AZ

SABAH qruplarının gələcəyi sual altındadır 

 

 

Prezident İlham Əliyev 15 noyabr 2024-cü ildə ali təhsildə keyfiyyətin artırılması məqsədilə “Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə” sərəncam imzalayıb. Bu sərəncam çərçivəsində SABAH proqramının əhatə dairəsinin 2025–2026-cı tədris ilindən etibarən mərhələli şəkildə 2028-ci ilə qədər genişləndirilməsi nəzərdə tutulur. Lakin magistratura səviyyəsində SABAH qruplarının davam etdirilib-etdirilməməsi ilə bağlı qeyri-müəyyənliklər bakalavrlarda ciddi narahatlıq yaradıb.

 

Elm və Təhsil Nazirliyi Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, Prezidentin imzaladığı sərəncam SABAH proqramı ilə təhsil alan tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsini və proqramın əhatə dairəsinin genişləndirilməsini əhatə edir.

 

Mövzu ilə bağlı təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu Modern.az-a açıqlamasında bildirib ki, bakalavr pilləsini başa vuran tələbələrdə SABAH qruplarının magistratura pilləsinin gələcəyi ilə bağlı suallar yaranıb:

 

“Bakalavrlar gözləyirdilər ki, əvvəlcə SABAH qruplarına qəbul prosesi elan olunsun, daha sonra magistr ixtisas seçiminə başlansın. Lakin Dövlət İmtahan Mərkəzi birbaşa 7–13 iyul tarixlərində ixtisas seçiminin aparılacağını açıqlayıb. Bu isə bizdə magistratura səviyyəsində SABAH qruplarının olmayacağı qənaətini formalaşdırıb”.

 

Ekspert vurğulayıb ki, SABAH qrupları 2014-cü ildən Təhsil Nazirliyi (hazırkı Elm və Təhsil Nazirliyi) tərəfindən yaradılıb və yüksək akademik göstəricilərə malik, savadlı, bacarıqlı tələbələrin xüsusi təlim proqramları ilə inkişafını təmin edib:

 

“Bu proqramda azsaylı tələbə kontingenti ilə informasiya texnologiyaları, xarici dil və yumşaq bacarıqlara yönəlik dərslər, innovativ tədris metodları və fərdi inkişaf proqramları tətbiq olunurdu”.

 

R.Fikrətoğlunun fikrincə, əgər SABAH qrupları magistratura pilləsində ləğv edilirsə, bu, layihənin artıq ilkin mərhələdə nəzərdə tutulan eksperimental xarakterinin tamamlandığını və nəticələrinin qiymətləndirildiyini göstərə bilər.

 

Digər tərəfdən isə, ola bilsin ki, SABAH proqramının prinsipləri daha geniş təhsil sisteminə inteqrasiya ediləcək və bu modeldən bütün tələbələr yararlanacaq:

 

“Bununla belə, SABAH qruplarının tamamilə dayandırılması təhsildə istedadlı tələbələr üçün fərqli inkişaf platformalarının daralmasına, alternativ modellərin olmaması isə sistemin statikləşməsinə səbəb ola bilər”.

 

O qeyd edib ki, proqram ləğv ediləcəksə belə, onun yerinə daha şəffaf, səmərəli və innovativ islahatlar həyata keçirilməli, alternativ inkişaf proqramları hazırlanmalıdır:

 

“SABAH qruplarının magistratura səviyyəsində genişləndirilməsi daha məqsədəuyğun olardı. Belə ki, bu səviyyədə elmi tədqiqat yönümlü, multidissiplinar proqramlarla inteqrasiya edilə və proqram gələcəkdə müasir təhsil sisteminə keçid üçün bir körpü rolunu oynaya bilər”.

 

Aytac Bəhruzqızı

Seçilən
1
46
modern.az

10Mənbələr