EN

Magistratura pilləsində fərqli sahə seçmək natamam təhsilə səbəb olur

Məlumdur ki, yalnız bakalavr pilləsini bitirmək ali təhsilin tam əldə olunması kimi qiymətləndirilmir və bu, natamam ali təhsil hesab olunur. Təhsilin tam sayılması üçün həmin ixtisas üzrə magistratura pilləsini də bitirmək tələb olunur.

Eyni zamanda, fərqli bir ixtisas üzrə magistratura təhsili aldıqda da bu, əsas ixtisas üzrə ali təhsilin tamamlanması kimi qəbul edilmir və yenə natamam hesab olunur.

Bəs, bu yanaşma nə dərəcədə doğrudur? Ümumiyyətlə, bir ixtisas üzrə həm bakalavr, həm də magistr təhsili almaq daha məqsədəuyğundur, yoxsa fərqli sahələr üzrə təhsil alaraq müxtəlif bacarıqlara yiyələnmək?

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, təhsil sistemində elə bir dəyişiklik haqqında düşünməliyik ki, kimsə dörd il humanitar sahədə baza təhsili aldıqdan sonra magistratura mərhələsində ixtisasını dəyişib biznes sahəsinə yönəlməsin:

"Bu gün bu, aktual problem kimi özünü göstərir ki, gənclər ali məktəbə hansısa bir ixtisas üzrə qəbul olur, lakin sonradan ixtisaslarını dəyişirlər. Məsələn, humanitar sahədə təhsil alan tələbə bir müddət sonra fikrini dəyişərək magistratura pilləsində tamam fərqli başqa bir sahəni seçir. Mən hesab edirəm ki, bu, düzgün deyil. Gənclər əvvəlcədən hansı sahəni seçiblərsə, həmin istiqamətdə də təhsillərini davam etdirməlidirlər. Yanaşma bu şəkildə olmalıdır.

Bunun üçün gənclər ixtisas seçimində çox diqqətli olmalıdırlar. Bizim onlara tövsiyəmiz budur ki, düzgün düşünün, gələcəyinizi planlayın ki, sonradan peşman olmayasınız. Ümumiyyətlə, təhsil sistemində elə bir dəyişiklik haqqında düşünməliyik ki, kimsə dörd il humanitar sahədə baza təhsili aldıqdan sonra magistratura mərhələsində ixtisasını dəyişib biznes sahəsinə yönəlməsin".

Chosen
41
50
azedu.az

10Sources