EN

Microsoft 9000 əməkdaşını ixtisar edir – SƏBƏB

“Microsoft” korporasiyası 9000-dən çox əməkdaşını işdən çıxaracaq.

Ölkə.az-ın İqtisadiyyat.az-a  istinadla məlumatına görə, bu, texnologiya nəhənginin ümumi işçi qüvvəsinin təxminən 4 faizinə bərabərdir və əsasən “Microsoft Gaming” bölməsinə aiddir.

Məlumata görə, ixtisarlar ilk olaraq “Candy Crush” oyununun yaradıcıları olan “King” studiyasında baş verib və burada 200-dən çox tərtibatçı ilə yollar ayrılıb. Şirkətin oyun bölməsində baş verən bu dəyişikliklər texnologiya sənayesində gedən qlobal optimallaşma dalğasının tərkib hissəsi kimi qiymətləndirilir.

“Microsoft Gaming”in baş direktoru Fil Spenser yayımladığı bəyanatda bildirib ki, bu qərar çətin olsa da, şirkətin çevikliyini və uzunmüddətli səmərəliliyini təmin etmək məqsədi daşıyır. Onun sözlərinə görə, “daha çox oyunçu, daha çox oyun və daha çox oyun saatı” qeydə alınsa da, resursların daha effektiv istiqamətləndirilməsi üçün struktur dəyişiklikləri qaçılmaz olub.

“Platformamız və oyun yol xəritəmiz bu günə qədər heç vaxt bu qədər güclü görünməyib. Keçmişdə verdiyimiz sərt qərarlar bu günkü uğurun təməlini qoyub. İndi gələcək illərdə davamlı uğuru təmin etmək üçün addımlar atmalıyıq”, – deyə Spenser vurğulayıb.

O əlavə edib ki, vəzifəsi ləğv olunan əməkdaşlara müavinət veriləcək və digər sahələrdə iş tapmaqda yardım göstəriləcək. İşçilər həmçinin şirkətin digər vakansiyalarında prioritetlə nəzərdən keçiriləcəklər.

Spenser sonda qeyd edib ki, bu qərarlar asan olmasa da, “Microsoft”un mədəniyyətini və oyunçular üçün yaratdığı dəyəri qorumaq naminə atılıb.

Chosen
16
50
olke.az

10Sources