EN

Lənkəranda gəzməli yerlər - SİYAHI

Azərbaycanın cənubunda yerləşən Lənkəran, son illərdə turistlərin xüsusi maraq göstərdiyi bölgələrdən birinə çevrilib. Həm Xəzər sahili, həm dağlıq relyef, həm də subtropik iqlim burada istirahət üçün unikal şərait yaradır. Gəzməli yerləri, yerli mətbəxi, termal suları və qədim abidələri ilə Lənkəran həm təbiətsevərlər, həm də mədəniyyət axtarışında olan səyyahlar üçün ideal istiqamətdir. 

Valyuta.az Lənkəranın gəzməli görməli yerlərini təqdim edir.

Ən çox yaz, yay, payız aylarında həm yerli, həm də xarici turistləri cəlb edən Lənkəran təbiətsevərlər üçün inanılmaz yerdir.

Xanbulan gölü

Lənkəran deyiləndə ilk ağla gələn yerlərdən biri də  mavi və yaçıl rənglərin qovuşduğu Xanbulan gölüdür. Ətrafı fındıq, palıd, çinar və digər meşə ağacları ilə örtülən Xanbulan gölü xüsusilə yay və payız mövsümündə təbiətsevərlərin diqqətini cəlb edir.

Turistlər gölün sahilində piknik edə, təmiz havada gəzə, mənzərəni seyr edə və foto çəkilişlər aparmaqla vaxt keçirə bilərlər. Ətrafda piyada yürüş üçün sadə cığırlar mövcuddur. Bəzi ziyarətçilər göldə balıqçılıqla da maraqlanır, lakin bunun üçün müvafiq qaydalara və mövsümə riayət etmək lazımdır.

Xanbulan gölü qorunan əraziyə daxildir və bu səbəbdən təbiətə zərər vermədən ziyarət etmək önəmlidir. Ərazidə turizm infrastrukturu - otel, kafe, ictimai tualet və bələdçi xidməti məhduddur. Bu səbəbdən səfər etməzdən əvvəl lazımi ehtiyacları öncədən təmin etmək tövsiyə olunur. Bura giriş 2 manatdır. 

İstisu

Lənkəranın istisu mənbələri həm şəfa, həm də istirahət məqsədilə ziyarət olunur. Buraya əsasən revmatizm, oynaq və dəri problemlərinə qarşı təbii müalicə axtaran insanlar gəlir. Eyni zamanda, bu ərazi sakit təbiəti, təmiz havası və dağ mənzərəsi ilə gəzinti və dincəlmək istəyənlər üçün də ideal məkandır. Yay və payız aylarında istisu bölgələrində turist axını artır. İnfrastruktur hələ tam inkişaf etməsə də, bölgənin təbii gözəlliyi buranı getdikcə daha cəlbedici edir.

Hirkan Milli Parkı 

Lənkəran və Astara rayonları ərazisində yerləşən və Azərbaycanın ən zəngin təbiət sistemlərindən birini əhatə edən qoruq ərazisidir. Burada yalnız bu bölgəyə xas olan Hirkan meşələri, nadir flora və fauna növləri, o cümlədən xəzər palıdı, dəmir ağacı və Hirkan şümü kimi relikt bitkilər qorunur. Park təbiətsevərlər, elmi tədqiqatçılar və ekoturizm həvəskarları üçün maraqlı məkandır.

Yayda sərin, rütubətli iqlimi ilə seçilən bu ərazi sakit yürüşlər və müşahidə üçün ideal şərait yaradır. Hirkan Milli Parkı həm təbiət mirası, həm də turistik potensialı baxımından cənub bölgəsinin ən qiymətli ərazilərindəndir.

Xan Evi Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi

Lənkəran da qədim tarixə malikdir. Məhz bu muzey də XIX əsrdə Lənkəran xanlığının iqamətgahı olmuş binada yerləşir. Burada qədim əşyalar, xanlıq dövrünə aid sənədlər və Lənkəranın tarixi haqqında məlumatlar sərgilənir.

Qala Xiyabanı

Lənkəran şəhərinin mərkəzində yerləşən, tarixi və müasirliklə harmoniya təşkil edən istirahət məkanlarından biridir. Burada qədim Lənkəran qalasının divar qalıqları, xatirə abidələri və yaşıllıqlar şəhərə gələn turistlərin diqqətini çəkir. Xiyaban yaxınlığındakı dənizkənarı bulvar isə sakit gəzinti, velosiped sürmək və Xəzər dənizinin mənzərəsindən zövq almaq üçün ideal məkandır. Axşam saatlarında bura yerli sakinlər və turistlərlə dolur, kafelər və çayxanalar ətraf mühiti canlandırır. Bu ərazi həm tarixi toxunuş, həm də dincəlmək üçün müasir şəhər mərkəzi rolunu oynayır.

Sərvanə Rəmixanova

Chosen
17
valyuta.az

1Sources