
Sankt-Peterburqun Nevski rayonunda yeniyetmələr arasında sosial şəbəkələrdə başlayan münaqişə 13 yaşlı azərbaycanlı və ailəsinin deportasiyası ilə başa çatıb.
Yeniavaz.com yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətindən verilən məlumata görə, yaralanan yeniyetmə barədə onlara iyunun 30-da onun müalicə aldığı xəstəxanadan məlumat verilib.
İstintaq zamanı məlum olub ki, Talmann küçəsində yaşayan rusiyalı gənc qonşusu ilə sosial şəbəkələrdə aqressiv yazışmalardan sonra onunla “təkbətək görüşmək” qərarına gəlib. Amma 13 yaşlı yeniyetmə görüşə tək yox, iki dostu ilə gəlib. Hadisə zamanı 16 yaşlı Peterburq sakini döyülüb, şübhəlilər isə hadisə yerindən qaçıblar.
Keçirilən əməliyyat tədbirləri nəticəsində münaqişənin iştirakçısı və onun atası polis bölməsinə gətirilib.
“Yeniyetmə miqrantın bütün ailəsinə qarşı miqrasiya tədbirləri görülüb: münaqişə iştirakçısı, onun valideynləri, qardaşı və bacısı Rusiyadan Azərbaycana deportasiya olunub”, - deyə Baş Polis İdarəsindən bildirilib.