EN

Trampın sülh selfisi: Nobel arzusu və Rusiya Ukrayna reallığı

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Dünya son aylarda silsilə lokal qarşıdurmaların və qısamüddətli müharibələrin şahidi oldu. İstər Qəzza zolağında baş verənlər, istər Hindistan-Pakistan münaqişəsi, istər Cənubi Qafqazda Fransa-Ermənistan cütlüyünün təxribatları, istərsə də İran-İsrail müharibəsi geniş əks-səda doğurdu.

Bütün bunların fonunda diqqəti çəkən bir məqam da ABŞ Prezidenti Donald Trampın səhnəyə çıxaraq sülhməramlı mövqeyini ortaya qoyub, Nobel Sülh Mükafatına namizədliyini irəli sürməsi oldu. Maraqlıdır ki, Tramp hələ prezidentliyə namizəd olduğu dönəmdə dəfələrlə deyirdi ki, "əgər mən olsaydım, Rusiya-Ukrayna müharibəsi heç başlamazdı". Bu fikri mütəmadi olaraq təkrarlayan Ağ Ev rəhbəri sülh prosesinə gah "24 saat içində son qoyacağını", gah bir il ərzində müharibəni bitirəcəyini, gah da 10 günə sözügedən böhranı aradan qaldıracağını iddia etsə də, məqsədinə nail ola bilmədi.

Bu baxımdan, son günlər Trampın hətta prosesdən əlini üzməsi də aktuallaşıb. Çünki görünən budur ki, ABŞ prezidenti son aylarda daha lokal və qısamüddətli qarşıdurmalarla bağlı daha çox fəallaşıb. Sanki daha asan həll edilə biləcək münaqişələrdə sülh yaratmaqla "sülh mükafatı" qazanmaq da daha asandır.

Yeni strategiya: Asan hədəflər, yüksək dividendlər

Tramp Nobel Sülh Mükafatını almaq arzusunu gizlətmir. Bu baxımdan, o, daha sürətli effekt verə biləcək lokal qarşıdurmalar üzərində özünü "vasitəçi" kimi təqdim edir. Bu yanaşma, əsasən, üç sütuna dayanır: Qısa müddətdə uğur effekti, yəni uzunmüddətli diplomatik proseslər yox, tez nəticə verən regionlara fokuslanma; mediada təbliğat; Nobel mükafatı daxildə dəstəyi artırmaq üçün siyasi kapital rolunu oynayır.

Nobel yolunda Tramp kimə sülh gətirəcək?

Hazırkı dünya düzənində sülhə ehtiyac heç vaxt bu qədər çox olmayıb. Amma bu sülh sadəcə sözlə deyil, məsuliyyətlə qurulmalıdır. Bəlkə də, Tramp Nobel Sülh Mükafatı alacaq, amma bu yolun səmimiyyətlə, yoxsa strategiya ilə reallaşacağını tarix göstərəcək.

Bütün bunların arasında böyük bir sükut var: Rusiya-Ukrayna müharibəsi. Dünyanın ən qanlı və davamlı müharibəsi ilə bağlı Tramp nəinki sülh yarada bildi, əksinə, bu məsələdə passiv mövqeyinə görə tənqid olunur.

Rusiya-Ukrayna münaqişəsi, sadəcə, liderlərarası təmasla yox, geosiyasi balans, enerji siyasəti, NATO və Avropa təhlükəsizlik mexanizmləri kimi daha mürəkkəb faktorlara bağlıdır. Bu, sosial şəbəkə bəyanatları ilə deyil, real diplomatiya ilə həll olunur. Belə çıxır ki, böyük və uzunmüddətli münaqişələrdə uğur qazana bilmirsənsə, daha qısa, regional və tez səngiyən qarşıdurmaları öz adına çıxmaqla mükafat yolunu qısaltmaq da mümkündür.

Bir sözlə, Rusiya-Ukrayna müharibəsi Trampın gündəliyində ona görə əvvəlki kimi yer tutmur ki, o artıq bu müharibədən siyasi dividend əldə edə bilmədiyini anlayıb. Yəni Tramp üçün Rusiya-Ukrayna müharibəsi artıq "qazana bilmədiyi savaş", Nobel isə "qazanmaq istədiyi mükafat"dır. Ona görə də o, daha "asan görünən sülhlərin" arxasınca düşüb.

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
50
oxu.az

10Sources