EN

BP nin istedadlı gənclər üçün ingilis dili layihəsi

Xalq qazeti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

BP şirkəti Azərbaycanda icra etdiyi neft-qaz layihələrindəki tərəfdaşları adından Bakıda və ətraf ərazilərdə ingilis dilini öyrənən istedadlı gəncləri dəstəkləməyə yönəlmiş yeni bir təhsil layihəsini uğurla başa çatdırıb.

BP və tərəfdaşlarının Azərbaycanda təhsilin və gənclərin inkişafına davamlı dəstək vermək öhdəliyinin bir hissəsi olan layihə yüksək keyfiyyətli və intensiv ingilis dili tədrisindən istifadə imkanı olmayan ailələrin uşaqları ilə yanaşı, bu sahədə yüksək akademik göstəricilərə malik şagirdlər üçün nəzərdə tutulub.

BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Misli görünməmiş qlobal dəyişikliklər və sürətli rəqəmsallaşma dövründə ingilis dili rəqəmsal dünyada düzgün istiqamət almaq, dəyişən şəraitə və proseslərə uyğunlaşmaq üçün vacib vasitəyə çevrilib. İngilis dili öyrənən istedadlı Azərbaycan gənclərinin daha əminliklə bu transformasiya ilə ayaqlaşmasına və məktəb proqramlarının qoyduğu bünövrənin üzərinə yeni bilik bazası əlavə edə bilməsinə dəstək verməkdən məmnunluq duyuruq. Ümid edirik ki, öyrəndikləri biliklər onların gələcək elmi və ixtisas uğurları üçün möhkəm zəmin yaradacaq, eləcə də onların qlobal imkanlardan daha dolğun faydalanmaq və öz cəmiyyətlərinə dəyərli töhfələr vermək bacarıqlarını gücləndirəcək.”

Qeyd edək ki, proqram vasitəsilə 2024-2025-ci tədris ili ərzində 6-17 yaş arası 60 şagirdə əyani ingilis dili dərsləri təqdim edilib. Dərslər 6-10 yaşlı uşaqlar üçün “Primary Plus” və 11-17 yaşlılar üçün “Secondary Plus” proqramları əsasında keçirilib. Müvafiq kurs səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə 8-17 yaşlı şagirdlər üçün onlayn qiymətləndirmə əsasında seçim və yerləşdirmə aparılıb. 6-7 yaşlı uşaqlar isə yaşlarına əsasən yerləşdiriliblər. Proqram çərçivəsində hər dərs 90 dəqiqə olmaqla, ümumilikdə, 32 həftə ərzində 96 saatlıq tədris həyata keçirilib. Layihə dövründə bütün iştirakçılara 2025-ci ilin fevral və iyun aylarında öz irəliləyişləri ilə bağlı hesabatlar təqdim olunub. Kursu uğurla bitirən iştirakçılara sertifikatlar verilib.

“British Council” təşkilatının icraçısı olan layihənin ümumi dəyəri, şagirdlərin seçilməsi və yerləşdirilməsi testləri, qeydiyyat, dərs materialları və 96 saatlıq ingilis dili kursunun tam keçirilməsi xərcləri daxil olmaqla, 99 min 153 manat (təxminən 58 min 325 ABŞ dolları) təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
7
4
xalqqazeti.az

6Sources