EN

Xırdalanda 40 yaşlı kişi arvadına dəfələrlə şiddət göstərdi — TƏFƏRRÜAT

Abşeron rayonunda 1985-ci il təvəllüdlü Mahmud ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Səmayəyə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin iyunun 7-də Xırdalan şəhəri, Xanlar küçəsində mənzillərdən birində baş verib. 

Xırdalan şəhər sakini Mahmud həmin gün  saat 15 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı evə arvadı Səmayəyə 2021-ci il təvəllüdlü azyaşlı övladlarını mağazaya aparmaqdan ötrü paltarının geyindirməsi ilə bağlı müraciət edib. 

Səmayənin buna etiraz etməsi səbəbindən aralarında mübahisə yaranıb. Mübahisə zamanı Mahmud arvadının üzərinə hücum edib və onu döyərək müxtəlif dərəcəli xəsarətlər yetirib. 

Hadisəni törədən Mahudun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mahmud ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. 

O, ifadəsində göstərib ki, Səmayə ilə 2014-cü ildə ailə həyatı qurub, birgə nigahdan dörd övladı var: 

“Son zamanlar arvadım ilə aramızda söz mübahisəsi baş verir. Buna səbəb Səmayənin övladlarımıza laqeyd yanaşması və baxımsızlığıdır. Dəfələrlə bununla bağlı irad bildirməyimə baxmayaraq heç bir dəyişiklik olmadı”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən 2 həftə əvvəl də aralarında mübahisə olub: 

“Səmayənin anasına zəng etdim və qızlarını aparmasını bildirdim. Ailəsi Səmayəni  apardı. Lakin üstündən bir müddət keçdikdən sonra anası zəng etdi və bildirdi ki, Səmayənin ailəsində mübahisə olduğu üçün qardaşları, atası onu döyür, ondan ailəsi ilə barışmağı tələb edirlər. Buna görə də Səmayəni evə gətirdin. O, evə gəlsə də, öz hərəkətlərinə davam etdi”. 

Mahmudun ifadəsinə görə, iyunun 7-də övladını mağazaya aparmaq istəyib: 

“Buna görə də uşağı geyindirməyi bildirdim. Səmayə ilk öncə övladımıza çirkli köynək geyindirdi. Buna irad bildirdəkdən sonra isə cırıq köynək geyindirdi. 

Mən yenə irad bildirsəm də, Səmayə mənə kobud formada cavab verdi. 

Söylədi ki, paltar budur, istəyirsən aparır, istəyirsən aparma. Bu zaman əsəbləşdim və ona bir şillə vurdum. Bundan sonra isə öz atam mənə bir şillə vurdu və evdən çıxartdı. Mən evdən çıxdıqdan sonra Səmayənin anasına zəng etdim, qızlarını aparmalarını bildirdim. Özüm isə avtomobilə əyləşərək evdən getdim”.

İş üzrə zərərçəkmiş Səmayənin sözlərinə görə, evləndikdən sonra xırda narazılıq üstündə evdə mübahisələr olub, dəfələrlə döyülüb: 

“Lakin övladlarıma görə bu barədə şikayət etməmişəm. Dəfələrlə içkili vəziyyətdə, ayıq vəziyyətdə övladlarımın gözü qarşısında məni döyüb”. 

Zərərçəkmiş bildirib ki, iyunun 7-də Mahmud evdə olan zaman övladını mağazaya aparacağını və bunun üçün ona uşağı geyindirməyi bildirib: 

“Övladımın təzə geyimi olmadığı üçün köhnə paltarları geyindirdim. Bununla bağlı Mahmud mənə irad bildirdi, təhqir etməyə başladı. Mən isə uşağın təzə paltarının olmadığını söylədim. Bu zaman Mahmud mübahisə etməyə başladı. Mənim göz nahiyəmdən və bədənimin müxtəlif nahiyələrinə vuraraq xəsarətlər yetirdi”.

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Mahmud 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvanı tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.


Fariz Məlikli
Demokrat.az
Chosen
14
50
demokrat.az

10Sources