EN

TDT-nin güclənməsində Azərbaycan və Özbəkistanın əhəmiyyətli rolu var - RƏY

Azərbaycanla bir sıra dost ölkələr, o cümlədən Özbəkistan ilə münasibətlərin daha da dərinləşməsi xüsusi aktuallıq kəsb edir.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

"Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə dövlət səfəri, şübhəsiz ki, strateji və tarixi əhəmiyyətə malikdir. Hər iki xalq türkdilli dünyaya mənsubdur və ortaq dil, din, adət-ənənə və dəyərlərə malikdir", - deputat vurğulayıb.

Onun sözlərinə görə, Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri bu yüksək səviyyəli münasibətlərin davamlı inkişaf etdiyini bir daha təsdiqləyir:

"Səfər çərçivəsində həyata keçirilmiş tədbirlər, Bakıda “Özbəkistan” parkının təməlqoyma mərasimi, Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni inzibati binasının açılışı və çoxsaylı əməkdaşlıq sənədlərinin imzalanması bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Sevindirici haldır ki, imzalanan sənədlər sırasında qanunverici orqanda təmsil etdiyim şəhərlə bağlı çox önəmli sənəd – “Sumqayıt şəhəri ilə Özbəkistanın Daşkənd vilayəti arasında qardaşlaşma münasibətlərinin qurulması haqqında Protokol” da yer alıb".

Səbinə Salmanova
Səbinə Salmanova

Deputat qeyd edib ki, Sumqayıt və Daşkənd şəhərləri sənaye potensialı, innovasiya imkanları və gənc əhalisi baxımından ortaq xüsusiyyətlərə malikdir: "Bu baxımdan protokolun imzalanması ticarət, sənaye, təhsil, ekologiya, mədəniyyət və sosial layihələr üzrə çoxşaxəli əməkdaşlıq üçün geniş imkanlar açacaq. Həmçinin, şəhərlərarası diplomatiya vasitəsilə xalqlarımızın yaxınlaşmasına töhfə verəcək".

Parlamentari onu da vurğulayıb ki, Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatının gücləndirilməsində də aparıcı rola malikdir.

"Hər iki dövlət Türk dünyasının birliyi, ortaq iqtisadi məkanın formalaşdırılması, mədəni-mənəvi dəyərlərin qorunması və yeni əməkdaşlıq formatlarının yaradılması istiqamətində fəal təşəbbüslərlə çıxış edir. Son illərdə Azərbaycan–Özbəkistan əlaqələrinin yüksələn xətlə inkişafı göstərir ki, bu əməkdaşlıq təkcə iki dövlətin deyil, bütün Türk dünyasının gələcəyi üçün strateji resursa çevrilməkdədir.

Əminik ki, xalqlarımızı birləşdirən ortaq dəyərlər, qarşılıqlı hörmət və siyasi iradə Azərbaycan və Özbəkistanın gələcəkdə də bütün sahələrdə uğurlu əməkdaşlığını təmin edəcək. Bu münasibətlər xalqlarımızın rifahına, regionda sülhə, sabitliyə və inkişaf proseslərinə xidmət edəcək", - millət vəkili qeyd edib.

Chosen
14
50
report.az

10Sources