Rusiyanın hüquq müdafiə layihəsi “Gulagu.net” Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin FSB tərəfindən saxlanılmasını kəskin tənqid edərək bu əməliyyatı “qeyri-peşəkar” və “alçaldıcı” adlandırıb.
Hüquq müdafiəçilərinin məlumatına görə, FSB-nin xüsusi təyinatlıları Şıxlinski və onun oğlu Mutvalının olduğu avtomobili saxlayaraq şüşələri sındırıb və onları silah təhdidi ilə maşından çıxarıb.
Mutvalı dərhal sərbəst buraxılıb, atası isə şahid qismində dindirilmək üçün İstintaq Komitəsinə aparılıb və daha sonra azad edilib.
Gulagu.net tərəfindən yayımlanan videolarda təhlükəsizlik əməkdaşlarının sərnişinlər maşından könüllü çıxmağa hazır olduqları halda avtomobilin şüşələrinə çəkiclə zərbələr endirdikləri görünür. Hadisə zamanı FSB əməkdaşlarından biri başından xəsarət alıb.
Gulagu.net hesab edir ki, əməliyyat siyasi xarakter daşıyır və Rusiyadakı azərbaycanlı icmasının qorxudulmasına yönəlib.
FSB və İstintaq Komitəsi hələlik bu məsələyə münasibət bildirməyib.
N.Təbrizli