Rusiya Ukrayna ilə müharibədə yenidən koreyalıların ümidinə qalıb. Belə ki, Şimali Koreya Rusiyaya göndərdiyi hərbçilərin sayını üç dəfə artıracaq. CNN-nin yaydığı məlumata görə, Ukraynaya döyüşmək üçün əlavə 25-30 min əsgər göndəriləcək.
Nəşr Ukrayna kəşfiyyatının hesablamalarına istinad edib və yazıb ki, qoşunlar yaxın aylarda Rusiyanın xidmətinə verilə bilər. Onlar Ukraynanın Kursk bölgəsinə hücumunu dəf etmək üçün 2024-cü ilin noyabrında Rusiyaya göndərilmiş 11 min əsgərə aid birləşmələrə əlavə olunacaqlar.
Qərb rəsmilərinin bildirdiyinə görə, həmin Şimali Koreya əsgərlərindən təxminən 4000-i artıq yerləşdirmə zamanı öldürülüb və ya yaralanıb. Lakin Pxenyanın Moskva ilə əməkdaşlığı o vaxtdan bəri daha da çiçəklənib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin aprelin 28-də Koreya Xalq Demokratik Respublikasına (KXDR), onun lideri Kim Çen Ina və Koreya Xalq Ordusunun bölmələrinə Kursk vilayətinin azad edilməsində göstədikləri köməyə görə minnətdarlığını bildirib.
Rəsmi Pxenyan da Rusiyanın Ukraynaya qarşı müharibəsində dəstək məqsədilə qoşun göndərdiyini ilk dəfə təsdiqləyib.
Bu barədə Şimali Koreyanın hakim Fəhlə Partiyasının Mərkəzi Hərbi Komissiyası bəyanat yayıb. Bəyanatda vurğulanır ki, lider Kim Çen In "qarşılıqlı müdafiə müqaviləsi əsasında Rusiyaya hərbi qoşun göndərmək qərarına gəlib"
Tural