AZ

Azərbaycan Rusiyanı münasibətləri sağlamlaşdırmağa çağırır

Səmimiyyətdə dostluq da var, amma...

“Rusiya ilə Azərbaycan arasında dostluq münasibətləri son dərəcə vacibdir”. Bu fikir Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya məxsusdur. “Məncə, hər iki xalq üçün dostluq münasibətləri həqiqətən də son dərəcə vacibdir. Onları korlamaq istəyənlər isə nə etdikləri barədə yaxşı düşünməlidirlər”, – deyən xanım Zaxarova ənənəvi brifinqində onu da bildirib ki, Moskva Bakını münasibətləri strateji müttəfiqlik səviyyəsinə qaytarmaq üçün tədbirlər görməyə çağırır.

Rusiyaya dəyərimiz

Əvvəlcə, bunu bildirək: Həm Rusiya XİN-in sözçüsünə, həm də ölkənin digər rəsmilərinə yaxşı məlumdur ki, Azərbaycan dövləti və xalqı hər bir ölkə ilə dostluq münasibətlərinə həmişə sadiq qalıb və bu gün də sadiqliyini davam etdirir. Eləcə də Rusiya ilə. Dövlətimiz və xalqımız Rusiyanı, həmçinin, yaxın qonşu, çoxsaylı azərbaycanlının yaşadığı və özünə vətən bildiyi ölkə kimi yüksək qiymətləndirib.

Bundan başqa, Azərbaycan Rusiyanın Cənubi Qafqaza bağlı maraqlarına hər zaman təbii yanaşıb və hesab edib ki, Moskvanın regiona tarixi bağlılığı nəzərə alınmalıdır. Təsadüfi deyil ki, 44 günlük müharibə də məhz Rusiyanın vasitəçilik təminatı ilə dayandı. Yəni, ölkəmiz Kremlin təşəbbüsünə hörmətlə yanaşdı.

Azərbaycan Rusiyanın rus dilinə və ölkə xaricində yaşayan rusların durumuna həssas yanaşdığını dərk edir. Ölkəmizdə yaşayan ruslar tamhüquqlu vətəndaşlarımızdır. Ümumən, Azərbaycanda bütün digər xalqların nümayəndələri kimi, ruslara münasibətdə də tolerant yanaşma var və bu, tarixi ənənəyə əsaslanır. Digər tərəfdən, Azərbaycanda rus məktəbləri, mədəniyyət ocaqları həmişə, özü də fasiləsiz fəaliyyət göstərib.

Əlqərəz, sadaladıqlarımızın sırasını genişləndirmək mümkündür. Amma hesab edirik ki, mövcud istiqamətdəki təfsilata ehtiyac yoxdur. Eyni zamanda, onu demək olmaz ki, Rusiyanın Azərbaycana münasibətində müsbət məqamlar olmayıb. Amma neqativ cəhətlərin pozitivləri üstələdiyini görürük. Bütün mənfi halların hamısını yada salmaq niyyətindən də uzağıq. Yalnız son Yekaterinburq olayı xüsusunda yaşananlardan söz açmaqla kifayətlənəcəyik.

Rusiya Ermənistanla bacarmırsa...

Sual verək: Rusiyada kimsə iki rusun Azərbaycan polisi tərəfindən qətlə yetirilməsini təsəvvürə gətirə bilərmi? Fikrimizcə, Bakı-Moskva münasibətləri ilə bağlı ən pessimist şəxsin də bunu düşünməsi mümkünsüzdür. Rusiya rəsmiləri, hakimiyyətə bağlı ayrı-ayrı şəxslər isə Yekaterinburqda Səfərov qardaşlarının qətli ilə bağlı məsələni kriminal kimi təqdim etdilər. Hələ elə fon yaratdılar ki, guya, ölkəmiz hüquq-mühafizə orqanlarının işini dövlətlərarası münasibətlər kontekstinə qaldırmaqla, yumşaq desək, düz etmir. Bakının, guya, siyasi kurs dəyişdirdiyini sərsəmləyənlər də tapılır.

