EN

Media: ABŞ-ın müttəfiqləri Kiyevə silah tədarükünün dayandırılmasından xəbərsiz olublar

Bakı, 3 iyul, AZƏRTAC

Pentaqonun Ukraynaya bəzi silah növlərinin tədarükünü dayandırmaq qərarı “yüksəkvəzifəli respublikaçıları və Avropanın bəzi rəsmilərini təəccübləndirib”.

AZƏRTAC xəbər verir ki, “Politico” nəşri bu barədə mənbələrinə istinadla məlumat yayıb.

Nəşrin həmsöhbətləri bildiriblər ki, Pentaqon ABŞ Dövlət Departamentinin bəzi rəsmilərinə, həmçinin konqresmenlərə qərarla bağlı məlumat verməyib.

Adının açıqlanmasını istəməyən digər avropalı mənbə də bu qərarın Dövlət Departamenti ilə razılaşdırılmadığını iddia edib. Onun sözlərinə görə, Pentaqon ABŞ-ın Kiyevdəki səfirliyi və ya Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla məsləhətləşmədən bu addımı atıb. Həmçinin nə Ukrayna Prezidenti Volodimir Zelenskinin, nə də Avropa İttifaqının rəhbərliyinin bundan xəbəri olmayıb.

Ağ ev isə amerikalı və avropalı rəsmilərin Kiyevə silah tədarükündəki fasilədən xəbərsiz olduqları barədə məlumatları təkzib edib.

Bir müddət öncə “The New York Times” qəzeti “Patriot” hava hücumundan müdafiə sistemləri üçün sursatların, GMLRS yüksək dəqiqlikli mərmilərin, idarə olunan “Hellfire” raketlərinin, “Stinger” daşına bilən sistemlərin və bir sıra digər silahların Ukraynaya tədarükünün dayandırılacağını yazmışdı. Ekspertlər bunu ABŞ-ın silah anbarlarında sursat çatışmazlığı ilə bağlı narahatlıqla izah edirlər.

Chosen
7
23
azertag.az

10Sources