EN

İNDONEZİYADA AĞIR BƏRƏ QƏZASI » AzadMedia.az

İNDONEZİYADA



İndoneziyada sərnişin bərəsinin batması nəticəsində azı 43 nəfərin taleyi naməlum olaraq qalır.

Bu barədə məlumatı ölkənin Milli Axtarış və Xilasetmə Agentliyi yayıb. Bildirilib ki, “KMP Tunu Pratama Jaya” adlı bərə çərşənbə gecəsi Yava adasının şərqində yerləşən Ketapang limanından çıxaraq Bali adasındakı Gilimanuk limanına doğru yola düşüb. Təxminən 30 mil (50 kilometr) məsafə qət etməli olan gəmi limandan ayrıldıqdan yarım saat sonra qəzaya uğrayaraq batıb.

Bərədə ümumilikdə 65 nəfər – 53 sərnişin və 12 heyət üzvü olub. Bundan əlavə, gəmidə 22 nəqliyyat vasitəsi, o cümlədən 14 yük maşını olduğu bildirilir.

Hadisə nəticəsində iki nəfərin meyiti tapılıb, 20 nəfər isə sağ xilas edilib. Onların bir çoxunun saatlarla dalğalı sularda üzdükdən sonra huşsuz vəziyyətdə tapıldığı qeyd olunub.

Banyuvangi polis idarəsinin rəhbəri Rama Samtama Putranın sözlərinə görə, hazırda axtarışlara 9 gəmi – o cümlədən 2 yedək gəmisi və 2 şişmə qayıq cəlb olunub. Ekipajlar çətin hava şəraitində, 2 metrədək yüksələn dalğalar fonunda işlərini davam etdirirlər.

Qeyd edək ki, 17 min adadan ibarət olan İndoneziyada bərə qəzaları tez-tez baş verir. Səbəb isə çox vaxt köhnə nəqliyyat vasitələrinin istismarı və təhlükəsizlik qaydalarına riayət edilməməsi göstərilir.

Chosen
20
1
azadmedia.az

2Sources