Vüqar Bayramov: “Anti-miqrant siyasəti ölkə iqtisadiyyatında ciddi mənfi fəsadlara gətirib çıxaracaq”
Məlum olduğu kimi, Rusiyada illərdir demoqrafik problemlər var. İllərdir rus əhalisi artmır, əksinə azalır və bu istiqamətdə tendensiya getdikcə mənfi yöndə inkişaf edir. O biri tərəfdən də Ukrayna ilə müharibə səbəbindən əmək bazarında ciddi çatışmazlıq var. Rusiyanın müvafiq qurumları ara-sıra rəsmən bəyan edirlər ki, müəyyən sahələrdə işçi çatışmır. Xüsusən də ixtisaslı işçilərə böyük ehtiyac var.
Digər tərəfdən də, son vaxtlar Rusiya postsovet ölkələrinə aid olan müsəlman miqrantlara faktiki olaraq divan tutur. Bazarlar dağıdılır, müsəlman iş adamlar polis tərəfindən öldürülür və s. Halbuki, bir sıra işlərin öhdəsindən ucuz qiymətə məhz miqrantlar gəlir.
O baxımdan, miqrantlara qarşı aparılan şovinist, diskriminasiya siyasəti bir müddət sonra Rusiya iqtisadiyyatında hansı fəsadlara gətirib çıxaracaq?
“Rusiyada müşahidə edilən yeni şovinizm bu ölkənin iqtisadiyyatı üçün müsbət dəyişikliklər vəd etmir”
Sözügedən məsələyə aydınlıq gətirən millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, fərqli ölkələrin təcrübəsinə əsasən, şovinizm heç bir ölkənin iqtisadiyyatı üçün dividendlər vəd etmir: “Əfsuslar olsun ki, son vaxtlar Rusiyada yeni şovinizm dalğası müşahidə edilir. Xüsusən də əmək miqrantları bunun qurbanı olurlar. O cümlədən, son günlər azərbaycanlılara qarşı olan haqsızlıqlar və törədilən cinayət ondan xəbər verir ki, bunun, praktik olaraq yalnız cəmiyyətdə deyil, eyni zamanda iqtisadiyyata neqativ təsirləri ola bilər. Çünki nəzərə almaq lazımdır ki, Rusiya əmək bazarında miqrantların xüsusi payı var. Xüsusən də bir sıra xidmətlər və işlər məhz miqrantlar tərəfindən görülür. Ona görə də bu, əmək bazarının strukturuna təsir göstərən faktorlardandır. O üzdən, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, multinasional xalqlar əmək bazarında daha fərqli məhsulları təklif edə və bazardakı tələbi daha çevik ödəyə bilirlər. Ona görə də Rusiyada müşahidə edilən yeni şovinizm bu ölkənin iqtisadiyyatı üçün müsbət dəyişikliklər vəd etmir. Bütün bunlar, əslində, əmək bazarı daxil olmaqla Rusiyada fərqli sektorlara neqativ iqtisadi təsir göstərəcək. Bir sözlə, aparılan diskriminasiya siyasətindən Rusiya iqtisadiyyatı itirəcək. Onsuz da Ukrayna ilə müharibə və sanksiyalar səbəbindən Rusiyanın iqtisadi itkiləri böyükdür. Bu tərəfdən də aparılan anti-miqrant siyasəti ölkə iqtisadiyyatında ciddi mənfi fəsadlara gətirib çıxaracaq”.
Vidadi ORDAHALLI