmağa, məhəllə həyatını yaşamağa sövq edəcək. Faktiki surətdə quruluşçu rejissor bu lakonik priyomla povestin finalındakı xəyal-yuxu-xatirə motivini ustacasına tamaşaya gətirmiş olur. Təbii ki, 1980-ci ildə ikinci dəfə infarkt keçirmiş yazıçı tərəfindən yazılıb sovet dönəminin say-seçmə nəsr nümunələrindən biri kimi gürcü mentallığının, xarakterinin, zarafat və yumorunun, gürcü həyatsevərliyinin, ədəbiyyat, teatr və kinematoqrafiyasının çoxsaylı simvollarından birinə çevrilmiş "Kukaraça" povestini oxumayanlar tamaşaya baxanda bunun fərqinə varmayacaqlar, bilməyəcəklər ki, Nodar Dumbadze öz personajlarından birinə - Tamaza - yaman bənzəyir. 

Amma eybi yox: bu, tamaşanın qavranılmasına əngəl törətmir.

KUKARAÇA VƏ MURTALO

N.Dumbadzenin Kukaraça adlı obrazı bir yandan rus sovet şairi S.Mixalkovun kitab halında ilk dəfə 1955-ci ildə nəşr etdirdiyi poetik pentalogiyasının qəhrəmanı milis işçisi Styopa əmilə, o biri yandan isə gürcü kinorejissoru O.İoselianinin "Bir qaratoyuq yaşayırdı" (1970) bədii filminin personajı simfonik orkestrdə litavr ifaçısı Giya Aqladze ilə baxışır. Kukaraça - Georgi Tuşuraşvili xeyirxahdır, alicənabdır, rəhmdildir, ədalətlidir, Sovetlər Birliyinin sadiq əsgəridir Styopa əmi kimi; litavr ifaçısı Giya Aqladze ilə onu yaxınlaşdıran cəhət isə hər yerə çatmaq, hər yerdə olmaq, hər şeyi nəzarətdə saxlamaq iddiasıdır.

Bəs onda niyə Georgi Tuşuraşvilinin ləqəbi Kukaraçadır?

Maraqlısı budur ki, povestin bütün məna potensialı, kriptosu neqativ auralı bu ləqəbə yüklənib. Nədən ki, "kukaraça" ispanca tarakan deməkdir və meksikalıların zarafatyana oxuduğu bir mahnının adıdır. Təsəvvür edirsinizmi, yazıçı öz sevimli qəhrəmanını tarakan sözü ilə aşağılayır, ələ salır. Nə üçün?

Qısa bir anons: Meksikada ötən əsrin əvvəllərində inqilab çağlarında hökumət qoşunlarını, sən demə, rişxəndlə "kukaraça" çağırarlarmış. Ol səbəbdən onlara kukaraça deyilirdi ki, qara bığlarının uclarını eşib tarakan "bığları" kimi uzadırdılar, tarakanlar kimi sürətlə qaçışırdılar və tarakanlar kimi hər yeri basmışdılar.

Georgi Tuşuraşvili də sovet qoşunlarının təmsilçisidir və "KUKARAÇA" çağırılmağı haradasa haqq edir.

Bu onu bildirir ki, N.Dumbadzenin ucaboy, yaraşıqlı milis leytenantı Tuşuraşviliyə münasibəti heç də birmənalı deyil: o, öz personajına gülür, lağ eləyir, onunla zarafatlaşır, tez-tez ona xəcalətli anlar yaşadır və sonucda "hərif" Kukaraçanı cani Murtalonun əliylə öldürür.

Hm... Qəribədir...

Fikir verin, povestin protoqonisti Kukaraçadır, başqa sözlə, Tarakan ayamalı milis leytenantıdır, antoqonisti - Murtalo, yəni Murdar ləqəbli cani. Gürcülər lığırsanı, alçaq adamı "murtalo" sözü ilə aşağılayırlar. Ancaq mən əminəm ki, murtalo elə azərbaycanlıların "murdar" kəlməsindən düzəldilmədir. Razılaşaq ki, insan qavrayışında tarakan da ən murdar həşərata tay tutulur. Bu kontekstdə Kukaraça ilə Murtalo eyniləşirlər, bir-birinə tay olurlar.

Hm... Qəribədir...

Onda bəs nədən N.Dumbadze öz qəhrəmanları ilə bu sayaq davranır: birini qara tarakan eləyir, digərini murdar?

