EN

107 illik xidmət: Gecə gündüz keşikdə

Lent az saytından alınan məlumata görə, ain.az bildirir.

Bu gün Azərbaycan polisinin yaranmasının 107-ci ildönümüdür. Bu tarix, təkcə bir peşə bayramı deyil, eyni zamanda xalqın, dövlətin təhlükəsizliyi naminə gecə-gündüz çalışıb, həyatını Vətənə xidmətə həsr edən polis əməkdaşlarının şərəf və fədakarlıq yolunun işarəsidir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər orqanlarının təsis edilməsi ilə təməli qoyulan polis sistemi, bu gün müasir, peşəkar və güvənilən bir struktur kimi dövlətin dayanıqlı sütunlarından birinə çevrilib.

İctimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi Azərbaycan polisinin gündəlik fəaliyyətinin yalnız bir hissəsidir. Əslində polis uniformasının arxasında görünməyən bir qəhrəmanlıq dayanır. Onlar bəzən həyatlarını riskə ataraq silahlı cinayətkarlara qarşı mübarizə aparır, bəzən də yolunu itirən balacaya evlərini tapmaq üçün qucaq açır. 

Başına pis bir hadisə gələndə, aldadılanda, qəzaya düşəndə, çarəsiz vəziyyətdə qalanda, ağıla gələn ilk nömrə  “102”  qaynar xətti olur. O nömrəyə edilən zənglər təkcə yardım istəyi deyil, həm də insanların polisə duyduğu etimadın göstəricisidir.

Azərbaycan polisinin qəhrəmanlıq salnaməsində 2020-ci il Vətən müharibəsi xüsusi yer tutur. Ölkənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə daxili qoşunlar və polis əməkdaşları ön cəbhədə əsgərlərlə çiyin-çiyinə addımlayır, arxa cəbhədə isə sabitliyin qorunması üçün yorulmadan çalışdılar. Bu dövrdə dəfələrlə raket və artilleriya atəşinə məruz qalan şəhərlərdə asayişi qorumaqla yanaşı, insanların təxliyəsi, yardımların dəqiq və operativ edilməsi, informasiya axını dövründə dezinformasiyanın qarşısının alınması kimi ağır və məsuliyyətli vəzifələrin öhdəsindən uğurla gəldilər.

Bu gün məktəblərdə keçirilən maarifləndirici görüşlər, narkomaniyaya və zorakılığa qarşı təbliğat tədbirləri, uşaq və qadın hüquqlarının qorunması ilə bağlı layihələr, polisin ictimai həyatdakı fəal iştirakının göstəriciləridir.

Bundan əlavə, qadın polis əməkdaşlarının da bu cür ağır peşədə xidmət etməsi də sevindirici haldır. Hüquq-mühafizə orqanlarında gender bərabərliyinin dəstəklənməsi ictimaiyyətə müsbət ictimai mesaj verir. Bu da polisin həm fiziki güc, həm də mənəvi dayaqlarla cəmiyyətin hər bir vətəndaşına yaxın olmasını təmin edir.

107 il əvvəl çətin tarixi və siyasi şəraitdə formalaşan Azərbaycan polisi, bu gün müstəqil dövlətimizin əsas dayaqlarından biridir. Onların fəaliyyəti təkcə cinayətlərin qarşısını almaqla bitmir. Polislər həm də vətəndaşları öz ölkələrində güvəndə hiss etmələrinə yardımçı olurlar. Əgər bu gün polis maşınının səsi qorxu yox, etibar hissi yaradırsa, deməli, bu, illərlə qurulmuş sağlam təməlin göstəricisidir. 

Polis əməkdaşlarının fədakarlığı təkcə mediada manşetlərə çıxan qəhrəmanlıqlarla bitmir. Polis bəzən müəllimdir, bəzən həkimdir, bəzən yanğınsöndürəndir, bəzən dostdur, bəzən dəstəkçidir, amma ən əsası o polisdir. O, bir ad ilə onlarla peşəni icra edə bilir. Polis bəzən bir uşağın yolun o biri tərəfinə keçməsinə yardım edən, bəzən imtahana gecikən abituriyentə yardımçı olan, bəzən intihara cəhd edən şəxsi həyata qaytaran, bəzən yaşlı bir vətəndaşa sənədlərlə bağlı yardımçı olan şəxsdir. Onların hər biri bu sistemin şəfqətli və qəhrəman simasını təmsil edir.

Bu gün Azərbaycan polisinin 107-ci ildönümündə hər birimizin bir mesajı olmalıdır. Təhlükəsiz və sabit bir cəmiyyətdə yaşamaq istəyiriksə, bu təhlükəsizliyi qoruyanlara da hörmət və dəstək göstərməliyik. Azərbaycan polisi adının arxasında bir əsri aşan fədakarlıq, dövlətə sədaqət və xalqa xidmət dayanır. Biz vətəndaşlara da lazım olan məhz belə bir güvən və sadiqlikdir.

Azərbaycan polisi 107 yaşın mübarək! 

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
17
13
lent.az

10Sources