EN

Rus bölməsi akademik nəticələr baxımından çox zəifdir - AÇIQLAMA

“Azərbaycanda rus bölmələrinin bağlanacağı ilə bağlı yayılan məlumatlar ölkənin təhsil sisteminin illərdir daşıdığı yersiz, funksiyasını itirmiş və milli maraqlara zidd olan bir yükdən qurtulması üçün nadir tarixi fürsətdir. İllərlə “alternativ” adı altında saxlanılan bu bölmələr nə elmi göstəricilər baxımından səmərə verib, nə milli təhsil strategiyasına uyğunlaşıb, nə də cəmiyyətin inkişafına real töhfə bəxş edib. Əksinə, rus bölməsi Azərbaycanda sovet dövründən miras qalan bir “paralel təhsil sistemi” kimi həm pedaqoji, həm hüquqi, həm də strateji baxımdan ciddi ziddiyyətlər yaradıb”.

Bu sözləri Modern.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. 

O qeyd edib ki, rus bölməsi uzun illərdir ki, akademik nəticələr baxımından zəif performans göstərir:

"Dövlət İmtahan Mərkəzinin 2023-cü il üzrə məlumatına əsasən, rus bölməsində iştirak edən abituriyentlərin buraxılış imtahanlarında topladığı orta bal cəmi 111-dir. Azərbaycan bölməsi üzrə bu göstərici 139 baldır. Bu 28 ballıq fərq rus bölməsindəki tədrisin acınacaqlı vəziyyətinin sübutudur. Bu qədər aşağı nəticəyə rəğmən rus bölməsi məzunlarının ali məktəblərə daha az balla daxil olması isə absurddur. Bu, təhsil sistemində qanunsuz imtiyazların, ədalətsizliyin və sosial narazılığın açıq şəkildə mövcud olduğunu təsdiqləyir. Hətta bəzi ixtisaslarda Azərbaycan bölməsi üzrə 350-360 bal tələb olunduğu halda, rus bölməsindən cəmi 250 balla eyni ixtisasa daxil olmaq mümkündür. Bu, birmənalı şəkildə təhsildə ayrı-seçkilikdir, bunun adı “təhsil sistemi” yox, rəsmi şəkildə qorunan imtiyazlı modeldir”.

K. Əsədov vurğulayıb ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 5-ci maddəsində dövlətin vətəndaşlara bərabər təhsil imkanları yaratmaq öhdəliyi vurğulanır. Bu gün rus bölməsi bərabərliyi pozan əsas mexanizmdir. Təhsil mühitində bu cür ikili standartların qorunması yalnız bir nəticəyə gətirib çıxarır: sistemin içəridən çürüməsi, ictimai etimadın itirilməsi və milli gücün zəifləməsi.

“Daha təhlükəli məqam isə budur ki, rus bölməsi təkcə təhsilin keyfiyyət problemini deyil, həm də milli ideoloji təhdidi daşıyır. Bu bölmələr vasitəsilə Azərbaycan təhsil sistemində “alternativ informasiya”, “alternativ baxış” və “paralel dəyərlər” təlqin olunur. Əgər bir təhsil ocağında milli dəyərlərə, tarixə, dövlət dilinə, dövlətçilik anlayışına ikincil mövqedə yer verilirsə, bu təhsil müəssisəsi milli maraqlara qarşı yönəlmiş ideoloji platformaya çevrilir. Bu gün rus bölməsində təhsil alan minlərlə şagird milli kimlikdən uzaq, rusdilli mediaya, rus mədəni təsirinə və rus təfəkkür sisteminə yönəldilir. Bu, sadəcə yumşaq təsir aləti deyil – bu, informasiya təhlükəsizliyinin sistematik şəkildə pozulmasıdır”.

Ekspertin sözlərinə görə, təhsil səviyyəsi yuxarı olan ölkələrdə bu cür nümunələrə rast gəlmək mümkün deyil:

“ABŞ-da məktəblər fransızca, Fransada məktəblər alman dilində fəaliyyət göstərirmi? Heç bir müstəqil dövlət milli təhsil sistemini başqa bir ölkənin dili üzərində qurmaz. Bu, nə pedaqoji cəhətdən, nə hüquqi baxımdan, nə də milli suverenlik çərçivəsində qəbul edilə bilən yanaşmadır. Azərbaycanda rus bölməsinin saxlanması isə məhz bu cür ziddiyyətli və zərərli yanaşmanın nəticəsidir. Bu model artıq nə ehtiyacdır, nə seçimdir – bu, köhnə sistemin kölgəsidir, bir zamanlar formalaşmış imperiya zehniyyətinin qalıq strukturudur”.

Əmək bazarında vəziyyəti də təhlil edən Kamran Əsədov vurğulayıb ki, reallıq  bu modelin aktuallığını tamamilə təkzib edir. 

“2023-cü ildə keçirilmiş sorğulara görə, işəgötürənlərin 70%-dən çoxu ingilis dilini əsas üstünlük kimi qeyd edir. Türk dili də mühüm yer tutur. Rus dili isə artıq 10 faizdən aşağı səviyyədə tələbat görür. Müasir texnologiya, süni intellekt, mühəndislik, beynəlxalq ticarət, diplomatiya və biznes sahələrində rus dili tamamilə funksiyasını itirib. Buna baxmayaraq, Azərbaycanın bir qrup gənci hələ də gələcəyin dili deyil, keçmişin dili ilə yüklənir. Bu, onların karyera imkanlarının və beynəlxalq rəqabət qabiliyyətlərinin süni şəkildə məhdudlaşdırılmasıdır. Bu mənada rus bölməsi sadəcə savadsızlıq deyil, həm də sosial sabotajdır”.

“Məsələnin tərəfdarları rus bölməsini guya mədəni zənginlik kimi təqdim etməyə çalışır. Ancaq bu zənginlik illərdir sistemin çöküşünə səbəb olur. Həqiqi zənginlik bərabər rəqabət, vahid təhsil standartları və milli dəyərlərlə formalaşan vətəndaş modeli ilə mümkündür. Azərbaycanda rus dili əgər öyrənilmək istəyirsə, xarici dil kimi ayrıca öyrədilə bilər. Bu, heç bir problem deyil. Amma onun təhsilin daşıyıcısına çevrilməsi – bu, qəbuledilməzdir” - deyə o qeyd edib.

"Rus bölmələrinin bağlanması ilə təhsil sistemi vahid struktur altında yenidən təşkil olunacaq. Ali məktəblərə qəbulda imtiyazlar ləğv ediləcək, təhsilin dili vahidləşəcək, informasiya təhlükəsizliyi təmin olunacaq, milli kimliklə ziddiyyət təşkil edən paralel sistemə son qoyulacaq. Bu islahat yalnız təhsilin deyil, həm də ideoloji və siyasi suverenliyin qorunmasıdır. Təhsil millətin gələcəyidir. Heç bir xalq öz gələcəyini başqa bir xalqın dili ilə formalaşdıra bilməz.

Rus bölməsinin bağlanması alternativ yox, zərurətdir. Bu gün bu bölmənin qalması savadsızlıq, ədalətsizlik və asılılıq deməkdir. Onun ləğvi isə azadlıq, inkişaf və milli gücdür. Azərbaycanın gələcəyi rus dilində yazıla bilməz. Azərbaycanın gələcəyi öz dilində, öz gücü ilə, öz modeli ilə yazılmalıdır. Bu gələcəyə doğru ilk addım rus bölməsini tarixə göndərməkdir" - deyə ekspert sonda vurğulayıb. 

Chosen
7
46
modern.az

10Sources