Şəxsən mən burada N.Dumbadzenin gizli dissidentliyini görürəm: o, Kukaraçanı sevmir: tarakanı sevmək olmaz. Çünki Kukaraça sovet hökumətinin köləsidir və bir kölə kimi gürcülərin azadlığını boğazlayıb dustaqlayır, hətta papiros çəkən yeniyetmədən belə qəbz alır ki, o, bir daha papirosa əl uzatmayacaq. Təsadüfi deyil ki, Kukaraçaya qəzəblənmiş Tamaz da onu "casus" adlandırıb suçlayır. Kukaraça hara, casusluq hara? O, kimdən kimə casusluq eləyir? Bəlkə gürcüləri tutub sovet ədliyyə orqanlarına təhvil verdiyi üçün onu casusluqda suçlayır Tamaz? Kukaraça Gürcüstanı və gürcüləri nə qədər sevsə də, bütün hallarda azadlığın qollarına qandal vuran sovet hərb maşınının həşəratı kimi qavranılır gürcülər tərəfindən. Odur ki, N.Dumbadze fürsət düşən kimi öz zarafat və kinayə "iynələrini" milis leytenantı Tuşuraşviliyə batırmaqdan çəkinmir.

Murtalo kimi bir cani, bir oğru, bir qatil təkcə adi adamı, adi milis leytenantını, adi tarakanı - Kukaraçanı - öldürmür, o, sovet-fin müharibəsinin qəhrəmanını öldürür!!!

Hm... Qəribədir...

N.Dumbadze, baxın, Murtalonu gətirib cürətin hansı zirvəsinə qaldırır və hətta onu Gürcüstanı hüdudsuz sevən bir vətənpərvər qismində tanıdır. Belə ki...

... Murtalo mənfur və məşhur cinayətkar olsa da, Gürcüstanda oğurluq eləmir!!!

Bu, Murtalodan ötrü mənəvi yasaqdır, namus işidir, onu N.Dumbadzenin gizli qəhrəmanına çevirən amildir. Gürcüstan onun üçün müqəddəs, toxunulmaz bir məkandır və o, öz yeganə məsum sevgisini də elə burada tapır. Murtalo əbəsdən İnqaya söyləmir ki, "sən mənim üçün Allahın hədiyyəsisən"; heç nədən, heç kəsdən çəkinməyən bu insan əbəsdən etiraf eləmir ki, mənim yeganə qorxduğum nəsnə dünyanı sevgisiz tərk etməkdir. İnqa Laliaşvili Gürcüstanın rəmzi kimi oxunur bu kontekstdə və bica deyil ki, Kukaraça da elə həmin bu qadına aşiq olur.

Bununla da N.Dumbadze sosial-siyasi məsələlərə, sovet rejiminə öz yazıçı-vətəndaş münasibətini, öz dissidentliyini sevgi üçbucağının çətiri altında qismən neytrallaşdırır, onu təhkiyənin bir küncündə sanki ört-basdır eləyir.

Səhnələşdirmə müəllifi üçün də, quruluşçu rejissor üçün də məhz elə bu "çətir" önəmli və maraqlıdır. Ona görə də "həyatdan sevgisiz gedənlər bədbəxtdirlər" konsepti tamaşanın semantika çənbərində dominant mövqe sərgiləyir.

AKVAREL TAMAŞANIN KÖLGƏLƏRİ

Kölgələri akvareldə işarələmək, akvarellə görükdürmək daha əlverişli və effektlidir.

Vaso Çiqoqidzenin mizanları akvarel boyalar içindən boylandığından o, tamaşanın əsas obrazlarının ifaçılarını səhnə oyunu davam edə-edə tez-tez dəyişdirə, şəkilləri neqativlə əvəzləyə, görüntüləri kölgələşdirə bilir: bir də görürsən ki, azərbaycanlı Kukaraça azərbaycanca danışa-danışa gürcü aktyorlarla təmas yaratdı, gürcü Kukaraça isə əksinə, bir anın içərisində azərbaycanlı aktyorlarla əhatə olundu. Belə ki, tamaşanın ayrı-ayrı fraqmentlərində eyni bir rolu gah gürcü aktyor oynayır, gah azərbaycanlı aktyor. Ona görə də mizanlar səhnədə akvarel boyalar kimi axıcıdır, sızıntılıdır, dəyişkənliyə meyillidir. Tamaşada məhz bu axıcılıq mizanların forma dinamizmini, kölgə-xatirələrin səhnə məkanında güzgülənməsini təmin edir.

