EN

FAO dünyada bitki müxtəlifliyinə 2 milyard dollardan çox investisiya qoyub

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) toxum sistemləri və bitki müxtəlifliyinin inkişafına 2 milyard ABŞ dollarından artıq investisiya qoyub.

“Report” xəbər verir ki, bunu FAO-nun Baş direktoru Qu Dongyu təşkilatın İtaliyanın paytaxtı Romada keçirilmiş 44-cü sessiyasında bildirib.

O, qeyd edib ki, bu investisiyalar 30-dan çox ölkəni əhatə edir və kənd təsərrüfatında davamlı inkişafı dəstəkləyən mühüm təşəbbüslərin həyata keçirilməsinə imkan yaradıb.

Baş direktorun sözlərinə görə, bitki sağlamlığının gücləndirilməsi məqsədilə mühüm addımlar atılıb: “Hazırda 136 ölkədə FAO və Beynəlxalq Bitki Mühafizəsi Konvensiyasının (IPPC) hazırladığı rəqəmsal fitosanitar sertifikatlaşdırma sistemi tətbiq olunur. Eyni zamanda, 60-dan çox ölkədə zərərvericilərlə mübarizə üzrə mütəxəssislərə təlimlər keçirilib. Bundan əlavə, 50-dən çox ölkə gübrə və pestisidlərin daha təhlükəsiz və səmərəli idarə olunmasından bəhrələnməyə başlayıb”.

O, həmçinin bildirib ki, bu il keçiriləcək Dünya Ərzaq Forumu çərçivəsində FAO ilk dəfə “Toxumdan Yeməyə” adlı Qlobal Sərgi təşkil edəcək: “Bu sərgi toxumların əkinçilik, heyvandarlıq, meşə təsərrüfatı və balıqçılıq sahələrində aqro-ərzaq sistemlərinin başlanğıcı kimi əhəmiyyətini və onların dəyər zəncirindəki rolunu nümayiş etdirəcək.”

Qu Dongyu əlavə edib ki, FAO artıq layihələndirmə mərhələsindən fəaliyyət mərhələsinə keçərək, İnvestisiya Mərkəzinin və “Əldən-Ələ” (Hand-in-Hand) təşəbbüsünün icrasına başlayıb. “Bu təşəbbüsün məqsədi ərzaq təhlükəsizliyi riskinin yüksək, gəlirlərin isə aşağı olduğu ölkələrdə yoxsulluğu, bərabərsizliyi və aclığı azaltmaq üçün dəqiq və hədəfli investisiyaların cəlb edilməsidir. Təşəbbüs çərçivəsində üzv ölkələrin öhdəlikləri və aparılan danışıqlar nəticəsində cəlb edilən investisiya məbləği 2022-ci ildəki 1,5 milyard dollardan 2024-cü ildə 4,5 milyard dollara yüksəlib”,-deyə FAO rəhbəri vurğulayıb.

Chosen
18
14
ekologiya.az

10Sources