Rusiya Dövlət Duması və Federasiya Şurasının bir sıra yüksək vəzifəli siyasətçiləri Ermənistan hakimiyyətinin son qərarlarını “Ukrayna ssenarisi” ilə müqayisə ediblər. Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Aleksey Juravlyov bildirib ki, Ermənistanın atdığı addımlar Ukraynanın keçdiyi yola bənzəyir:
“Kanonik kilsəyə qarşı mübarizə, müxalifətin sıxışdırılması və indi də Rusiya telekanallarının qadağan edilməsi — bunlar Ukraynanın izləmiş olduğu yoldur,” – deyə o bildirib.
Musavat.com xəbər verir ki, Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin isə qeyd edib ki, Ermənistanda kimsə “erməni və ruslar arasında düşmənçilik yaratmaq məqsədilə uzunmüddətli oyun” qurur. Onun fikrincə, bu prosesin arxasında Qərb xüsusi xidmət orqanlarının izi görünür.
“Erməni ictimaiyyəti ayıq olmalı, siyasətçilər isə faciəvi nəticələrə gətirib çıxaracaq inkişafın qarşısını almaq üçün tədbirlər görməlidir,” – deyə Karasin xəbərdarlıq edib.
Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin sədr müavini Dmitri Masyuk isə bildirib ki, Ermənistan Moskva ilə dost münasibətləri qoruyub saxlamalıdır. Onun sözlərinə görə, bu, ölkədə qanunçuluğun və sabitliyin təmin olunması baxımından vacibdir.
Rusiya Ermənistanın yaşadığı siyasi çalxalanmanı daxili məsələ kimi qəbul etdiyini bildirsə də, Kreml regionun – xüsusilə də Cənubi Qafqazın – açıq geosiyasi qarşıdurma meydanına çevrilməsini istəmir.
Musavat.com