Gəncə teatrının aktyoru Murad Meyfaliyev Tuşuraşvili obrazında öz fakturası, tutalım, qaraşınlığı, qara bığları, yumşaq plastikası ilə haradasa kukaraçalığı yansıtmağa yaxındır. Ozurgeti teatrının aktyoru Giorgi Dolidze isə Kukaraça rolunda milis leytenantından daha çox Qori gimnaziyasının şagirdlərini xatırladır, affektiv, major oyun tərzinə meyillənir və səhnəyə hər çıxdığında seyrçi tərəfindən dalaşqan birisi kimi fiksə edilir. Muradın Kukaraçası mülayimdir, həlimdir, sakitdir, heç də iki tankı öz tankı ilə sürükləmiş diribaş qəhrəmana bənzəmir, Aniko, İnqa, Murtalo ilə ünsiyyət zamanı sanki kölgədə qalır, aciz adam təəssüratı oyadır.

Murtalo rolunun ifaçısı azərbaycanlı aktyor Elxan Abbasov da görünüşcə personajın N.Dumbadze tərəfindən sözlə cızılmış bədii portretinə uyğun gəlir. Lakin öz aktyor tipajına görə Azərbaycanın tanınmış səhnə sənətçisi Həsənağa Salayevə bənzəyən Elxan Abbasov nədənsə Murtalo obrazını F.Şiller dramaturgiyasının ehtirasları burulğanında, Karl Moor stixiyasında oynamağa cəhd göstərir və bu müstəvidə Murtalonun "kriminal avtoritet" imici, brutal cazibəsi ştamplar tələsinə düşür. Murtalo öz brutal cazibəsini itirəndə isə istər İnqa ilə söhbətlərində, istərsə də tamaşanın münasibətlər sistemində inandırıcı ola bilmir. Personajla aktyor arasındakı yaş fərqi də tamaşanın bədii-estetik mündəricəsinin neqativlərindən biri kimi qavranılır.

Murtalo mərdlik və nakişilik marşrutunun oyunçusudur: asanlıqla birindən digərinə sıçraya bilir.

Onun İnqaya olan sevgisi, rəğbəti və sədaqəti obrazı igid, mərd oğru səviyyəsinə yüksəldir. Kukaraça Murtalonu İnqanın otağında yaxalayıb tutmaq istəyəndə qadının yalvarış və qorxularına yenilib qatı cinayətkarı sərbəst buraxır.

Bu, Kukaraçanın qələbəsidir: o, öz taleyini sevgilisi İnqaya hədiyyə edir, ucaldıqca ucalır. Murtalo isə Kukaraçanı İnqanın otağında yaxalayanda nakişilik edib milis leytenantını qətlə yetirir.

Bu, Murtalonun məğlubiyyətidir: o, Kukaraçanı güllələməklə İnqanın sevgi dünyasının işıqlarını söndürür. N.Dumbadze məhz burada Murtalonun üstündən bir insan kimi iki çarpaz xətt çəkir. Gərçi Kukaraçanın qətli qısqanclıq zəminində yozularsa, onda Murtaloya bəraət qazandırmaq mümkün olacaqmı? Xeyr, qətiyyən. Çünki Murtalo Kukaraçanı öldürməklə Qafqaz kişilik kodeksini pozdu.

N.Dumbadze əla bir nəsr ustası kimi öz qısa povestində Kukaraça və Murtalo münasibətlərini elə bir kombinatorikada təqdim edir ki, kimin kim və nə cür olduğunu dəqiq müəyyənləşdirmək imkanı hədsiz dərəcədə azalır. Odur ki, bu obrazların səhnə variantını yaratmaq da, epizodlarda, ayrı-ayrı dialoq və davranışlarda onların taleyini danışmaq da aktyorlardan ötrü əməllicə çətinləşir: akvareldə işlənmiş tamaşada pozitivlə neqativin balansını gözləmək çox zaman onlara müyəssər olmur. Elə bu səbəbdən də istər Kukaraça, istərsə də Murtalo aktyorların ifasında yetərincə effektli alınmır.

Gürcü aktyor Levan Saginadzenin təqdimatında Murtalo daha qrafik təsir bağışlayır: səhnədə az görünməsinə rəğmən, o, öz personajının "kriminal avtoritet" siluetini cıza bilir, onun qorxaq, murdar təbiətini də dəqiq reaksiyaları ilə yansıtmağı bacarır. Bu, İnqanın məhkəmədə Murtaloya atəş açdığı zaman xüsusilə özünü bəlirtir.

