Amerikada keçirilən klublararası dünya çempionatının özəllikləri çoxdu.
Təkcə elə Yeni Zelandiyanın həvəskar “Oklend Siti”sinin iştirakını xatırlatmaq kifayətdi. “Score90” portalı isə iştirakçıların tərkibinə yaş amili əsasında yanaşıb. Ekspertlər iki reytinq tərtib edib: birində turnirin ən yaşlı, o birində ən gənc oyunçuları yer alıb.
"Football-plus.az" xəbər verir ki, turnirin əsas veteranı Fabio Lopesdi. KDÇ start götürəndə “Fluminense”nin qapıçısı 44 yaş 9 aylıq idi! Dortmund “Borussiya”sı ilə oyunda veteran qapıçısı qol buraxmadı, oyun 0:0 bitdi. Veteranlar siyahısında əfsanəvi Tyaqo Silva ilə Luka Modriç də var.
Reytinqin sonuncu pilləsində qərarlaşan Serxio Ramos 4-cü yerdəki Entso Peresdən bir ay kiçikdi.
KDÇ-nin ən yaşlı oyunçuları
Fabio Lopes (Fluminense) 44 yaş 9 ay
Tyaqo Silva (Fluminense) 40 yaş 9 ay
Luka Modriç (Real) 39 yaş 9 ay
Entso Peres (River Pleyt) 39 yaş 4 ay
Serxio Ramos (Monterrey) 39 yaş 3 ay
Turnirin ən gənc iştirakçısı isə “Bavariya”dan Lennart Karldı. KDÇ-nin startı ərəfəsində onun 17 yaş 4 ayı tamam olub. Gənc yarımmüdafiəçi “Oklend Siti”yə qarşı 45 dəqiqə oynasa da, məhsuldar hərəkətlə yadda qalmadı.
KDÇ-nin ən gənc oyunçuları
Lennart Karl (Bavariya) 17 yaş 4 ay
İbrahim Mbaye (PSJ) 17 yaş 5 ay
Franko Mastantuono (River Pleyt) 17 yaş 10 ay
Coşua Udo (Əl-Əyn) 17 yaş 11 ay
Rodriqo Mora (Flamenqo) 18 yaş 1 ay
Bu siyahılardan da gördüyünüz kimi, turnirin ən yaşlı iştirakçısı Fabio Lopeslə ən gənc iştirakçısı Lennart Karl arasında 27 yaş 5 aylıq fərq var!