Azərbaycan Rusiyaya qarşı heç bir oyun qaydalarını pozmayıb və pozmur. Amma biz “günah keçisi” ola bilmərik. Məsələn, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda göstərilirdi ki, Naxçıvana gedən yolda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhədçiləri keşik çəkəcək. Yəni, ölkə tarixi ənənəsinə uyğun olaraq strateji marşrutun Cənubi Qafqaz hissəsində jandarm funksiyasına can atmışdı. Deyək ki, öz mənfəətini bunda görmüşdü. Belə bir baxış səhvdi, ya düzdü, ondan danışmırıq. İndi üçtərəfli bəyanatı yada salan yoxdursa, günahkar Azərbaycandırmı? Qarabağdakı rus sülhməramlılarının bölgədəki erməni separatçılarına silah-sursat daşımaq üçün patronajlığı, onların sıravi ermənilərə şirin davranmaları, az qala, uşaq bezi paylamaları rəsmi İrəvan tərəfindən qiymətləndirilmədisə, təqsirkar ölkəmizdir? Hazırda Ermənistanda rus hərbi mövcudiyyətinin özü şübhə altındadırsa, məsələyə Bakının aidiyyatı ola bilərmi? Əsla yox! Azərbaycan üçün məqsəd Naxçıvana yoldur və dövlətimiz yolun hansı prinsiplərlə açılmalı olduğunu bəyan edib. Bəlkə Ermənistanda Robert Koçaryan və ya Serj Sarkisyan kimi Rusiyaya bağlı cəlladların hakimiyyətə yiyələnmələri üçün nə isə edək ki, Moskvada bizə dost desinlər? Həmin cəlladlar da sonradan “Artsax” deyib sərsəmləsinlər. Eləmi?

Nəhayət, Ermənistan uğursuzluğu fonunda Kremlin Cənubi Qafqaz ssenarisinin iflas perspektivi gözləməsinin cəzasını Rusiya azərbaycanlılarımı çəkməlidir? Bəlkə onlar bazarları, piştaxtaları ermənilərə təhfil versinlər ki, Ermənistandakı haylar rus sevgisindən vəcdə gəlib baş nazir Nikol Paşinyan iqtidarını devirməyə qalxsınlar? Rusiya Ermənistanla bacarmırsa, buna ölkəmiz nə etməlidir? Söhbət heç bacarıb-bacarmamaqdan da getmir, bunu bir kənara qoyaq. Prinsipial yanaşsaq, Moskva öz üzərinə düşəni özü etməlidir. Bir daha deyək ki, oyun qaydalarını pozan ölkəmiz deyil. Niyə kimlərinsə başına Rusiyadakı azərbaycanlıların daşı düşməlidir?

Solovyovun “üfunəti”

Yeri gəlmişkən, “Artsax” sərsəmləməsinin üzərində dayanaq. Rusiyada son zamanlar hardan peydahlandığı məlum olmayan “Artsax” sözünü özünün murdar ağzına alan Vladimir Solovyov adlı jurnalist libası geyinmiş “üfunət kisəsi”dir. Özü də bu məxluq üfunətini ölkənin dövlət televiziyası vasitəsi ilə buraxır. Durumu necə başa düşək? Düşünək ki, Rusiyada Solovyovla heç kəs bacarmır? Axı aydındır ki, onun cəfəngiyyatları, hədə-qorxuları söz, sərbəst düşüncə azadlığının sərhədlərini aşmaqdır. Bu zəncantrop hər dəfə efirə çıxanda nəinki şanlı ənənələrə malik Rusiya jurnalistikasına, ümumən ölkənin ictimai fikrinə tüpürür. Çoxmu çətindir vəziyyəti görmək? Çoxmu çətindir belə bir yaramazın “Artsax” deyib Ermənistandakı revanşist və şovinistləri hərəkətə gətirmək üçün çağırış etdiyini anlamaq? Hələ onun son olaylara münasibəti də var. Elə danışır ki, sanki Azərbaycan Rusiya ilə müharibə etmək niyyətindədir və buna görə öz aləmində ölkəmizə faciələr, fəlakətlər ssenarisi cızır. Adam xəstədir...

Bəli, Rusiyanın müxtəlif vasitələrlə Ermənistana təsir imkanları əldə etmək istəyini anlayırıq. Kremlin ölkədə çevriliş planlarına dair söz-söhbətlər də bitmir. Düşünmək olar ki, Solovyov erməni şovinizmini məhz bu məqsədlə qıcıqlandırır. Ancaq onun dilindən tarixi, əbədi və əzəli Azərbaycan torpağı olan Qarabağın adının “Artsax” kimi səslənməsi yolverilməzdir.

