EN

Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri strateji və tarixi əhəmiyyətə malikdir - ŞƏRH

Bakı, 3 iyul, AZƏRTAC

Bu gün Azərbaycan qarşıya qoyduğu strateji hədəflərə ardıcıl şəkildə nail olaraq, regionun əsas aparıcı aktorlarından birinə çevrilib. Cənubi Qafqazda sabitliyin və inkişafın təmin olunmasında mühüm rol oynayan ölkəmiz, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təminində də etibarlı tərəfdaş kimi tanınır. Müstəqil daxili və xarici siyasət kursu, regional təşəbbüsləri, sülh və əməkdaşlığa verdiyi töhfələr sayəsində Azərbaycan beynəlxalq aləmdə nüfuzunu getdikcə artırır. 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni geosiyasi reallıqlar Azərbaycanı Şərq-Qərb əməkdaşlığının əsas qovşaqlarından birinə çevirib. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı enerji, nəqliyyat və logistika layihələri təkcə Azərbaycanın deyil, bütün regionun sabitliyi, inkişafı və rifahı üçün strateji əhəmiyyət daşıyır. Bu kontekstdə Azərbaycanın bir sıra dost ölkələr, xüsusilə də qardaş Mərkəzi Asiya dövlətləri, o cümlədən Özbəkistanla münasibətlərinin daha da dərinləşməsi xüsusi aktuallıq kəsb edir. Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə dövlət səfəri, şübhəsiz ki, strateji və tarixi əhəmiyyətə malikdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.

O bildirib ki, Azərbaycanla Özbəkistanı yalnız ortaq maraqlar deyil, həm də dərin tarixi, mədəni və mənəvi bağlar birləşdirir: “Hər iki xalq Türk dünyasına mənsubdur, ortaq dil, din, adət-ənənə və dəyərlərə malikdir. Bu amillər göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri təkcə diplomatik deyil, həm də qardaşlıq və strateji müttəfiqlik xarakteri daşıyır. Son illərdə bu münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin 2004-cü il martın 23-24-də Özbəkistana dövlət səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə”, 2022-ci il iyunun 21-də imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”, eləcə də, 2024-ci ilin avqustun 23-də imzalanmış “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” ikitərəfli əməkdaşlığın hüquqi bazasını gücləndirib. Bu mühüm sənədlərdən sonra ölkələrimiz arasında siyasi dialoq intensivləşib, iqtisadi əlaqələr genişlənib, mədəni-humanitar əməkdaşlıq yeni dinamika qazanıb. Azərbaycan və Özbəkistan beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini daim dəstəkləyir, qlobal və regional miqyasda ortaq mövqe nümayiş etdirir”.

Səbinə Salmanova vurğulayıb ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri yüksək səviyyəli münasibətlərin davamlı inkişaf etdiyini bir daha təsdiqləyir: “Səfər çərçivəsində həyata keçirilmiş tədbirlər - Bakıda “Özbəkistan” parkının təməlqoyma mərasimi, Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni inzibati binasının açılışı və çoxsaylı əməkdaşlıq sənədlərinin imzalanması bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Sevindirici haldır ki, imzalanan sənədlər sırasında qanunverici orqanda təmsil etdiyim şəhərlə bağlı çox önəmli sənəd – “Sumqayıt şəhəri ilə Özbəkistanın Daşkənd vilayəti arasında qardaşlaşma münasibətlərinin qurulması haqqında Protokol” da yer alıb. Qeyd edim ki, Sumqayıt və Daşkənd şəhərləri sənaye potensialı, innovasiya imkanları və gənc əhalisi baxımından ortaq xüsusiyyətlərə malikdir. Bu baxımdan protokolun imzalanması ticarət, sənaye, təhsil, ekologiya, mədəniyyət və sosial layihələr üzrə çoxşaxəli əməkdaşlıq üçün geniş imkanlar açacaq. Həmçinin şəhərlərarası diplomatiya vasitəsilə xalqlarımızın yaxınlaşmasına töhfə verəcək”.

Deputat qeyd edib ki, Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatının gücləndirilməsində də aparıcı rola malikdir: “Hər iki dövlət Türk dünyasının birliyi, ortaq iqtisadi məkanın formalaşdırılması, mədəni-mənəvi dəyərlərin qorunması və yeni əməkdaşlıq formatlarının yaradılması istiqamətində fəal təşəbbüslərlə çıxış edir. Son illərdə Azərbaycan - Özbəkistan əlaqələrinin yüksələn xətlə inkişafı göstərir ki, bu əməkdaşlıq təkcə iki dövlətin deyil, bütün Türk dünyasının gələcəyi üçün strateji resursa çevrilməkdədir. Əminik ki, xalqlarımızı birləşdirən ortaq dəyərlər, qarşılıqlı hörmət və siyasi iradə Azərbaycan və Özbəkistanın gələcəkdə də bütün sahələrdə uğurlu əməkdaşlığını təmin edəcək. Bu münasibətlər xalqlarımızın rifahına, regionda sülhə, sabitliyə və inkişaf proseslərinə xidmət edəcək”.

Chosen
14
50
azertag.az

10Sources