Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan rusiyalı jurnalistlər haqqında sərt danışaraq, onların vəziyyəti gərginləşdirdiyini, İrəvanla Moskva arasında münasibətlərə xələl gətirdiyini bildirib. O, bu barədə “InfoPort.am” portalına müsahibəsində bildirib.
"Bu manqurtların bizim ölkədə proqramları, eləcə də ölkəyə girişi çoxdan bağlanıb. Lakin onların dövlət kanalları Ermənistanın daxili işlərinə qarışmağa imkan verirsə, bəlkə biz də onların vətəndaşlarımızın mənzillərinə girişini bağlamalıyıq", - Simonyan bildirib.
O qeyd edib ki, Ermənistan multipleksində Rusiya telekanallarının yayımına qoyulan qadağanı müzakirə etməyin vaxtı çatıb. Onun sözlərinə görə, Rusiya mediasının təsiri Ermənistanın daxili siyasətinə təzyiq faktoruna çevrilib.
Simonyan onu da vurğulayıb ki, Ermənistandakı daxili siyasi vəziyyətin Rusiya ilə ikitərəfli münasibətlərə təsiri barədə bəyanatlar Rusiya təbliğatı ilə diktə olunur.
“Bunu deyən hər kəs rus aparıcılarını aydın şəkildə dinləyir”, o əlavə edib.
İyunun ortalarında Ermənistan Xarici İşlər Nazirliyi Moskvanı respublikanın daxili işlərinə qarışmaqda ittiham edərək ona etiraz notası göndərib. Bu, hökuməti devirməyə cəhd ittihamı ilə həbs edilən iş adamı Samvel Karapetyana qarşı iş üzrə Rusiya mediası xadimlərinin şərhlərindən sonra olub.
“Armenia Today” teleaparıcı Vladimir Solovyov və “RT”-nin baş redaktoru Marqarita Simonyanın bəyanatlarını misal çəkib. Sonuncu iddia edib ki, onun Ermənistana girişi 2022-ci ildən qadağan edilib.
Almaz Həsənli