Məhərrəm Zülfüqarlı: “Bu ölkələr Rusiyanın vassallığından çıxmağa çalışır”
Rusiyada son vaxtlar miqrantlara münasibətdə aparılan qeyri-insani davranış fonunda bir məqam diqqəti cəlb edir. Məsələ ondadır ki, Tacikistanla Qırğızıstan həm Avrasiya İqtisadi İttifaqının, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Hər iki qurumun yaradıcısı Rusiyadır. Yəni Moskva sözügedən təşkilatları üzv ölkələri öz təsir dairəsində saxlamaqdan ötrü yaradıb.
Ancaq bütün bunlara baxmayaraq, ən çox Tacikistan və Qırğızıstandan olan miqrantlar diskriminasiyaya məruz qalır, alçaldılır və s. Halbuki, Tacikistandan olan miqrantlar ehtiyac üzündən Rusiyada ən çətin işləri görürlər. Bütün bunlar onu göstərir ki, Rusiya üçün müttəfiq yox, vassal anlayışı var. Rusiya sözügedən qurumlarda təmsil olunan ölkələrə müttəfiq kimi yox, vassal kimi yanaşır.
“Orta Asiyadan olan miqrantlara ona görə hücum edirlər ki, bu ölkələr Moskvanın təsir dairəsindən çıxmasınlar”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı hesab edir ki, Rusiyada son yaşananlar tarixən olanların təkrarıdır: “Yəni rus şovinizmi, qatı millətçiliyi tarixən mövcud olub və tənqid edilib. Hətta rusların özləri tərəfindən də tənqid edilib. Lakin buna müəyyən dövrlərdə əhəmiyyət verilməyib. Sovet dövründə qatı ruslaşma siyasəti xalqlar dostluğu kimi qələmə verilib və s. Ancaq artıq rus şovinizminin faşizm mərhələsinə qədəm qoyması, irqçiliyə keçməsi Rusiyadakı ictimai-siyasi böhranın nəticəsidir. Rusiya tarixində bənzər hallar olub. Rusiya ölkə daxilindəki böhranı aradan qaldırmaq üçün müharibəyə əl atıb. Məsələn, Rusiya 1904-cü ildə Yaponiyaya müharibə elan etdi. Məqsəd o idi ki, bütün günahları yaponların üstünə yıxsınlar. Ancaq sonradan istədiyinə nail olmayanda, Yaponiya qalib gələndə 1905-ci ildə Rusiyada inqilab baş verdi. İndi də Ukraynada 3 ildən artıq gedən müharibə ölkə daxilində sosial partlayış həddinə çatıb. Bütün bunlardan diqqəti yayındırmaq üçün ölkədə rus şovinizmini qızışdırırlar. Bilavasitə rəhbərlikdən təlimat alan şəxslər rus xalqının etirazını başqa millətlərə yönəltmək istəyir. O üzdən, birinci Orta Asiyadan olan miqrantları hədəf aldılar. Nəyə görə? Çünki Rusiya zəiflədikcə, Moskvanın təsir dairəsindən çıxmaq istəyən respublikalar var. SSRİ dağılandan sonra Rusiya qurumlarına daxil olan əsasən Orta Asiya respublikalarıdır. İndi artıq onlarda da oyanış baş verir. Bu ölkələr Rusiyanın vassallığından çıxmağa çalışır. Məsələn, Qırğızıstanda artıq rus dili ilə bağlı qərarın qəbul edilməsi və digər addımlar onu göstərir ki, bu ölkələr əvvəlki kimi Rusiyadan asılı olmaq istəmirlər. Hətta tarixən Rusiyanın vassalı olan Ermənistan da bu ölkədən üz döndərib. Belə olan halda Rusiya, öz səhvlərindən nəticə çıxarmaq əvəzinə, müharibəyə son qoyub sülhü seçmək əvəzinə, daha da mürtəce siyasət yeritməyə başlayıb. Bu da Rusiyanın SSRİ kimi parçalanmasına gətirib çıxaracaq. Çünki millətçilik, faşizm ideologiyası ilə ölkəni idarə etmək mümkün olmayacaq. Orta Asiyadan olan miqrantlara ona görə hücum edirlər ki, bu ölkələr Moskvanın təsir dairəsindən çıxmasınlar. Çünki Moskva bilir ki, Azərbaycanı, Gürcüstanı, Ermənistanı, Moldovanı öz təsir dairəsinə qaytara bilməyəcək. Ona görə Orta Asiya ölkələrinə yüklənirlər”.
Vidadi ORDAHALLI