EN

Qırğızıstan Prezidenti də Xankəndiyə gedəcək

Qırğızıstan Prezidenti Sadır Japarov iyulun 3-də Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci sammitində iştirak etmək üçün iki günlük işgüzar səfərə gələcək.

Demokrat.az Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə informasiyanı Qırğızıstan Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Sağınbek Abdumutalib yayıb.

Onun sözlərinə görə, sammitin mövzusu “Etibarlı və iqlim baxımından dayanıqlı gələcək üçün İƏT-nin yeni baxışı” olacaq.

“Sammit çərçivəsində tərəflər təşkilatın gündəliyində duran aktual məsələləri, o cümlədən iqlim dəyişikliyinin qarşısının alınması məqsədilə üzv dövlətlər tərəfindən görülən tədbirləri müzakirə edəcəklər”, – deyə Abdumutalib qeyd edib.

Səfər çərçivəsində Sadır Japarovun iştirakı ilə Qırğızıstan tərəfindən inşa edilən Ağdam rayonundakı “Aykol Manas” məktəbinin rəsmi açılışı da keçiriləcək.

Qeyd edək ki, Xankəndidə keçiriləcək sammitdə təşkilata üzv dövlətlərin – Əfqanıstan, Azərbaycan, İran, Pakistan, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Türkiyə və Türkmənistanın dövlət və hökumət başçıları iştirak edəcəklər.
Chosen
4
15
demokrat.az

10Sources