Kukaraça ilə Murtalo düyününün, bir az daha sərt desəm, konfliktinin adı İnqa Laliaşvilidir. Məhz İnqanın seçimi əsərin ideyasını gün işığına çıxarır. Tamaşada konsept olaraq iki fərqli İnqa Laliaşvili var. Biri Gəncə teatrının aktrisası Kəmalə Məmmədovanın yetərincə yaraşıqlı, ətli-qanlı İnqasıdır. Kəmalə xanım İnqanı xoş xasiyyətli, mehriban, haradasa yüngül əxlaqlı bir qadın kimi oynayır. Ozurgeti teatrının aktrisası Tamar Canukvadzenin ucaboy İnqası isə dekabristlərin arvadları ilə Leninin qatili Kaplan arasında mövqelənir; sərt maneraları ilə seçilir ki, bu da tamaşanın "akvarel" poetikasının rənglərini tündləşdirir.

İnqa kimi Aniko obrazı da "Kukaraça" povesti üçün çox önəmlidir. Əgər İnqa süjetin inkişaf dinamikasını tənzimləyən faktordursa, Tamazın anası Aniko bütün yaşananların əxlaq və mənəviyyat kəməridir. Rolun hər iki ifaçısı, istər azərbaycanlı Sevda Orucova, istərsə də gürcü Tamar Mininaradze məhz bu konsepti əsas götürərək Anikonu alicənab məhəllə anası, məhəllə ağbirçəyi plastikasında rəsm edirlər. Aniko səhnəyə həm real personaj kimi, həm də Tamazın xəyalından keçən kölgələrdən biri kimi çıxır. Kölgə-Aniko aktrisa Şükufə Salmanlıdır və bu üç aktrisa səhnədə Anikonun Məhəllə Anası heykəlini yaratmaq iddiasındadırlar.

Bu müstəvidə yerinə düşər onu da söyləsəm ki, Gəncə teatrının aktyoru Elmir Məmmədov Tamazı hadisələrin bəlkə də ən mühüm iştirakçılarından biri kimi təqdim edə, onu xarakterə çevirə bilmir. Halbuki Varazisxevi məhəlləsinin nə vaxtsa baş vermiş əhvalatlarını, bu əhvalatların iştirakçılarını öz xatirəsində retuş eləyən adam Tamazdır və Tamaz yazıçının alter eqosudur.

Varazisxevi məhəlləsinin bütün ikinci dərəcəli personajları öz geyimləri, davranışları ilə tamaşada əla fon yaradırlar: səhnəyə qədəm basan kimi öz fakturaları ilə sovet Gürcüstanının taleyini danışmağa başlayırlar. Bu da ona dəlalət eləyir ki, kütləvi səhnələri, xırda detalları quruluşçu rejissor xarakterlərə nisbətən daha dəqiq, daha böyük zövqlə işləyib.

Və bununla belə... Tamaşanın tempi çox yüksəkdir: sanki hamı əhvalatı sürətlə danışıb bitirməyə tələsir. Bu da anlaşılasıdır. Çünki səhnələşdimə 20 konkret personajdan və üstəgəl, qonşulardan ibarətdir. Hələ bundan əlavə müəyyən rollar həm gürcü, həm də azərbaycanlı aktyorlar tərəfindən ifa edildiyindən səhnədə onların sayı haradasa 40-a çatır: busa səhnə planşetini aşırı yükləyir, səhnədə bir basırıq yaradır, ayrı-ayrı  emosional epizodların təsir gücünü tükədir, prosesdə xarakterin doğulmasına və açılmasına mane olur. Nəticə etibarı ilə aktyorlar psixoloji yaşantıdan imitasiyaya qaçmaq məcburiyyətində qalırlar. Tamaşanın mizan rəsmi də akvarellə çəkildiyindən orada nöqtə və vergüllərin yeri tez-tez itir: akvarel tabloya ləkələr düşür.

Əlbəttə ki, Azərbaycanın və Gürcüstanın bölgə teatrlarının "Kukaraça" proyektinin o qədər sosial-siyasi, kulturoloji, kommunikativ, psixo-koqnitiv pozitivləri var ki, onlar bütün neqativləri öz içində əridirlər. Bu səbəbdən də hər iki teatra əməkdaşlığı genişləndirmək istiqamətində uğurlar diləmək, Aqil Bəhramlıya isə bu özəl layihə üçün təşəkkürlər etmək mənim teatrşünas borcum!..

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
21
41
525.az

10Sources