EN

Kremlin təsirini bərpa etməyə çalışır? - Elçin Xalidbəyli

“Rusiya ilə Azərbaycan arasında yaşanan gərginlik hazırda artan xətt üzrə inkişaf edir və bu proses Cənubi Qafqazın ümumi geopolitik, geostrateji və geoiqtisadi balansına mənfi təsir göstərir. Kreml bu gərginliyi daha da dərinləşdirmək üçün müxtəlif vasitələrə əl atır. Moskva öz neoimperialist mövqeyinə sadiq qalaraq Azərbaycana qarşı təzyiq rıçaqlarını işə salmağa çalışır. Bu çərçivədə Rusiya, regionda öz təsir dairəsini qorumağa yönəlik addımlar atmaqda davam edir. Eyni zamanda İranın bu vəziyyətə yanaşması da diqqət çəkir. Rəsmi Tehran, Rusiyanın Azərbaycana qarşı təzyiqlərindən dolayı narahatlıq nümayiş etdirmir. Əksinə, Tehran üçün regionda gərginliyin artması daha sərfəlidir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Xatırladaq ki, Rusiya ilə Azərbaycan arasında yaranan gərginlik beynəlxalq aktorların, xüsusilə Çin və İranın regiondakı rolunu bir daha gündəmə gətirir. Çin rəsmi olaraq neytral mövqe nümayiş etdirir. Ekspertlərə görə, Pekin Rusiyanın Cənubi Qafqazdakı mövqeyini balanslaşdırmaq üçün əsasən diplomatik vasitələrdən istifadə edir, lakin bu səylər hələlik ehtiyatlı və məhdud çərçivədə qalır.

Siyasi şərhçi qeyd edib ki, yaranmış vəziyyət İranın da Rusiya ilə birlikdə Cənubi Qafqazda geopolitik təsir imkanlarını genişləndirməsinə şərait yarada bilər.

“İranın bu proseslərə konstruktiv və ya sabitlik yönümlü yanaşması real görünmür. Lakin Azərbaycanın prinsipial və qətiyyətli mövqeyi həm Rusiya, həm də İran üçün bu tip müdaxilələri çətinləşdirir. Bakı indiyədək göstərdiyi dirənişlə təzyiqləri neytrallaşdırmağı bacarır ki, bu da ölkənin gələcək strateji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Digər tərəfdən, Çin bu kontekstdə fərqli mövqe tutur. Pekin Cənubi Qafqaza geoiqtisadi dəhliz kimi yanaşır və regionla bağlı konkret maraqlara malikdir. Çin, Qərblə qarşıdurma kontekstində Rusiyanın strateji müttəfiqi olsa da, Rusiya ilə Azərbaycan arasındakı gərginlik bu kateqoriyaya aid deyil. Bu, daha çox Kreml tərəfindən süni şəkildə yaradılmış ikitərəfli böhrandır və Çin üçün prioritet təşkil etmir. Üstəlik, Çin həm də Azərbaycanla strateji tərəfdaşlıq münasibətləri qurub. Azərbaycan Prezidentinin son Pekin səfəri çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlığa dair sənəd imzalanıb. Bu baxımdan Çin, Rusiya ilə müttəfiqlik münasibətlərinə baxmayaraq, Azərbaycana qarşı təzyiqləri dəstəkləməkdə maraqlı deyil”.

Siyasi şərhçinin sözlərinə görə, Çin Azərbaycanla iqtisadi və ticarət münasibətlərini dərinləşdirməyə çalışır və Cənubi Qafqazı Avropa ilə Asiyanı birləşdirən əsas ticarət marşrutu kimi görür:

“Artıq Çindən Avropaya hərəkət edən ilk ticarət qatarı Azərbaycanın ərazisindən keçməklə Avropaya çatacaq. Bu isə Pekinin regionla bağlı real planlarının artıq icra mərhələsində olduğunu göstərir. Belə bir məqamda regionda hərbi-siyasi gərginliyin artması və qeyri-sabitlik, birbaşa olaraq Çinin maraqlarına ziddir. Böyük ehtimalla, Çin bu məsələdə mövqeyini səhnəarxası diplomatik kanallar vasitəsilə Kremlə çatdırmağa çalışacaq. Bu isə göstərir ki, Çin hazırkı şəraitdə neytral mövqe saxlasa da, Cənubi Qafqazda gərginliyin artmasına qarşıdır və Rusiyanın bu yöndə atacağı hər hansı addım Pekinin maraqları ilə toqquşa bilər”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Chosen
27
aznews.az

1Sources