EN

ABŞ Ukraynaya hərbi yardımı dayandırır?

Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak ictimaiyyəti müdafiə sahəsində yayılan sensasiyalı başlıqlara deyil, yalnız rəsmi mənbələrə inanmağa çağırıb. Editor.az xəbər verir ki, o, bu barədə “Telegram” hesabında paylaşım edib: “Biz işimizi görürük. Müdafiə mövzusunda səslənən hay-küylü başlıqlara deyil, yalnız rəsmi məlumatlara diqqət yetirin”, – deyə Yermak bildirib.

Qeyd edək ki, ABŞ-ın nüfuzlu “Politico” nəşri adları açıqlanmayan mənbələrə istinadən Pentaqonun Ukraynaya bəzi hava hücumundan müdafiə raketləri və yüksək dəqiqlikli sursatların tədarükünü dayandırdığını yazıb. Bildirilib ki, bu qərar ABŞ-ın öz hərbi ehtiyatlarının azalması ilə əlaqədardır.

“Financial Times” isə yazır ki, ABŞ-ın bu qərarı Ukraynanın Rusiya raket və dron hücumlarına qarşı müdafiə qabiliyyətini ciddi şəkildə zəiflədə bilər. “BILD” nəşri isə bildirir ki, Ukraynanın hazırkı silah ehtiyatı yalnız yay aylarının sonuna qədər yetərli ola bilər.

ABŞ tərəfindən dondurulan sursatlara Patriot PAC-3 zenit raketləri, 155 mm-lik artilleriya mərmiləri, GMLRS raketləri, Stinger, AIM-7 və Hellfire raketləri daxildir.

Məsələ ilə bağlı Ukraynanın Xarici İşlər Nazirliyi ABŞ-ın Kiyevdəki işlər üzrə müvəqqəti vəkili Con Hinkelini nazirliyə dəvət edib və mövcud hərbi yardım paketlərinin davamlılığının Ukrayna üçün həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Eyni zamanda, Ukrayna Müdafiə Nazirliyi bildirib ki, ABŞ tərəfindən silah tədarükünün dayandırılması ilə bağlı hələlik rəsmi bildiriş daxil olmayıb.

//Samir Qurbanov, Editor.az

Chosen
113
12
editor.az

10Sources