EN

“Günahkar olduğuna görə yox, azərbaycanlı olduğun üçün işgəncə verirlər….” Gündüz Məmmədov YAZIR...

ain.az bildirir, Gununsesi portalına istinadən.

Rusiyanın Sverdlovsk vilayətində saxlanılan azərbaycanlılardan ikisi, Səfərov qardaşları vətənə tabutda qayıtdı. Rusiya rəsmiləri ölüm səbəbi kimi “ürək çatışmazlığı” və “küt travma” göstərsələr də, Azərbaycan məhkəmə-tibbi ekspertizası başqa həqiqəti üzə çıxardı: qabırğalar sınıb, plevra yırtılıb, bədəndə hematomalar, ağciyər və beyin qanaxmaları aşkarlanıb.

Qardaşlardan biri sadəcə ölməyib, döyülərək qətlə yetirilib. Bu, qəza deyil. Bu, izahı olmayan qəddarlıqdır. Bu, bir insanın bədənində sistemli işgəncənin izləridir. bu qəza deyil. Bu bir sistemdir.

Bu iş üzrə sağ qalan məhbuslar danışır: döyülüblər, tüfəng dəyənəyi ilə işgəncəyə məruz qalıblar, boğularaq öldürülənlər olub. Onları etmədikləri cinayətləri etiraf etməyə məcbur ediblər. Nəyə görə?

Çünki azərbaycanlıdırlar.Çünki “qafqazlı”dırlar.Çünki bu ölkədə belə şeylər mümkündür.

Bu, ayrı-ayrı polislərin vəhşiliyi deyil. Bu, milliyyətə görə tətbiq olunan sistemli zorakılıqdır.

Rusiya uzun illərdir azərbaycanlının, qafqazlının üzərinə “cinayətkar” damğası vurmaqla məşğuldur. Dövlətin əlindəki təbliğat maşını – Solovyov, Skabeeva və onların kimiləri – hər cinayət hadisəsini millətə bağlayır, etnik nifrəti qızışdırır.

Televiziyalar “qonaq”, “diaspora”, “uyğunlaşa bilməyən azlıq” kimi ifadələrlə xalqı qorxuya salır, cəmiyyətə düşmən obrazı sırıyır.

Polis və təhlükəsizlik orqanları isə bu ritorikanı real həyatda dəyənəyə, ləyaqət alçalmasına və zorakılığa çevirir.

Bu, artıq bir media oyunu deyil – etnik təqibin dövlət siyasətinə çevrilmiş formasıdır.

Ukrayna bu sistemi yaxşı tanıyır. Lefortovoda, Olenivkada, işğal olunmuş Krımda insanlar sadəcə ukraynalı olduqları üçün döyüldü, zorlandı, alçaldıldı. Pasportlarına, dillərinə, adlarına görə… Onlar günahkar deyildilər – sadəcə kim olduqlarına görə cəzalandırıldılar.

İndi bu eyni sistem bizim soydaşlarımızı hədəfə alır.

Əgər bir vətəndaşımız işgəncə kameralarında öldürülürsə, bu artıq Rusiya ilə ikitərəfli məsələ deyil. Bu – beynəlxalq cinayətdir. Bu – işgəncə ilə ölüm faktıdır. Və bu, nə birinci haldır, nə də – susulsa – sonuncu olacaq.

Azərbaycanın bu məsələdə susmaq haqqı yoxdur. Sadəcə etiraz bəyanatı yox, konkret hüquqi addımlar atılmalıdır. Dövlətin borcudur:

Azərbaycan Cinayət Məcəlləsinin 12-ci maddəsinə əsasən, xaricdə vətəndaşa qarşı törədilən işgəncə və qətllə bağlı cinayət işi başlatmaq;

BMT-nin İşgəncələrə Qarşı Komitəsinə və ya İrqi Ayrı-seçkiliyin Aradan Qaldırılması Komitəsinə dövlətlərarası şikayət təqdim etmək;

İşgəncələrə qarşı Konvensiya və İrqi ayrı-seçkiliyin ləğvi haqqında Konvensiya əsasında Beynəlxalq Ədalət Məhkəməsinə müraciətə hazırlıq başlamaq.

Biz dünyaya açıq şəkildə deməliyik:

Azərbaycan vətəndaşı olmaq – təkcə şəxsiyyət vəsiqəsi daşımaq deyil. Bu – qorunmaq, müdafiə olunmaq haqqıdır. Dövlət öz vətəndaşına sahib çıxmalıdır – o, harada və necə öldürülməsindən asılı olmayaraq.

Gündüz Məmmədov

Ukrayna Baş prokurorunun müavini

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
27
38
icma.az

10Sources