ABŞ və Ukrayna nümayəndələri prezidentlər Donald Tramp və Vladimir Zelenski arasında telefon danışığı hazırlayır. Danışıq bu yaxınlarda baş tutacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Politico” öz mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, tərəflər danışıqları iyulun 1-də planlaşdırmağa başlayıblar. Məhz o zaman Amerikadan bəzi silahların Ukraynaya çatdırılmasının dayandırılması ilə bağlı xəbərlər yayılmağa başlayıb. Mənbələr iddia edir ki, nə Kiyev, nə də Brüssel belə bir qərarla bağlı əvvəlcədən xəbərdarlıq almayıb və dəqiq səbəbləri bilmirlər.
ABŞ konqresmeninin adının açıqlanmasını istəməyən köməkçisi “Politico”ya deyib ki, Ukrayna silah ehtiyatlarının, xüsusilə hava hücumundan müdafiə sistemlərinin, uzaqmənzilli raketlərin və mərmilərin daim yenilənməsinə “çox ehtiyac duyur”. Başqa bir mənbə, avropalı diplomat vurğulayıb ki, Vaşinqton hələ də Kiyevə hərbi yardımı öz prioriteti hesab edir.
“Birləşmiş Ştatlar hələ də Ukraynanın müdafiəsini ən yaxşı şəkildə necə dəstəkləyəcəyini anlamağa çalışır”, - o əlavə edib.
Dövlət Departamentinin sözçüsü Tammy Bruce dünən bildirib ki, zenit raketləri və bəzi digər növ raketlər istisna olmaqla, Vaşinqton Kiyevə hərbi yardımı davam etdirəcək. Onun sözlərinə görə, ABŞ bu barədə Ukraynaya xəbərdarlıq edib. “Politico” mənbələri Pentaqonun tədarükün dayandırılması qərarının bəzi silah ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlarla bağlı olduğunu deyir.