EN

Dünya bazarlarında neftin qiyməti ucuzlaşıb

Müəllif:Mehin Qasımova,Banco.az

Neft qiymətləri bir gün əvvəl iki həftə ərzində ən aktiv artımdan sonra cümə axşamı səhər ucuzlaşır.

Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 0,55 dollar (0,8%) ucuzlaşaraq bir barel üçün 68,56 dollar təşkil edib. Çərşənbə günü bu kontraktlar 2 dollar (3%) artaraq 69,11 dollar/barel olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində avqust ayı üçün WTI neftinin fyuçersləri 0,52 dollar (0,77%) ucuzlaşaraq 66,93 dollar/barelə bərabər olub. Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin dəyəri 2 dollar (3,1%) artaraq bir barel üçün 67,45 dollar təşkil edib.

Bir gün əvvəl İran prezidenti Məsud Pezeşkian MAQATE ilə əməkdaşlığı dayandıran qanunu imzalayıb. Sənəddə, xüsusilə, “nüvə sahəsində milli təhlükəsizlik təmin olunana qədər” MAQATE müfəttişlərinin İrana girişinə qadağa qoyulması təklif edilir.

Tehranın qərarını şərh edən İsrailin xarici işlər naziri Gideon Saar Almaniya, Fransa və Böyük Britaniyanı İrana qarşı sanksiyaları bərpa etməyə çağırıb.

Çərşənbə günü neft üçün daha bir müsbət amil ABŞ və Vyetnam arasında ticarət sazişinin bağlanması xəbəri olub ki, ona əsasən, Vyetnam mallarının ABŞ-a idxalına rüsum 20%, Amerika məhsullarının Vyetnama idxalına rüsum isə sıfır olacaq.

Bu arada neft bazarının iştirakçıları gələn həftəsonu baş tutacaq növbəti OPEC+ görüşünü gözləyirlər. Qərb mediası xəbər verir ki, səkkiz ölkə (Səudiyyə Ərəbistanı, Rusiya, İraq, BƏƏ, Əlcəzair, Küveyt, Qazaxıstan və Oman) əvvəlki üç ayda olduğu kimi, avqust ayında da hasilat kvotalarının sutkada 411 min barel daha artırılması imkanını nəzərdən keçirməyə hazırdır.

Chosen
41
11
banco.az

10Sources