AZ

“Ələsgər Məmmədli cinayətkardırmı?” Aslan İsmayılov yazır...

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

Tanınmış vəkil və ictimai xadim Aslan İsmayılov, hazırda həbsdə olan hüquqşunas Ələsgər Məmmədli haqqında yazıb.

Gununsesi.info sözügedən paylaşımı təqdim edir:

“Ələsgər Məmmədli cinayətkardırmı?” başlığı altında yazdığım bu sualın özündən belə xəcalət çəkdim, çünki özü ilə şəxsən bir stəkan çay içməsəm də, uzun illər bir hüquqşünas kimi Ələsgərin fəaliyyətini izləmişəm. Bir media eksperti olaraq onun kimi fəaliyyət göstərən, cəmiyyətə fayda verən ikinci hüquqşünas, media eksperti tanımıram. Bir çox tədbirlərdə onun davranışını da seyr etmişəm. Həmin toplantılarda iştirak edənlərin içində öz davranışı, ziyalılığı ilə də Ələsgər hamıdan seçilib. Ələsgər həm də özünə hörmət qazanan müəllim olub. Bir vaxtlar hakimiyyətin balaca bir müsbət işini qeyd edəndə müxalifət, QHT təmsilçiləri mənə “hakimiyyətə satılmış” damğası vuranda da Ələsgərin bu kampaniyaya qoşulmadığını gördüm. O, öz işini bilən, başını aşağı salıb, heç bir reklam olmadan sadəcə cəmiyyətə fayda verən işi ilə məşğul olub. İndi belə biri haqqında “o, cinayətkardırmı”? sualını vermək özü vicdanlı şəxs üçün qəbahətdir. 44 günlük Vətən müharibəsindən, Qarabağ probleminin həllindən sonra özümə söz vermişdim ki, uzun illər apardığım ictimai işlərdən əl çəkəcəyəm. Çünki daim, xüsusilə, 2013-2020-ci illərdə nə çəkdiyimi tək özüm bilirəm. Ən dəhşətlisi də o idi ki, ən çox haqsızlığı daim tənqid etdiyim hakimiyyətdən yox, müdafiə etdiyim müxalifət təmsilçilərindən gördüm. Bir neçə gün bundan əvvəl jurnalist adına layiq olan çox az saylı gənc jurnalistlərin uzunmüddətli həbsini eşidəndən özümə rahatlıq tapmırdım. Bu gün Ələsgər haqqında oxuyanda artıq susmağın da bir həddinin olduğunu düşündüm və yaşıma, səhhətimə baxmayaraq fikrimi paylaşmaq qərarına gəldim. Azərbaycan mətbuatına reketlik, əxlaqsızlıq gətirən bəzilərinin əməkdar jurnalist adı daşıdığı bir vaxtda vicdanlı jurnalistlərin həbsdə olması ən azından cəmiyyət üçün çox ziyanlıdır. Bu fikrim həbs edilən bütün jurnalist adı daşıyanlara aid deyil. Onların içində həqiqətən həbs edilməli olanlar da var idi. Yalnız “Toplum TV”, “Abzas Media işi” üzrə həbs olunanların, qanun pozuntusuna yol vermiş olsalar belə, azad olunması birinci növbədə hakimiyyətə başucalığı gətirər. Xüsusilə, indiki vaxtda hamımızın, o cümlədən hakimiyyətin belə vicdanlı jurnalistlərə ehtiyacı var. Əminəm ki, Dövlətimiz üçün təhlükə olsa, məhz bu jurnalistlər şəxsi münasibətlərini kənara qoyub Dövlətimizi müdafiə edəcəklər. Ən əsası ilk növbədə hakimiyyət təmsilçilərinin öz maraqları üçün yox, ictimai maraqlar üçün çalışan tənqidçi jurnalistlərə çox ehtiyacı var. Bunu bu gün ölkədə baş verənləri diqqətlə izləyən hamı görür. Yəqin, düşünəcəksiniz ki, bu vurhavurda jurnalist yeridirmi? Bəli, məhz indi bu məsələ daha vacibdir”.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
50
icma.az

10Mənbələr