AZ

Elm və Təhsil Nazirliyinə yeni səlahiyyətlər verilsin - TƏKLİF

Milli Məclisin üzvü Azər Allahverənov çıxışında məktəbdənkənar özəl təhsil müəssisələrinin məktəbəhazırlıq sistemindəki roluna diqqət çəkib. Deputat bildirib ki, bu müəssisələrin fəaliyyətini mövcud təhsil sistemi və dövlətlə əlaqələndirmək olduqca vacibdir.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti İlqar Orucov Azər Allahverənovun dedikləri ilə tam şərik olduğunu bildirdi.

"Azər müəllim millət vəkili olmaqla bərabər, həm də təhsil adamıdır. Alimdir, fəlsəfə doktorudur. Həm də uzun illər peşəkar fəaliyyətində təhsil sahəsi mövcud olan bir şəxsdir. Onun fikirlərində doğrudan da həqiqət var.

Mütləq şəkildə təhsil vahid bir sistem üzərindən olmalıdır. Məktəbdənkənar müəssisələrin fəaliyyətinin məzmunu, proqramı, fəaliyyəti bütün istiqamətləri vahid mərkəzdən idarə olunmalı və sistemli yanaşma ilə təmin edilməlidir. Ölkəmizdə xeyli sayda boşluqlar var və bu boşluqdan istifadə edən, təhsil sahəsində fəaliyyət göstərən müəssisələr mövcuddur. Onlar fəaliyyətlərini qurub davam etdirirlər və buna da biznes sahəsi kimi yanaşırlar. Təbii ki, ölkəmizdə sahibkarlıqla bağlı bəlli bir siyasət var və bu, doğru bir siyasətdir. Amma təhsil biznesi başlı-başına ola bilməz. Təhsil biznesi yaxşıdır, biz təhsil fəaliyyətində özəl sektora da yer verməliyik. Lakin burada pərakəndəlik ola bilməz.

Burada Azər müəllimin dediklərinin mahiyyətində də bu dayanır. Məsələn, hansısa uşaq inkişaf mərkəzində və ya özəl təhsil müəssisəsində valideyn övladını ora qoyur, uşaq orada təhsil alır. Sonrakı mərhələdə isə məktəbə gedəndə sənədi qəbul olunmur. Niyə? Çünki bu fəaliyyətdə vahidlik yoxdur".

Ekspert qeyd etdi ki, bütövlükdə özəl təhsil müəssisəsinin fəaliyyəti Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmalıdır.

"Mən demirəm ki, onların fəaliyyətinə maneəçilik edilsin. Əksinə, hesab edirəm ki, burada bir sistemli yanaşma, bəlli bir proqram olmalıdır. Nazirlik nə istəyir? Sabah uşaq məktəbə gələndə hansısa biliklərə malik olsun və bunu tələb də edə bilər. Özəl təhsil müəssisəsi də bu tələblər əsasında fəaliyyətini qurmalıdır.

Məsələ bundadır. Bu tələblər olmadığı, eyni zamanda bu boşluqlar mövcud olduğu üçün nazirlik də bu tələbini irəli sürə bilmir. Amma bu, nazirliyin səlahiyyətində olmalıdır. Mən təklif edirəm ki, nazirlik yeri gələndə monitorinq aparmaq, müəssisələrin fəaliyyətini düzgün qurub-qurmadığını yoxlamaq səlahiyyətinə malik olmalıdır. Məsələn, mən təhsil müəssisəsi açıram və orada fəaliyyətlə məşğulamsa, bu fəaliyyət təsdiqlənməlidir. Mən düşünürəm ki, bu, özəl təhsil müəssisələri üçün maneə deyil, əksinə yeni imkanlar deməkdir. Belə olduğu təqdirdə valideynlər də tərəddüd etməz.

Bəzən özəl təhsil müəssisəsi adı altında fəaliyyət göstərirlər, amma görürsən ki, ənənəvi uşaq bağçasından fərqli deyillər. Eyni fəaliyyəti göstərirlər, amma kağız üzərində bunu hesabatda vermirlər, çünki lisenziya ala bilmirlər. Bu, çox vacib məsələdir.

Özəl məktəblərə, özəl bağçalara vahid yanaşma olsa, bu kimi xoşagəlməz hallar da baş verməz", - deyə İ.Orucov vurğuladı.

Xədicə BAXIŞLI

Seçilən
14
50
redaktor.az

10Mənbələr