Yaxşı, tutalım, Solovyov xəstədir, Rusiya rəhbərliyində tarixi bilənmi yoxdur? Necə olur ki, Ermənistana minnət qoymaq vaxtı gələndə hayların Cənubi Qafqaza ruslar tərəfindən köçürüldüyü önə çəkilir, ancaq bəlli məqsədlərə hesablanmış “erməni sevdası”nı işə salmaq məqamı yetişəndə “Artsax” deyilir? Bu, hansı məntiqdir, hansı düşüncədir? Axı dostluğa sadiqlik belə olmur? Biz Rusiyanı böyük dövlət bilirik. Axı bu sayaq yaramazlıqlar böyükləri kiçildir? Kim inanar ki, Solovyovun mövqeyi dövlətin yanaşmasından qaynaqlanmır? Azərbaycan dövləti də, xalqı da sadəlövh deyil. Küləyin hardan əsdiyini gözəl bilirik. Digər yandan, nəzərə alaq ki, Rusiyanın istər ictimai mühitində, istərsə də mediasında yalakan solovyovların sayı kifayət qədər çoxdur...

Bir neçə gün əvvəl AZAL-a məxsus təyyarənin Rusiya Müdafiə Nazirliyinin əmri ilə vurulduğuna dair məlumat, habelə səs yazısı ortaya çıxdı. Rusiyanın baş hərbi idarəsinin, faktiki olaraq, ağır cinayətdə ittiham olunduğu məsələ xüsusunda rəsmi Moskva susur. Xeyr, məlumatdan xəbərsiz deyillər, hər şeyi çox gözəl bilirlər. Xeyr, bu məqamda “mənasız şeyə münasibət bildirilmir” kimi klişelər keçərsizdir. Rusiya sübutlu şəkildə bildirməlidir ki, iddia həqiqəti əks etdirmir.

Əlbəttə, biz də deyə bilmərik, sözügedən məlumat və səs yazısı nə dərəcədə doğru, yaxud yalandır. Amma mövzunun Azərbaycan üçün həssaslığı var. Olmazmı ki, Rusiya həmin həssaslığa adekvat davransın? Aylardır ki, bunu görmürük. Rəsmi Moskvanın təyyarə olayına nə hüquqi qiyməti var, nə də müvafiq təzminatı. Mövcud şəraitdə məlum səs yazısı növbəti suallar doğurur. Məsələn, nəyə görə sərnişin təyyarəsinə atəş açılmışdı? Doğrudanmı, hədəf məhz həmin təyyarə idi? Bəlkə kimsə, nəyisə səhv salıb? Bakı-Moskva münasibətlərində soyuqluq yaratmış hadisəyə tam aydınlıq gəlməli, məchul məqamlar qalmamalıdır. Necə deyərlər, örtülü bazar, dostluğu pozar.

Səmimiyyət gözləntimiz

Sonda bir daha deyək ki, Azərbaycan Rusiya ilə dostluğa hər zaman sadiq qalıb, ciddi önəm verib. Eyni zamanda, qarşı tərəfdən də eyni sadiqliyi gözləyib və gözləyir. Ölkənin XİN sözçüsü M.Zaxarovanın dili ilə desək, Moskvanın Bakını münasibətləri strateji müttəfiqlik səviyyəsinə qaytarmaq üçün tədbirlər görmək çağırışına gəlincə, onu deyək ki, hazırda buna can atmalı tərəf məhz Rusiyadır. Çünki münasibətləri qəliz məcraya yönəldən biz olmadıq. Ümumən, Rusiya ölkəmizə münasibətdə səmimi davranmalıdır. İstər siyasət olsun, istərsə də başqa sahələrdə.

M.Zaxarovanın kənar qüvvələrin Azərbaycanla Rusiyanın münasibətlərini pozmaq istəməsi məntiqinə gəlincə, hesab edirik ki, bu, xeyli dərəcədə mətləbdən yayınmaq cəhdidir. Bəlkə, Yekaterinburqda iki azərbaycanlını qətlə yetirən də Rusiya “OMON”u yox, hansısa xarici qüvvələr idi? Görəsən, cinayət cəzasızmı qalacaq? Yoxsa hazırda ölkənin müxtəlif bölgələrində həyata keçirilən “miqrant ovu” çərçivəsində azərbaycanlılara qarşı total kampaniya başladan da xarici qüvvələrdir? Suallar ritorikdir.

Digər tərəfdən, bir münasibət ki, kənar qüvvələrin təsiri ilə pozulur, deməli, sağlam deyilmiş. Azərbaycan Rusiyanı məhz sağlam münasibətlərə, daha doğrusu, münasibətləri sağlamlaşdırmağa çağırır. Sağlam münasibətlərin parametrləri isə məlumdur və bu barədə söz açdıq.

Ə.CAHANGİROĞLU
XQ

Seçilən
21
50
xalqqazeti.az

10Mənbələr