EN

Boğulma hallarının qarşısı necə alınmalıdır?

ain.az, Sfera.az portalına istinadən məlumat verir.

İsti yay günlərində vətəndaşların çimərliklərə axını artmaqda davam edir. Lakin dənizdə ehtiyatsız davranışlar bir çox hallarda faciə ilə nəticələnir. İyun ayı ərzində Azərbaycanda çimərliklərdə baş verən boğulma hadisələri ilə bağlı ciddi statistika qeydə alınıb.

Sfera.az-a TƏBİB-dən verilən məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yalnız Bakı şəhəri üzrə 6 boğulma hadisəsi ilə bağlı çağırış daxil olub.  İyun ayı ərzində ümumilikdə 6 nəfər – 3-ü Bakıda, 3-ü bölgələrdə olmaqla həyatını itirib. Hadisələrdən biri isə azyaşlı ilə bağlı olub və onunla bağlı tibbi müdaxilə nəticəsində həyatının xilas edildiyi bildirilir.

Bəs boğulma hallarının səbəbləri nələrdir?

Mütəxəssislərin fikrincə, boğulma hallarının əsas səbəbləri  yalnız üzmə bacarığı olmayan şəxslərin açıq sularda dərinliyə getməsi, içkili halda dənizə daxil olunması, qeyri-rəsmi və təhlükəsiz çimərliklərdən istifadə, havanın küləkli və dalğalı olması və uşaqların valideyn nəzarəti olmadan suda olmasıdır.

Bəzi hallarda isə şəxslər epilepsiya və ya ürək-damar xəstəliklərindən əziyyət çəkdiyi halda suda vəziyyəti pisləşir və bu da boğulma ilə nəticələnir.

Boğulma hallarının qarşısı necə alınmalıdır?

Məsuliyyətli davranış və qabaqlayıcı tədbirlər bir çox faciənin qarşısını ala bilər. TƏBİB-in və FHN-in tövsiyələrinə əsasən, çimərlik mövsümündə bəzi qaydalara ciddi əməl olunmalıdır. Belə ki, yalnız rəsmi və nəzarət olunan çimərliklərdə dənizə girmək, spirtli içki qəbul etdikdən sonra suda olmaqdan çəkinmək, üzmə bacarığı olmayan şəxslərin dərinliyə getməməsi, uşaqların daim böyüklərin nəzarətində olması, hava şəraitinə diqqət yetirmək, dalğalı və təhlükəli havalarda çimərliyə getməmək, hər hansı sağlamlıq problemi olan şəxslərin dənizə girməzdən əvvəl həkimlə məsləhətləşməsi və xilasedici vasitələrdən (üzmə gödəkçəsi, xilas halqası və s.) istifadə etmək boğulma hallarının qarşısını ala bilər.

Qeyd edək ki, hər il yay mövsümündə boğulma halları ilə bağlı ölkədə onlarla insan həyatını itirir. Bu səbəbdən məsuliyyətli davranış, maarifləndirmə tədbirləri və dövlət nəzarətinin gücləndirilməsi həyati əhəmiyyət daşıyır.

Firuzə Əliyeva

Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
28
6
sfera.az

10Sources